13 Dekabr 2017

Tam ödənişsiz, keyfiyyətli tibbi xidmət

Yevlax və Mingəçevir şəhərlərində icbari tibbi sığortanın fəaliyyəti ilə bağlı əhali arasında sorğu keçirilib. Sorğunun məqsədi 10 aylıq icbari tibbi sığortanın nə dərəcədə özünü doğrultduğunu aşkarlamaq olub.

“Qafqazinfo” həmin sorğunu təqdim edir:

Rauf Vəliyev, 59 yaş, sürücü, Mingəçevir şəhəri:

"Haçandır ki, ürəyim mənə aman vermirdi. Bir az yeriyən kimi nəfəsim daralırdı. Dostum: “sığorta var, gəl aparım səni həkimə” dedi. Həkim məni yoxladı, anjio lazım olduğunu dedi və başqa xəstəxanaya göndərdi. Getdik başqa xəstəxanaya, orda anjio elədilər, 2 dənə də stent qoydular. Mən bu yaşıma gəlmişəm hələ ki belə bir şey görməmişəm. Məndən bir qəpik də almadılar. Sovet vaxtı belə həkimə gedəndə üç-beş manat xərcimiz çıxırdı. İndi əlayam. Allah prezidentdən razı olsun ki belə şərait yaradıb".

Həlimə Mahmudova, 48 yaş, evdar qadın, Mingəçevir şəhəri:

"Böyrək ağrısından nə vaxtdır ki əziyyət çəkirdim. İlin əvvəlində dedilər ki sığorta işə başlayıb, get ora. Xəstəxanaya getdim, pulsuz-parasız əməliyyat etdilər, orada bir neçə gün qaldım. Qulluq, yemək, təmizlik çox əla idi. Özümü oteldə kimi hiss edirdim. İndi heç bir şikayətim yoxdur. Bu tibbi sığortadan ailəm və mən çox razıyıq. Sağ olsunlar, həkimlər çox kömək oldular. İndi qonşu rayonlarda yaşayan qohumlarım bizə həsəd aparır. Soruşurlar ki bəs bizim rayonda haçan olacaq bu sığorta? Allah prezidentimizə və Mehriban xanıma uzun ömür versin. Çox sağ olsunlar".

Ceyran Əkbərova, 32 yaş, müəllimə, Yevlax rayonu:

"Oğlum tez-tez xəstələnirdi, yemək yemirdi, halsız olurdu çox vaxt. Eşitdik ki xəstəxanada pulsuz tibbi xidmət var. Müraciət etdik, heç bir ödəniş olmadan oğlum 1 həftə xəstəxanada müalicə aldı. Müalicə öz təsirini elə ilk günlərdə göstərdi. İndi uşağım sağlamdır. Çox xoşbəxtəm. Allah bunu ərsəyə gətirənlərdən min razı olsun. Dövlətimiz var olsun".

Sorğuda iştirak edən əhalinin əksəriyyəti icbari tibbi sığortanın tətbiq edilməsindən çox razı qaldıqlarını, tam ödənişsiz keyfiyyətli tibbi xidmətin göstərildiyini deyiblər.

Xatırladaq ki, İcbari Tibbi Sığorta Agentliyi ilk dəfə pilot layihə olaraq Yevlax və Mingəçevir şəhərlərində bu ilin əvvəlindən fəaliyyətinə başlayıb. Agentliyin əsas məqsədi keyfiyyətli, səmərəli, etibarlı tibbi xidmətin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.