24 İyul 2018

Tibbi sığortada mühüm yeniliklər başlanır

Əhalinin sağlamlığının qorunmasında bu sığorta növünün tətbiqi qaçılmazdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, icbari tibbi sığortanın 2019-cu ildən etibarən bütün ölkəyə tətbiqi ilə əlaqədar hazırlıq işlərinin sürətləndirilməsi və keçid dövründə rast gəlinə biləcək maneələrin öncədən proqnozlaşdırılaraq aradan qaldırılması məqsədilə fəaliyyət planının tərtibinə dəstək üçün məsləhətçi şirkət cəlb edilib. Bu məqsədlə, Azərbaycan Prezidentinin 19 iyul 2018-ci il tarixli sərəncamına əsasən vəsait ayrılıb.
Sərəncamın icrası üçün məsləhətçi şirkət qismində “McKinsey & Company” şirkəti seçilib.
İnsanların sağlamlığının qorunmasına yönəlmiş bu sistem səhiyyəmizi köklü surətdə dəyişəcək.
Səhiyyədə islahatlar aparmaqla onun səviyyəsini yüksəldən hökumət icbari sığortanın tətbiqi üçün artıq müəyyən hazırlıq işləri görüb. Bizim cəmiyyət üçün tamamilə yeni olan icbari tibbi sığorta daha çox adi vətəndaşların mənafeyinə yönəlmiş, onları keyfiyyətli tibbi xidmət və dərmanla təmin etməyə yardım edən bir sistemdir.
Təbii ki, əhalini ilk növbədə sistemin icbariliyi, yəni məcburi olması düşündürür. İcbari tibbi sığorta işçilərin əməkhaqqından, əməkhaqqından ayırmalardan tutmuş tibb müəssisələrinin akkreditasiyasına kimi müxtəlif parametrləri əhatə edən çoxşaxəli prosesdir.
Dövlətin sosial siyasəti ilə məşğul olam mütəxəssislərin bildirdiyinə görə, icbari tibbi sığortanın tətbiqini səhiyyə sisteminin inkişafı üçün çox əhəmiyyətlidir və bu sistem tətbiq edildikdən sonra səhiyyə sektorunda çox böyük dəyişikliklər olacaq. Belə ki, dünyanın əksər ölkələrində səhiyyə xidmətlərinin maliyyələşdirilməsi icbari tibbi sığorta vasitəsilə həyata keçirilir. Bəzi ölkələrdə səhiyyə xidmətləri tam pulsuz olur və bütün xərclər dövlət tərəfindən ödənilir. Məsələn, Norveçdə, İngiltərədə sistem belədir. Ancaq bəzi ölkələrdə dövlət və bələdiyyə səhiyyə sistemi pulsuz, özəl səhiyyə isə tam pulludur. Bunlardan ən yaxşısı icbari tibbi sığorta modelidir ki, burada həm özəl, həm bələdiyyə tabeliyində olan tibb müəssisələri icbari tibbi sığorta vasitəsilə maliyyələşə bilər.