22 Dekabr 2017

Mingəçevir və Yevlaxda tütünçəkmə ilə mübarizəyə həsr olunmuş sağlamlıq həftəsi keçirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə-Mingəçevir şəhərində və Yevlax rayonunda tütünçəkmə ilə mübarizəyə həsr olunmuş sağlamlıq həftəsi təşkil edib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, sağlamlıq həftəsi çərçivəsində müayinələrdən keçənlərin sağlamlığı və müalicə-profilaktik tədbirlərin səmərəliliyini qiymətləndirmək məqsədilə hazırlanan registr sisteminin məlumatları təhlil edilib.

Həftə ərzində müxtəlif yaş qruplarına aid 1149 nəfər tibbi müayinələrdən keçib, ailə həkimləri tərəfindən onlara müvafiq məsləhətlər verilib. Bu müddət ərzində 338 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə müxtəlif laborator və instrumental müayinələrdən keçib.

Müraciət edənlərin 36 nəfəri 0-15, 162 nəfəri 16-25, 250 nəfəri 26-35, 194 nəfəri 36-45, 227 nəfəri 46-55, 227 nəfəri 56-70 yaş arası, 53 nəfəri isə 70 yaşdan yuxarı olub.

Tədbirdə iştirak edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. Belə ki, 329 nəfər son bir ay, 358 nəfər son üç ay, 166 nəfər son altı ay, 95 nəfər son bir il, 59 nəfər isə son üç il ərzində tibbi müayinədən keçib. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 27 nəfər olub. 115 nəfər isə sonuncu dəfə tibbi müayinədə beş və daha çox il əvvəl iştirak edib. Statistikaya əsasən icbari tibbi sığortanın tətbiqinə başlanması ilə vətəndaşların müayinələrə cəlb olunma tezliyində artım müşahidə olunur. Belə ki, ümumi müraciət edən 1149 nəfərdən 853-ü son altı ay ərzində müayinələrdən keçib.

Sağlamlıq həftəsində müayinələrdən keçənlərin 1006 nəfərinin tütün istifadəçisi olduğu müəyyən edilib, bir sıra patologiyalar aşkarlanıb. Onlardan 26 nəfərində kəskin bronxit, 95 nəfərində xroniki bronxit, 9 nəfərdə isə ağciyərlərin xroniki obstruktiv xəstəliyi aşkarlanıb.

Həmçinin, tütünçəkənlər arasında aludəçiliyin başlama dövrünü müəyyən etmək məqsədilə keçirilən sorğuda 317 nəfər iştirak edib. Məlum olub ki, tütünçəkənlərin 24 nəfəri 10-14 yaş, 64 nəfəri 15-19 yaş, 123 nəfəri 20-29 yaş, 79 nəfəri 30-39 yaş, 20 nəfəri isə 40-49 yaş arası olanlar bu zərərli vərdişə başlayıblar. Sorğudan bəlli olub ki, iştirakçıların 3-ü bu zərərli vərdişə 50-59 yaşında, 4 nəfəri isə təxminən 60-79 yaşlarında başlayıb.

Tədbir zamanı ailə həkimləri müayinəyə əsnasında vətəndaşlara sağlam həyat tərzi, sağlam qidalanma, siqaretin səbəb olduğu xəstəliklər və imtinanın müsbət nəticələri, valideynlərə övladlarının həyat tərzinə diqqət yetirmələri və onların idmana yönədilmələri haqqında mühüm məsləhətlər veriblər.

Qeyd edək ki, “Tütünçəkmə ilə mübarizə üzrə sağlamlıq həftəsi” çərçivəsində pilot ərazilərin sakinlərinə agentlik tərəfindən hazırlanmış “Siqaretə YOX deməyi bacarın” bukleti paylanıb.

Həftə ərzində agentlik tərəfindən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə əməkdaşlığı çərçivəsində Mingəçevir Dövlət Universitetində təhsil alan tələbələr üçün maarifləndirici aksiya da təşkil edilib.

Tədbirdə çıxış edənlər tütünçəkmə kimi təhlükəli vərdişin zərərlərinə, onun növlərinə və imtina üsullarına həsr olunmuş mühazirə və “Tütün–öldürücü təhlükə” mövzusunda təqdimatla çıxış ediblər. Tədbir çərçivəsində aktiv və passiv tütünçəkmə, tütünlə bağlı dünyada və Azərbaycanda rəsmi statistik göstəricilər və bu, zərərli vərdişlə mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib.