02 Yanvar 2018

Mingəçevirdə icbari tibbi sığortanın tətbiqindən sonra ölüm halları azalıb

2017-ci ilin yanvar ayından başlayaraq pilot layihə kimi Mingəçevir şəhər və Yevlax rayon mərkəzi xəstəxanalarında tətbiq olunan icbari tibbi sığorta sistemi müsbət nəticələrini göstərməkdədir. Əhalinin tibbi təminatının əlçatanlığını reallığa çevirmək, ödənişsiz səhiyyə xidmətinin göstərilməsinə nail olmaq məqsədilə həyata keçirilən bu yenilik nəticəsində bir çox müvəffəqiyyətlər əldə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, icbari tibbi sığorta ifadəsi bir il əvvələ qədər ölkə əhalisinə, o cümlədən Mingəçevir və Yevlax sakinlərinə əhatəli məlumat verməsə də, cəmi bir neçə aydan sonra gətirdiyi arzuolunan yenilikləri ilə diqqəti cəlb edib. Ciddi islahatlar yolu ilə əhalinin tibbi xidmətinin əlçatanlığını təmin etmək məqsədilə pilot layihə kimi Mingəçevir səhiyyəsində tətbiqinə başlanılan bu sistem çərçivəsində öncə köhnə idarəetmə və iş prinsipindən imtina olunub. Dünya səhiyyə sisteminə uyğun müasir struktur formalaşdırılıb. Xəstəxananın proqram təminatı yaradılıb.

Nəticədə tibb ocağına müraciətlərin qeydə alınması, pasiyentlərin tibbi məlumat bazalarının toplanması, bölmələr arasında xəstələrin kağız göndərişləri ilə deyil, onlayn sistemi vasitəsilə yerinə yetirilməsi və məlumatların operativ çatdırılması, dərman və tibbi ləvazimatların sərfiyyatının düzgün aparılması, statistik göstəricilərin istənilən anda görünməsi təmin edilib. Yeni struktura uyğun tibb personalı seçilərək, onlar üçün müvafiq treninqlər təşkil olunub. Görülən mühüm işlər sırasında ailə sağlamlıq mərkəzi və təcili yardım şöbəsinin yaradılmasını da qeyd etmək vacibdir. Bununla belə, laboratoriya yenidən qurulub, əməliyyat bloku genişləndirilib, dərman və tibbi sərfiyyat təminatı 100 faiz yaxşılaşdırılıb. Xəstəxananın alternativ enerji və su mənbəyi formalaşdırılıb, yanğından mühafizə və havalandırma sistemləri istismara verilib. Həkim və tibb bacılarının, texniki işçilərin əməkhaqları artırılıb. Səhiyyə müəssisəsinin bütünlüklə yataq dəsti, tibbi personalın geyim formaları dəyişdirilib. Bəs bütün bu addımların sonunda hansı nəticələrə nail olunub?
MŞMX publik hüquqi şəxsin direktoru Könül Ələkbərov bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə əhalinin BMT tərəfindən təsdiqlənən və dayanıqlı inkişaf məqsədlərindən olan universal tibb təminatının təmin edilməsi istiqamətində mühüm addımlar atır. Təkcə onu demək kifayətdir ki, baza zərfində təyin olunmuş 1829 adda tibbi təyinat üzrə əhali ödənişsiz tibbi xidmət alır və bu 100 faiz təmin edilib. Cari ildə əhalinin xəstəxanaya müraciəti ambulator olaraq 19 faiz artıb. O deyib: “Xəstəxanada stasionar müalicə alanların sayı 38,4 faiz artıb. Xəstəxanamızda yatma günlərinin sayı isə 9,3 faizdən 5,7 faizə düşüb. Çarpayıların dolma əmsalı 2016-cı ilin müvafiq dövrünə nisbətən 44,8 faizdən 82 faizə yüksəlib. Cərrahi əməliyyatların sayı 33,4 faiz artıb. May ayından etibarən xəstəxanamızda lakarastakip və endostakip cərrahiyyə fəaliyyət göstərir və bu sahə üzrə həkimlərimiz xarici ölkələrdə təhsil alaraq qayıdıblar. Əsas göstəricilərdən biri odur ki, Mingəçevir şəhəri üzrə ölüm 29,4 faiz azalıb. Ölümün azalma səbəbini göstərən əsas nəticələrdən biri də icbari tibbi sığortanın tətbiqindən sonra 83 xəstədə açıq ürək əməliyyatının keçirilməsi, 15 xəstədə ürək qüsuru ilə bağlı əməliyyatın aparılması, 228 xəstəyə ürək stendi qoyulmasıdır. Bunun hesabına Mingəçevir şəhərində ölüm sayı azalıb. Tibbi təminatla yanaşı tibb personalının maddi təminatı da yaxşılaşıb. Həkimlərin orta aylıq əməkhaqqı 920 manat, orta tibb işçilərinin orta aylıq əməkhaqqı 330 manat, kiçik tibb işçilərinin orta aylıq əməkhaqqı 220 manata qalxıb. Hazırda fəaliyyətimiz davam etdirilir. Çalışacağıq ki, bundan sonra da qarşımıza qoyulan vəzifələri layiqincə yerinə yetirək”.
Pilot layihə çərçivəsində yaradılan ailə sağlamlıq mərkəzi isə əhaliyə nümunəvi tibbi xidmətin göstərilməsində mühüm rol oynayır. Mingəçevir Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Nişanə Nəsibli bildirib ki, tibb ocağı gün ərzində 300-400 insana xidmət göstərir. Müraciət edən xəstələr ailə həkimləri tərəfindən müayinədən keçirilir diaqnozlar qoyulur. Lazım olan xəstələrə ilk olaraq ailə həkimləri tərəfindən yardım göstərilir. Müayinədən sonra müalicə yazılır. Bəzi xəstələr səhhətindəki ciddi problemlə əlaqədar ixtisas həkimlərinə göndərilir. Ailə sağlamlıq mərkəzinin yaradılmasında məqsəd xəstələrin ailə həkimləri ilə daim və birbaşa əlaqədə olması, hər bir ailə həkiminin öz xəstəsini tanıması, onu daim izləməsidir.
Xəstəxananın tamamilə yenidən qurularaq ən müasir aparatlarla təchiz edilən laboratoriyası imkan verir ki, indi mingəçevirlilər və ətraf rayonların sakinləri bəzi xəstəliklərin müayinəsi üçün başqa şəhərlərə, hətta xarici ölkələrə getməsinlər. Laboratoriya şöbəsinin bölmə müdiri İradə Namazova bildirib ki, 2017-ci ildə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar laboratoriyada çox böyük dəyişikliklər olub. “Biz ən müasir avadanlıqlarla təmin olunmuşuq. Betman, Roş tipli avadanlıqlarla təchiz olunmuşuq. Həmin analizatorların köməyi ilə ən yüksək səviyyəli dəqiq analizlərin aparılmasında böyük irəliləyişlər var. Analizlər indi onlaynsistemi ilə birbaşa xəstənin həkiminə göndərilir. Əvvəlki illərlə müqayisədə bizdə analizlərin sayında iki qat artım var”, - deyə o qeyd edib .
Mingəçevirdə icbari tibbi sığortanın gətirdiyi yeniliklər xəstələrin ürəyincədir. Maddi-texniki bazanın möhkəmliyi, həkim və tibb bacılarının işə məsuliyyəti arzuolunan səviyyədədir. Pasiyentlərdən Məhəbbət Hacıyeva bağırsaq sancıları əlaqədar olaraq xəstəxanaya müraciət etdiyini bildirib: “Həkimlər sağ olsunlar, məni yaxşı müayinə elədi, sonra əməliyyat etdilər. İndi Allaha şükür yaxşıyam. Xəstəxananın bütün heyətindən razıyam. Xəstəyə qarşı çox yaxşı və mehribandırlar. Arzu edirəm ki, bu tibbi sığorta davam eləsin. Bütün rayonlarda bu tədbir görülsün”.
Sabir Paşayev sol ayağında yaranan tromblarla əlaqədar xəstəxanaya müraciət etdiyini deyib. “Çox rahat şəkildə, heç bir əziyyəti olmadan bütün analizlər aparılıb. Bu icbarı tibbi sığorta çox yaxşı nəticə verir. Mən bütün səhiyyəmizdən razıyam, bütün kollektivdən razıyam. Həkimlər bizi çətinlik çəkməyə qoymurlar”, - deyə o bildirib.
Ruhiyyə Rzayeva üç gündür ki, bu xəstəxanada yatdığını və öd kisəsində polip diaqnozu ilə əməliyyat olunduğunu qeyd edib. O deyib: “Özümü çox yaxşı hiss edirəm, heç bir narahatçılıq yoxdur. Xəstəyə qulluq yüksək səviyyədədir, tibbi xidmətdən razıyam. Arzu edirəm ki, bu icbari tibbi sığorta davamlı olsun. Biz xəstələr də yararlanaq”.