24 İyul 2018

Prezident Azərbaycanda tibbi sığortanın yolunu açdı

“İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi aztəminatlı əhalinin sosial durumuna müsbət təsir edəcək və ən əsası onların sağlam olmasına səbəb olacaq”
Adil Qeybulla: “İcbari tibbi sığortanın tətbiqi tibbi sektorda şəffaflığın yaranmasına gətirib çıxaracaq”
Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon (bir milyon üç yüz min) manat ayrılıb.
Qeyd edək ki, Azərbaycanda “Tibbi sığorta haqqında” Qanun 1999-cu ildə qəbul olunub. Qanuna görə, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi formasıdır. Sığorta hadisəsi baş verdikdə əhalinin tibbi və dərman yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsidir.
Məlumat üçün bildirək ki, Azərbaycanda tibbi sığortanın tətbiqini sürətləndirmək üçün Prezident İlham Əliyev Nazirlər Kabineti yanında Tibbi Sığorta Agentliyinin yaradılması haqqında Sərəncam da imzalayıb. 2009-cu ildən dövlət büdcəsindən tibbi sığorta islahatlarına vəsait ayrılır. 2012-ci ilin dövlət büdcəsi layihəsində icbari tibbi sığortanın tətbiqinə 30,1 milyon manat vəsait ayrılıb.
Hazırda icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilər Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonu seçilib.
İcbari tibbi sığorta bütün ölkə üzrə 2019-cu ildə tətbiq olunarsa, bunun əhalinin aztəminatlı təbəqəsi üçün nə kimi faydası olacaq?
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, icbari tibbi sığortanın tətbiqi genofondumuzun xeyrinə olacaq: “Sadəcə, icbari tibbi sığorta elə bir formada tətbiq olunmalıdır ki, həkimlərə fərq qoyulmasın. Həkimlərə fərq qoyulacaqsa, onda bu, icbari tibbi sığorta olmayacaq. Hansı həkim daha çox xəstə qəbul edəcəksə, onda o daha çox maaş alacaq. Bu isə icbari tibbi sığortanın prinsiplərinə ziddir. İcbari tibbi sığorta haqlarının çox da yüksək olmadığını nəzərə alsaq, həkimlərə ödəniləcək vəsait kiçik olacaq. Ona görə də xidmətlərə mənfi təsir göstərə bilər. Amma icbari tibbi sığortanın tətbiqi tibbi sektorda şəffaflığın yaranmasına gətirib çıxaracaq. Vətəndaşlar ciblərində pulla xəstəxanaya getməyəcəklər. Biləcəklər ki, onlara göstərilən xidmətlər pulsuzdur, əvəzi dövlət tərəfindən ödənilir. Bu da aztəminatlı əhalinin sosial durumuna müsbət təsir göstərəcək və ən əsası onların sağlam olmasına səbəb olacaq”.
Həmsöhbətimiz hesab edir ki, icbari tibbi sığortanın tətbiqi insanlara yalnız fayda verə bilər: “Azərbaycanda tibbi sığortaya keçməyin bir neçə özəlliyi olmalıdır. Ölkədə səhiyyə ayrılmalarının adambaşına düşən payı Avropa ölkələri ilə adekvat deyil. Ona görə ilk növbədə tibbi sığortanın əhatə edəcəyi sahələr və hansı xidmətlərin vətəndaşların boynuna qoyulacağı araşdırılmalıdır”.