10 Avqust 2018

Həkimlər arasında icbari tibbi sığortanın tətbiqindən məmnunluq yüksək səviyyədədir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) pilot tibb müəssisələrində - Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında çalışan həkimlər arasında keçirilmiş “Tibb işçilərinin işdən məmnunluğunun və icbari tibbi sığorta sisteminin tətbiqinə münasibətinin öyrənilməsinə dair sorğunun” nəticələri əsasında hazırlanan hesabatları ictimaiyyətə təqdim edib. Sorğularda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından (Mingəçevir ŞMX) 190, Yevlax rayon Mərkəzi Xəstəxanasından (Yevlax RMX) 123 həkim iştirak edib.

Hesabatda göstərilir ki, 2016-cı ildə Mingəçevir ŞMX-da çalışan həkimlərin 85.3%-i, Yevlax RMX-da isə 82.1%-i 105-300 manat həcmində məvacib alıb. 2017-сi ildən etibarən icbari tibbi sığortanın (İTS) tətbiqindən sonra Mingəçevir ŞMX və Yevlax RMX-da fəaliyyət göstərən həkimlərin əmək haqlarına 2 növdən ibarət əlavələrin ödənilməsinə başlanılıb. Bunun nəticəsində Mingəçevir ŞMX-da çalışan həkimlərin 53.1%-nin, Yevlax RMX-da isə 62%-nin məvacibi 341-540 manat olub. 541 manatdan çox məvacib alan həkimlərin Mingəçevir ŞMX üzrə göstəricisi 36.9%, Yevlax RMX üzrə 28% təşkil edib. Aldıqları məvacibdən məmnunluq səviyyəsinə gəldikdə Mingəçevir ŞMX üzrə bu göstərici 58.4%, Yevlax RMX üzrə isə 56% qeydə alınıb.

Sorğuların nəticələrindən məlum olmuşdur ki, Mingəçevir ŞMX-da aparılmış islahatlardan həkimlərin 77.3%-i, Yevlax RMX-da aparılmış islahatlardan 82%-i, tibb müəssisəsinin dərman vasitələri ilə təminatından Mingəçevir ŞMX-da 76.4%-i, Yevlax RMX-da 63%-i, tibbi avadanlıqlarla təchizatdan Mingəçevir ŞMX-da 75.8%-i, Yevlax RMX-da isə 61%-i razıdır.

Mingəçevir ŞMX və Yevlax RMX-da çalışan həkimlərin əksəriyyəti İTS-nin tətbiqinin onların çalışdıqları tibb müəssisəsinə müsbət təsir etdiyini bildirib. Onlar əmək haqlarının artırılmasını, tibb müəssisələrinin müvafiq tibbi avadanlıqlarla, dərman vasitələri ilə təchizatının və iş şəraitinin yaxşılaşmasını, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsini, onlara əlçatanlığın artmasını və pasiyentlərin məmnunluğunun artmasını müsbət qiymətləndiriblər.

Tibb müəssisələrində işin təkmilləşdirilməsi məqsədilə verilən təkliflərə gəldikdə isə, həkimlərin əksəriyyəti bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün ixtisasartırma kurslarının və təlimlərin təşkilini, İTS-nin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Agentlik həmçinin Ağdaş rayon Mərkəzi Xəstəxanasında (Ağdaş RMX) “Tibb işçilərinin işdən məmnunluğunun və icbari tibbi sığorta sistemi ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsinə dair” keçirilən sorğunun nəticələrini ictimaiyyətə təqdim edib. Qeyd edək ki, həmin sorğu Prezidentin Ağdaş rayonu üzrə icbari tibbi sığortanın tətbiqi ilə bağlı imzaladığı Fərmandan bir ay sonra keçirilib. Bunu nəzərə alaraq Ağdaş RMX-da 96 nəfər arasında keçirilən sorğu zamanı həkimlərin əmək haqlarının müqayisəli təhlili aparılmayıb, onların işdən məmnunluğu, İTS-lə bağlı məlumatlılığı, təlimə ehtiyaclarının qiymətləndirilməsi və İTS-lə bağlı gözləntiləri müəyyən edilib.

Nəticələrdən məlum olur ki, Ağdaş RMX-da çalışan həkimlərin cəmi 17%-i aldıqları məvacibdən razıdır. Burada tibb müəssisəsinin tibbi avadanlıqlarla təchizatından razı olanlar 54%, dərman vasitələri ilə təminatından razı olanlar 46.9% təşkil edir. Həkimlərin 50%-i iş şəraitini yüksək qiymətləndirib.

87.5% tibb işçisi pasiyentlə işləməkdən çox məmnundur. Tibb müəssisəsində işin daha səmərəli təşkili və tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün təlimlərin təşkilini zəruri hesab edənlər 84.4% təşkil edib. Burada çalışan həkimlərin 97.8%-i İTS-nin tətbiqinin müsbət dəyişikliklərə səbəb olacağını bildirib.

Həkimlər işin təkmilləşdirilməsi məqsədilə tibb müəssisəsinin dərman vasitələri, tibbi avadanlıqlarla təminatını, iş şəraitinin yaxşılaşdırılmasını və əmək haqlarının artırılmasını təklif ediblər.

Qeyd edək ki, sorğu 2018-ci ildə Agentlik və hər üç bölgənin Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı Şuraları ilə birgə keçirilib.

Hesabatlar ilə Agentliyin rəsmi internet saytından - Hesabatlar -dan tanış ola bilərsiniz.