19 Oktyabr 2018

İcari tibbi sığorta ilə dəyişən həyat

“Durduğum yerdə sümüklərim sınırdı. 9 ayda düz 153 dəfə sümüyüm qırılıb. Hər dəfə də eyni yerdən, əsirlikdə işgəncə verib, sındırdıqları hissədən... Dağlıq Qarabağ uğrunda müharibədən, əsirlik həyatından sonra “qazandım” bu xəstəliyi... Əsirlikdən azad olunandan sonra özü-özünə sınan sümüklərimin ağrısından az qala yeri cırmaqlayırdım. Ağrının necə dözülməz olduğunu sözlə ifadə etmək çətindir. Düzdür, indi də sınır sümüklərim... Amma əvvəlki kimi ağrı vermir. Qırılandan bir az sonra bərpa olunur... Bu gün sizinlə belə rahat söhbət edə, müsahibə verə bilirəmsə, bu mənə yenidən həyat verən icbari tibbi sığortanın şəhərimizdə tətbiqi sayəsindədir”.

ddddddddddd.jpg

O danışdıqca içimdəki hıçqırığı zorla boğuram. Amma yenə də 1-ci qrup əlil İlham Həmidovun 3 il 6 aylıq əsirlik həyatının ona qazandırdığı bu dəhşətli xəstəliklə bağlı söylədiklərinə təmkinlə qulaq asıram. Deyir ki, dərdinə çarə tapmaq üçün döymədiyi qapı qalmayıb, nəhayət əlacını Mingəçevir Şəhər Xəstəxanasında tapıb. İlham əsirlikdən və ona verilən işgəncələrdən xilas olsa da, osteoporoz, kəllə-beyin travması, kimi ağır xəstəliklərin əlində əsir olub ... Çox yerə müraciət etsə də, nəticəsini görməyib. Nəhayət, Mingəçevirdə icbari tibbi sığortanın pilot layihəsinin fəaliyyətə başlamasından sonra 1-ci qrup əlil İlham Həmidovun müalicəsində vacib olan, 650 manat dəyərindəki dərman preparatı xaricdən alınaraq xəstəyə vurulub: “Dərman qırılan sümüklərimin bərpasına kömək edir. İldə bir dəfə bu dərman mənə vurulmasa, sümüklərim birləşməz. Artıq iki dəfə inyeksiya yolu ilə o dərmanı mənə vurublar”.

İlham Həmidovun sözlərinə görə, Mingəçevirdə icbari tibbi sığorta tətbiq olunmasaydı, indi hansı vəziyyətdə olacağını təsəvvür belə etmir: “Özümü yenidən həyata qayıtmış kimi hiss edirəm... İndi xəstəxanada başqa xəstəliyimə görə yatıram. Sağ olsun həkimlər, tibb bacıları, başıma pərvanə kimi dolanırlar. Bir qəpik ödəmədən içi mən qarışıq şəhər sakinlərinin hamısı pulsuz tibbi xidmət alır”.

uiuu.jpg

Bakıdan Mingəçevirə yola düşməkdə məqsədim icbari tibbi sığortanın bu şəhərdə insanların həyatına təsirini yerində araşdırmaq olduğundan, xəstəxanaya üz tutan sakinlərlə daha çox həmsöhbət olub ölkə boyu tətbiqini səbirsizliklə gözlədiyimiz icbari tibbi sığortanın fayda verib-vermədiyini onların özündən öyrənməyə can atırdım. Elə bu fikirlə xəstəxananın 3-cü mərtəbəsindən aşağı enəndə qarşıma icbari tibbi sığortadan faydalanan daha bir sakin çıxır. 63 yaşlı Nuraləm Əsgərov deyir ki, ürəyi bir neçə ildir sözünə baxmırdı. Təcili açıq əməliyyat tələb olunsa da, maddi imkansızlıq səbəbindən bunu gerçəkləşdirmək mümkün olmurdu: “Təqaüdçü adamam, bu da bahalı əməliyyatdı. Yaşamaqdan ümidimi üzmüşdüm. Xəstəxanamızda icbari tibbi sığorta tətbiq olunanda mən də müraciət etdim. Ötən ayın 27-də məni təmənnasız əməliyyat etdilər. Bu əməliyyatı keçirməsəydim, infakt olma riskim böyük idi”.

uyu.jpg

Xəstəxanada həmsöhbət olduğumuz Sədaqət Heydərova isə şəhərdə icbari tibbi sığortanın tətbiqinin səhiyyə xidmətinin keyfiyyətində müsbət dönüş yaratdığını bildirdi: “İndi bir yerimiz ağrıyan kimi buradayıq. Pulsuz “emar” (MRT) aparatından, analizlərdən keçirik".

uyuy.jpg

Hər yenilik çatışmazlıqlardan xali olmadığı kimi, icbari tibbi sığortanın tətbiqində də bəzi problemlər müşahidə olunur. Problem daha çox xəstəxanada yaranan uzun növbələrlə bağlıdır. Xəstəxanaya səhər tezdən gələn Mingəçevir sakini Səidə Xəlilova deyir ki, iki gündür rentgen müayinəsindən keçə bilmir: “İcbari tibbi sığortanın şəhərimizin xəstəxanasında tətbiq olunması xəbəri hamımızı sevindirir. Amma məsələn mən, iki gündür ki, rentgen müayinəsindən keçə bilmirəm. Çünki bu boyda xəstəxanada bir rentgen aparatı var. Stasionarda yatan xəstələrdən növbə çatmır ki, biz də müayinə olunub dərdimizi bilək. Şikayətimiz ondandır ki, xəstəxanaya əlavə rentgen aparatı qoyulsun. Bu qədər növbə gözləyən xəstələrin halını indi özünüz təsəvvür edin. Düzdür, bizi vaxtında qeydiyyata alırlar. Amma saatlarla, hətta günlərlə burada növbə gözləyirik”.

Qeyd edək ki, biz xəstəxanada olarkən rentgen kabineti qarşısında 20-dən çox xəstə növbə gözləyirdi. Xəstəxananın tibbi personalı bunu Mingəçevir Şəhər Xəstəxanasına ətraf rayon və kəndlərdən olan insan axını ilə əlaqələndirdilər. Xəstəxananın qəbul şöbəsindən öyrəndik ki, xəstələrin zəng edərək, yaxud da elektron yolla həkim qəbuluna yazılması mümkün deyil. Amma bu istiqamətdə iş aparılır...

Bu problem icbari tibbi sığortanın tətbiq olunduğu qonşu Türkiyə respublikasında da uzun illər əhalini narahat edib. Amma xidməti elektronlaşdırıldıqdan sonra məsələ ortadan qalxıb. İndi Türkiyədə icbari tibbi sığorta çərçivəsində xidmət almaq istəyən vətəndaşlar qısa telefon nömrəsinə və ya xüsusi internet saytına daxil olaraq həkimin qəbuluna yazıla bilir. Bu sistem Türkiyədə 2010-cu ildən pasiyentlərin ixtiyarındadır. Qurulan sistem vasitəsilə xəstələr sayta daxil olub getmək istədikləri xəstəxananı, poliklinikanı, qəbul vaxtını və həkimi seçirlər. Qəbul günü səhər tezdən onların telefonuna bu gün həkimə getməli olduqlarını xatırladan SMS də gəlir. Xəstələr tibb müəssisəsinə gedərək qeydiyyata düşür və cəmi bir neçə dəqiqə gözləməklə həkim müayinəsindən keçirlər.

Xəstəxanada yaranan növbələrə baxmayaraq, Mingəçevir sakinləri icbari tibbi sığortanın pilot şəkildə tətbiqinin tibbi xidmətin keyfiyyətində əhəmiyyətli dönüş yaratdığını söyləyirlər. Bu təcili və təxirəsalınmaz tibbi xidmət sahəsində də özünü göstərir. Şəhər sakini Sədaqət Ələsgərova deyir ki, indi təcili yardım maşını çağırışlara vaxtında gəlir, xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı həkimlərə yönləndirilir.

uyyyu.jpg

Xəstəxananın Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Məzahir Yusifov deyir ki, icbari tibbi sığortanın tətbiqindən sonra şöbədə triyaj sistemi ilə xəstələr çeşidlənir. Bizi şöbə ilə tanış edən M. Yusifov bildirdi ki, xəstələrə müşahidə otağında növbətçi mütəxəssislər tərəfindən baxıldıqdan sonra onlar şikayətlərindən asılı olaraq reanimasiya, kardiologiya və digər şöbələrə yönləndirilir.

Qeyd edək ki, Mingəçevirdə icbari tibbi sığorta ilə bağlı pilot layihənin tətbiqinə 2017-ci ilin fevral ayının 1-dən başlanılıb.

Mingəçevir Mərkəzi Şəhər Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Könül Ələkbərov bizimlə söhbətində bildirdi ki, 2017-ci ildə xəstəxanaya 319 min 181 nəfər müraciət edib: “Mingəçevirin 104 min əhalisinin olduğunu nəzərə alsaq, demək ki, şəhər əhalisinin hər biri ən azı 3 dəfə bu xəstəxanaya müraciət edib. Əvvəlki illərdə xəstəliklərin aşkarlanması halı heç 1 faiz də olmurdusa, sığorta tətbiq olunandan sonra, 2017-ci ildə bu rəqəm 6429-a çatdı”.

huy.jpg

K. Əkbərov icbari tibbi sığortanın tətbiqinin şəhər sakinləri arasında xəstəliklərin erkən aşkarlanmasına, bunun da ölüm hallarını azalmasına gətirib çıxartdığını söyləyir: “Ailə həkimləri ilə xəstələr mütəmadi təmasdadır. 1829 adda tibbi xidmət zərf paketinə daxildir. Xəstələr bu xidmətlər üzrə pulsuz müayinə və müalicə olunur. 2016-cı ildə xəstəxanada 4002 əməliyyat olmuşdusa, 2017-ci ildə 7 475 əməliyyat baş tutub. Bir il ərzində şəhər üzrə ölüm faktlarının sayı isə 571-dən 407-ə düşüb”.

K. Əkbərov xəstəxanada rentgen aparatı çatışmazlığına, yaranan növbələrə də aydınlıq gətirdi: “Növbələr əsasən səbəbsiz müraciətlərdən qaynaqlanır. Şəhərdə iki rentgen aparatı var. Onlardan biri Ailə Sağlamlıq Mərkəzindədir (ASM). Amma insanların çoxu bura axışır. Qaydaya görə şəhər sakinləri ASM-də həkim müayinəsindən keçməli, ehtiyac olarsa, Mərkəzi xəstəxanaya göndərilməlidir. Amma xəstə ASM-ə müraciət etmir. Cənab prezidentin fərmanında birbaşa azad olma məbləği nəzərdə tutulub. Bu məbləğ çox aşağı, 3 manat olduğundan, xəstələr onu ödəməklə ASM-ə getmədən Mərkəzi Xəstəxanada MRT və digər aparatlardan keçə bilirlər. Bu isə uzun növbələrin yaranmasına səbəb olur”.