24 Aprel 2018

Pilot ərazilərdə yeni doğulmuşlara qulluq sahəsi üzrə çalışan tibb işçiləri üçün praktik təlim təşkil olunub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 24 aprel 2018-ci il tarixində qurumun tabeçiliyinə verilən tibb müəssisələrində yeni doğulmuşlara qulluq sahəsi üzrə çalışan tibb işçiləri üçün praktik təlim təşkil edib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında təşkil edilən praktik təlimdə adıçəkilən xəstəxanada, eləcə də Yevlax və Ağdaş rayon Mərkəzi Xəstəxanalarında işləyən 20 həkim-neonatoloq və orta tibb işçisi iştirak edib.

Təlim Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşı, neonatologiya bölməsinin baş elmi işçisi, tibb üzrə f.d. Züleyxa Mikayılova və institutun digər əməkdaşı neonatologiya bölməsinin elmi işçisi, pediatr Dinara Dadaşova tərəfindən keçirilmişdir. Təlim materialları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələrinə əsasən tərtib edilmişdir.

Təlim zamanı iştirakçılar sağlam yeni doğulmuş uşağa ilkin baxış və qulluq, yeni doğulmuşların ilkin reanimasiyası tədbirləri, ağciyərlərinin köməkçi ventilyasiyası, ürəyin xarici masajı, vaxtından əvvəl doğulmuş körpələrə xüsusi qayğı və qulluq qaydaları, kuvez və digər tibbi avadanlıqlardan düzgün istifadə qaydaları sahəsində öz bilik və bacarıqlarını artırıblar.

Təlimdə neonatologiyada istifadə edilən müasir texnologiyalar, yeni doğulmuşlarda tez-tez rast gəlinən xəstəliklər, xüsusilə də təcili və təxirəsalınmaz halların erkən diaqnostikası, müalicəsi və profilaktikasına dair müasir yanaşmalar haqqında məlumat verilmiş, tibb işçilərinin praktiki bacarıqlarını artırmaq və təkmilləşdirmək məqsədilə praktiki təcrübə aparılmışdır.

Məlumat üçün bildirək ki, pilot tibb müəssisələrində çalışan tibb işçiləri ötən həftə Respublika Perinatal Mərkəzində Səhiyyə Nazirliyinin, ÜST və BMT-nin Əhali Fondunun birlikdə təşkil etdiyi “Doğuşda ana ölümü ilə nəticələnməyən kritik halların təhlili” mövzusunda keçirilən təlimdə də iştirak ediblər.