Ümumi məlumat

İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.

Ölkədə səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməklə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və icbari tibbi sığorta sisteminin tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

Hazırda icbari tibbi sığortanın 1829 tibbi xidməti əhatə edən baza zərfi əsasında Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihə həyata keçirilir. Gələcəkdə isə icbari tibbi sığortanın mərhələli şəkildə bütün ölkə üzrə tətbiq edilməsi planlaşdırılır.

İcbari Tibbi Sığortanın baza (əsas xidmətlər) zərfi ilə əhatə olunmayan 1186 xidmət daxil olan istisnalar zərfi var. Bu xidmətləri əldə etmək üçün vətəndaşlar rəsmi qaydada ödəniş aparmalıdırlar.

İcbari tibbi sığortadan kimlər faydalana bilər?

Pilot layihənin icra olunduğu ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda rəsmi qeydiyyatda olan bütün vətəndaşlar və bu ərazilərdə məskunlaşmış qaçqınlar və məcburi köçkünlər icbari tibbi sığortadan faydalanmaq hüququna malikdirlər.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar hansı xidmətləri əldə edə bilər?

  • Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);
  • İlkin səhiyyə (ailə həkimi) xidməti;
  • Ambulator şəraitdə müayinə və müalicə;
  • Stasionar müalicə;
  • Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.);
  • Fizioterapevtik xidmətlər;
  • Laborator müayinələr;
  • Hamiləlik və doğuş xidməti;
  • Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.);
  • Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;
  • Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.);
  • Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.

Vətəndaşlar icbari tibbi sığorta haqqında nələri bilməlidir?

  • İcbari tibbi sığorta müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni formasıdır;
  • Bu sistemin, sonradan genişləndirilə biləcək baza (əsas xidmətlər) zərfi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

İcbari tibbi sığortanın tətbiqi əhalinin sağlamlıq səviyyəsinə necə təsir göstərir?

  • Xəstəliklərin erkən mərhələdə aşkar edilməsi ilə daha ağır mərhələyə keçidinin qarşısı alınır;
  • Ən ucqar kəndlərdə belə yaşayan əhali keyfiyyətli tibbi xidmətlərlə təmin olunur;
  • İnfeksion və digər xəstəliklərin səmərəli profilaktikası təşkil edilib.