30 May 2017

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Almaniyada görüşlər keçirib

Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub.
Bu barədə "Report"a Azərbaycanın Almaniyadakı səfirliyindən bildiriblər.
Səfərin məqsədi Almaniyadakı müvafiq qurumlarda ikitərəfli görüşlər keçirməklə sözügedən ölkənin icbari tibbi sığorta sahəsində qabaqcıl təcrübəsinin öyrənilməsindən və fikir mübadiləsinin aparılmasından ibarət olub.
Bu xüsusda nümayəndə heyəti Almaniyanın Federal Səhiyyə Nazirliyi, İcbari Sağlamlıq Sığortası Fondlarının Milli Assosiasiyası, Özəl Sağlamlıq Sığortası Assosiasiyası, Federal Birgə Komitə, Tibb Assosiasiyası, Xəstəxana Assosiasiyası, “McKinsey” Xəstəxana İnstitutu, Federal Sığorta Agentliyi, Xəstəxanada Təzminat Sistemi İnstitutunun rəsmiləri ilə görüşlər keçirib və sözügedən qurumların fəaliyyətləri ilə yaxından tanış olub.
Keçirilmiş görüşlərin nəticəsi olaraq əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinib.