27 Sentyabr 2018

Xəstəxanaların yaratdığı böyük problemlər

Adil Qeybulla: “Peşəkarlıqla bağlı yalnışlığa yol verilib-verilməməsi məsələsinin araşdırılmasını yüksək səviyyəli xüsusi komissiyalar həyata keçirməlidir” Rasif Bağırov: “Qanunda pasiyentin məhkəməyə müraciət etmək hüquqi var”

“Azərbaycanda hazırda müalicəsi mümkün olmayan xəstəlik, patologiya yoxdur”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, istər maddi-texniki baza, istərsə də kadr potensialı buna imkan verir: “Biz Azərbaycanda bütün xəstəlikləri müalicə edə bilərik. Bəzən insanları düzgün istiqamətləndirmirlər. Təəssüflər olsun ki, bəzi hallarda bunu xəstəxanalar edir”. Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, bu məsələni dəqiqləşdirməyə ehtiyac var: “Azərbaycanda robot cərrahlığı yoxdur. Hansı ki, bu, cərrahi texnikanın ən yüksək səviyyəsi deməkdir.
Digər tərəfdən ölkəmizdə müəyyən əməliyyatlar var ki, onların icrası ilə bağlı problemlər qalmaqdadır. Yəni, bütün problemlər həll olunmayıb. Odur ki, kadr potensialı, əməliyyatların icrası, texnika baxımından daha çox tənqidi ruhda danışmalıyıq. Xəstəni düzgün istiqamətləndirlməməsi məsələsində problem ondadır ki, bəzi ənənələr Sovet dövründə olduğu kimi qalır. Həmin məsələlərdə Qərb standartlarına keçməmişik. Qərb standartlarına keçməmişiksə, ölkədə icbari tibbi sığorta tam tətbiq olunmayıbsa, səhiyyəmizi Qərb ölkələri ilə müqayisələndirə bilmərik”.
Adil Qeybulla əlavə etdi ki, pasiyent özəl xəstəxananı məhkəməyə verə bilər: “Bu da xəstəxanadaxili servislərlə bağlı ola bilər. Amma peşəkarlıqla bağlı hüquqi müraciətlər də mümkündür. Təəssüf ki, bu məsələləri hüquq-mühafizə orqanları həll edir. Peşəkarlıqla bağlı yalnışlığa yol verilib-verilməməsi məsələsinin araşdırılmasını yüksək səviyyəli xüsusi komissiyalar həyata keçirməlidir. Dünyanın hər yerində belədir. Ona görə də dəyərləndirmə, cəzalandıra sistemində peşəkarlığın inkişafı, maddi-texniki baxımından Qərb standartlarına keçməliyik. Xidmətlər tam şəkildə tətbiq edilməmiş səhiyyəmizin Qərb standartları səviyyəsinə yüksəlməsindən danışa bilmərik”.
Digər tibbi ekspert Rasif Bağırov bildirdi ki, əvvəllər ölkəmizdə həyata keçirilməyən bəzi əməliyyatlar artıq reallaşır: “Lakin bu, o demək deyil ki, Azərbaycanda aparılan həmin əməliyyatlar xarici ölkələr səviyyəsində həyata keçirilir. Bunu robot etmir. Xaricdəki kadr hazırlığı ilə ölkəmizdəki kadr hazırlığı eyni səviyyədə deyil.
Bu gün Azərbaycan Tibb Universtitenin diplomu xarici ölkələrdə tanınmır. Yəni, kadr bazası yüksək səviyyədə deyil. Azərbaycan Tibb Universteti 100 universitet arasında müəyyən yer tutmalıdır. Ondan sonra kadr potensialından danışmaq olar. Amma öz üzərində yüksək səviyyədə çalışan kadrlarımız var. Yəni, bir-iki savadlı həkimlə ümumi ölkənin kadr potensialına qiymət vermək olmaz. Məsələn, regionlardan gələn laboratoriya məlumatlarının əksəriyyəti səhv olur”.
Həkim əlavə etdi ki, qanunda pasiyentin məhkəməyə müraciət etmək hüquqi var: “Ancaq mentalitet məsələsi çox zaman insanların məhkəmələrə müraciət etməsinə maneçilik törədir”.