23 Oktyabr 2018

İcbari tibbi sığorta sistemi əhalinin daha etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq

Bu sistemin tətbiqində məqsəd, həmçinin səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir
Son illər Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların həyata keçirilməsi mühüm Dövlət proqramlarının qəbul olunması, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu sahədə dövlət siyasətinin prioritetlərini təşkil edir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi də bu islahatların mühüm tərkib hissəsidir. Qeyd edək ki, bir neçə ildir ki, ölkəmizdə icbari tibbi sığorta sisteminə keçidlə bağlı Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu sistemin tətbiqi ilə əlaqədar Mingəçevir, Yevlax və Ağdaşda pilot layihələr həyata keçirilir.
Yeni maliyyələşmə metodlarının tətbiqi dövlət vəsaitlərinin daha ünvanlı və səmərəli istifadəsini təmin edəcək
Ümumiyyətlə, icbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. Hökumətin sosial siyasətinin yeni istiqaməti və səhiyyə sahəsində aparılan islahatların davamı olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulmasını təmin edəcək. Həmçinin əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq və səhiyyənin maliyyə potensialını gücləndirəcək. Agentlik səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli şəkildə əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəldilməsinə xidmət edəcək. İcbari tibbi sığorta səhiyyə sahəsinə ayrılan bütün vəsaitlərin vahid bir mənbədə cəmləşdirilməsini və əhalinin tibbi xidmətlərdən istifadə üçün çəkilən xərclərin bir mənbədən maliyyələşdirilməsini təmin edəcək. İcbari tibbi sığorta sosial həmrəylik, səmərəlilik, şəffaflıq və keyfiyyət prinsipləri əsasında fəaliyyət göstərəcək.
Onu da qeyd edək ki, yeni maliyyələşmə sistemində dövlət vəsaitləri və icbari tibbi sığorta ödənişləri səhiyyənin maliyyələşməsinin başlıca mənbəyi olacaq. Aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr və bu kimi əhali qrupları icbari tibbi sığorta ödənişlərindən azad edilməklə dövlətin sosial dəstəyi ilə təmin olunacaqlar. Mövcud resurslardan səmərəli və şəffaf şəkildə istifadə icbari tibbi sığortanın digər rəhbər prinsipləridir. Burada məqsəd yeni maliyyələşmə metodlarının tətbiqi ilə tibbi xidmətin keyfiyyətinin daha da stimullaşdırılması, ayrılan dövlət vəsaitlərinin daha ünvanlı və səmərəli istifadəsinin təmin edilməsidir.
Hazırda pilot ərazilərdə 370 mindən çox sakinə tibbi xidmət göstərilir
İcbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərdə vətəndaş məmnuniyyətinin yüksək səviyyədə olması və tibbi xidmətin keyfiyyətinin yüksəlməsi artıq bu layihənin uğurundan xəbər verir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin sözlərinə görə, hazırda pilot ərazilərdə 370 mindən çox sakinə tibbi xidmət göstərilir. İlkin nəticələrə əsasən əhali icbari tibbi sığortanın tətbiqindən razıdır. Bundan əlavə, icbari tibbi sığortanın keçid dövrü ilə bağlı planlar və “yol xəritəsi” hazırlanır. Tibb müəssisələrində bu məqsədlə hazırlıq işlərinə başlanılıb.
Z.Əliyev onu da bildirib ki, növbəti beş il ərzində icbari tibbi sığortanın bütün Azərbaycan ərazisində mərhələli şəkildə tətbiq edilməsi nəzərdə tutulur. Sığorta haqlarına gəlincə, Agentliyin İdarə Heyətinin sədri məbləğin təxminən 120 manat olduğunu deyib. O, hər bir vətəndaşın ayda 10 manat ödəməklə sığortalı hesab olunacağını qeyd edib: “Lakin əlillər, uşaqlar, təqaüdçülər və aztəminatlı ailələrin sığorta haqlarını dövlət öz üzərinə götürüb. İşləyən təbəqə sığorta haqlarını hissə-hissə ödəyə bilər. Sərbəst məşğul əhalinin də sığorta haqlarını hissə-hissə ödəməsinə imkan yaradılacaq”.
Bu sistemin əhəmiyyətindən danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, tibbi sığorta qanunvericiliyi 1999-cu ildə qəbul olunsa da, obyektiv səbəblərdən indiyədək bu sistemə keçmək mümkün olmayıb. Əsas problem isə maliyyə faktoru ilə bağlı idi. Amma millət vəkili hesab edir ki, hazırda icbari tibbi sığortaya keçmək mümkündür. Onun sözlərinə görə, Azərbaycanın hər yerində səhiyyə xidməti göstərə biləcək klinikalar var. Belə ki, son 15 il ərzində 600-dən çox tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub: “Eləcə də kadr hazırlığı yüksək səviyyədədir, sığorta bazarı da inkişaf edir. Sığortanın mühüm komponenti olan iş yerlərində işçilərin əmək müqaviləsinin leqallaşması, əmək haqlarının artması icbari tibbi sığortaya keçməyə imkan verir. Artıq hökumət bu istiqamətdə konkret addımlar atmaqdadır”.
Tibbi sığorta haqqında qanunvericiliyə yeniliklər edilə bilər
M.Quliyev bildirib ki, görülən işlərin sırasına hansı ölkənin modelinin seçilməsi, icbari tibbi sığorta haqqının hansı səviyyədə müəyyən edilməsi, nə qədər insana dövlət tərəfindən icbari tibbi sığorta haqları ödənilməsi, icbari tibbi sığortanın paketi və onun hansı xidmətlər göstərməsinin müəyyənləşdirilməsi və s. məsələlər daxildir. Millət vəkili hesab edir ki, ümumiyyətlə, icbari tibbi sığortaya keçid bütün ölkələrdə ən çətin və ağır islahatlardan biri kimi səciyyələndirilir. Bununla belə, M.Quliyev deyib ki, çətinliklərə baxmayaraq, Azərbaycanın buna getmək imkanları böyükdür.
Tibbi sığortaya keçidin bir çox üstünlükləri olduğunu deyən komitənin sədr müavininin sözlərinə görə, onun tətbiqi ilə biz bir sıra problemləri həll etmiş olacağıq. Millət vəkili qeyd edib ki, ilk növbədə hər bir vətəndaşın tibbi xidmətə əlçatanlığı təmin olunacaq: “Yəni vətəndaşlar cibindən pul xərcləmədən tibbi sığorta vasitəsilə klinikalarda müayinə və müalicə olunacaqlar. Bu sahədə sağlam mühit yaranacaq, hər bir tibb müəssisəsi çalışacaq ki, daha yaxşı xidmət göstərsin, ona sığorta polisi ilə daha çox vətəndaş müraciət etsin, müqavilə bağlasın. Belə olduqda, tibb işçilərinin əmək haqları da artacaq. Eləcə də hər bir tibb müəssisəsi öz maddi-texniki bazasını gücləndirəcək”.
Bununla belə, M.Quliyev qeyd edib ki, “Tibbi sığorta haqqında” qanun təkmilləşdirilməli və bu sənədə bir sıra dəyişikliklər edilməlidir. Çünki bu qanun təxminən 15 il bundan əvvəl qəbul olunub və o vaxtkı tələblərlə indiki tələblərin eyni olmadığı nəzərə alınsa, qanunun təkmilləşdirilməsinə ehtiyac yaranıb. Son illər sözügedən qanuna müəyyən dəyişikliklər edilib və icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar gələcəkdə də ciddi yeniliklərin ediləcəyi gözlənilir.
Tibb sahəsi üzrə nüfuzlu elm xadimi, Milli Məclisin komitə sədri, akademik Əhliman Əmiraslanov da səhiyyə sistemində icbari tibbi sığortaya keçid istiqamətində real addımlar atılmasını yüksək qiymətləndirib. “Azərbaycanda artıq müalicə və diaqnostikaya ehtiyacı olan insanların çoxdan gözlədiyi icbari tibbi sığortanın tətbiqi sahəsində addımlar atılmağa başlanıb”, - deyən Ə.Əmiraslanov bu məsələdə Milli Məclisin Nazirlər Kabinetinə yaxından yardım etməsini də zəruri hesab edir. Dünya ölkələrində icbari tibbi sığortadan geniş istifadə edildiyini deyən akademikin sözlərinə görə, Azərbaycanda müasir səhiyyə infrastrukturunun yaradılması ilə yanaşı, güclü mütəxəssislər də yetişir. “Azərbaycanda tibb sahəsi böyük inkişaf yolundadır. Hesab edirəm ki, icbari tibbi sığortanın tətbiqi bu inkişafı daha da sürətləndirəcək”, - deyə o vurğulayıb.
Beləliklə, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi istiqamətində real addımların atılması göz önündədir. Görülən işlər yaxın illərdə bu sistemin bütün ölkə üzrə effektiv tətbiq olunacağını deməyə əsas verir.
Nardar BAYRAMLI
Məqalə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
elan etdiyi “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi
sığortanın rolu” mövzusunda yazı müsabiqəsinə təqdim olunur