27 Dekabr 2017

Avropa İttifaqının “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin açılış mərasimi keçirilib

“İcbari tibbi sığorta sisteminin bütün dünyada qəbul edilmiş fəaliyyət prinsipi ondan ibarətdir ki, iqtisadi cəhətdən fəal əhali sığorta haqqını ödəyirlər, qeyri-iqtisadi fəal əhalinin sığorta haqqını isə dövlət ödəyir. Toplanan sığorta haqları icbari tibbi sığortanın tətbiqini həyata keçirən qurumun hesabına yığılır və orada cəmlənən həmin vəsaitdən xəstəliyi olanlar istifadə etməklə müalicə ala bilir və həmin qayda ilə adamlar bir-birlərinə qarşılıqlı yardım etmiş olurlar. Yəni, əhalinin işləyən, gəliri olan qrupu bəzi həssas qrupa dəstək olur.

Təklifimiz budur ki, aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr və bu kimi əhali qrupları icbari tibbi sığorta ödənişlərindən azad edilsin. Bu da o deməkdir ki, heç kəs tibbi müayinələrdən keçməkdən çəkinməyəcək və bir-birinə yardım etmək ənənəsi daha da güclənəcək, pulsuzluq, maddi çətinlik onların sağlamlıqlarının qayğısına qalmasına mane ola bilməyəcək. Bütün bunların nəticəsində sağlam nəsil formalaşacaq”.

AZƏRTAC xəbər verir ki, bu sözlər Avropa Qonşuluq Siyasəti çərçivəsində icbari tibbi sığorta sahəsi üzrə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa İttifaqının bu sahədə mövcud təcrübəsinə uyğunlaşdırılması məqsədilə "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsinin açılış mərasimində çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevə məxsusdur. Onun dediyinə görə, hazırda həmin layihənin həyata keçirildiyi Mingəçevir şəhərində və Yevlax rayonunda rəsmi qeydiyyatda olanlara baza zərfinə daxil olan 1829 tibbi xidmət pulsuz göstərilir. Təkcə bunu göstərmək kifayətdir ki, baza zərfi bütün mövcud tibbi xidmətlərin 70 faizini əhatə edir. Yaşayış yeri üzrə pilot ərazilərdə qeydiyyata alınmış sığortaolunanların ödənişsiz tibbi xidmətlə təmin edilməsi 100 faizə çatdırılıb. Ambulator xidmətlərin 19 faiz artması da uğurlar sırasındadır.

Direktorun verdiyi məlumata görə, layihə Azərbaycanda səhiyyə sisteminin maliyyələşdirilməsi prosesinin təkmilləşməsinə xidmət edəcək: “Layihənin məqsədi icbari tibbi sığorta haqlarının yığılması, səhiyyə xidmətlərinin satın alınması ilə səhiyyə xərclərinin planlaşdırılması, icrası və monitorinqinin aparılmasında institusional potensialının gücləndirilməsidir”.

Layihənin açılış mərasimində Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev çıxışında bildirib ki, Fransada və Litvada qabaqcıl tibbi sığorta agentlikləri fəaliyyət göstərir. Qeyd olunub ki, Fransa icbari tibbi sığortaya XX əsrin ortalarında, Latviya isə 20 il əvvəl keçib və hər iki ölkənin təcrübəsində öyrənilməli cəhətlər çoxdur. Ona görə də ümid etməyə dəyər ki, qarşıdakı iki il ərzində həmin ölkələrlə əməkdaşlıq bu sahədə çox faydalı olacaqdır.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından danışan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskasın fikrincə, təqdim olunan tvinninq layihəsi Azərbaycanın icbari tibbi sığorta ilə bağlı həyata keçirdiyi islahatlara dəstək verəcəkdir.

Nazirlər Kabinetinin humanitar və sosial məsələlər üzrə şöbə müdiri Musa Ələkbərov icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsi sisteminin iqtisadi səmərəlilik baxımından daha optimal yollarının axtarılıb tapılmasına yardımçı olacağını, Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva icbari tibbi sığortanın həyata keçirilməsi əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına, tibb işçilərinin maddi rifahının yaxşılaşdırılmasına, pilot layihənin nəticələrinin təhlili əsasında səhiyyə sistemində yeni maliyyələşmə mexanizminin tətbiq olunması ölkədə səhiyyənin inkişafına zəmin yaradacağına əminliyini söyləyib.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov icbari tibbi sığortanın icrası sahəsində görülən işlər barədə məlumat verib.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez və Litva səfirliyinin rəhbərinin müavini Daliya İqnataviçiute isə Azərbaycanın onların ölkələri ilə bu sahədə əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər və həmin əlaqələrin genişləndirilməsi üçün mümkün olan bütün səyləri göstərəcəklərini söyləyiblər.

Açılış nitqlərindən sonra üzv dövlətlər və benefisiar dövlət tərəfdən olan layihə rəhbərləri Mişel Villak və Aysel İbayeva layihənin məqsədi, fəaliyyətləri və gözləntiləri barədə çıxış ediblər. Onlar layihənin həyata keçirildiyi müddətdə üç əsas nəticəyə-icbari tibbi sığortanın tətbiqi üçün hüquqi, maliyyə əsaslarının yaradılmasına və informasiya texnologiyaları çərçivəsinin inkişaf etdirilməsinə nail olunacağını vurğulayıblar.

Layihənin panel sessiyasında üzv və benefisiar dövlətlərdən olan Andrey Tretyak, Mindauqas Strimskix və Klara Leymoni layihənin icrası prosesi, gözlənilən çətinliklər, ölkəmizin səhiyyə sahəsində mövcud siyasəti, aparılan islahatlar və icbari tibbi sığortanın pilot layihəsi barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, bu il avqustun 20-də icrasına başlanılan layihə 2019-cu ilin avqustunadək davam edəcək.