Çox verilən suallar

  • İcbari tibbi sığorta nədir?

    İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. İcbari tibbi sığorta eyni zamanda sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir.

  • İcbari tibbi sığortanın məqsədi nədir?

    İcbari tibbi sığortanın məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.

  • İcbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilər hansılardır?

    Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanına əsasən Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati əraziləri pilot ərazilər olaraq təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli 1830 nömrəli Fərmanı ilə icbari tibbi sığortanın tətbiqinin pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilməsi, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində davam etdirilməsi müəyyən edilmişdir.

  • Baza zərfi nədir?

    Baza zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.

  • Baza zərfinə daxil olan tibbi xidmətlər hansılardır?

    Baza zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində tədbiq olunan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin sayı cəmi 1829-dur:



    • İlkin səhiyyə xidməti – 18

    • Təcili və təxirəsalınmaz tibbi yardım xidməti - 6

    • Ambulator xidmət – 480

    • Stasionar xidmət - 677

    • Laborator xidmət – 459

    • Fizioterapiya – 23

    • Həyati vacib, dəyəri yüksək olan xidmətlər – 166

  • Baza zərfinə daxil olmayan tibbi xidmətlər hansılardır?

    Baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

  • Baza zərfinə hansı dərman vasitələri ilə təminat daxildir?

    Baza zərfinə daxil olan tibbi xidmətlər çərçivəsində stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri icbari tibbi sığorta tərəfindən təmin edilir.

  • İcbari tibbi sığortadan kimlər faydalana bilər?

    Pilot layihənin icra olunduğu ərazilərdə - Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında rəsmi qeydiyyatda olan bütün vətəndaşlar və bu ərazilərdə məskunlaşmış məcburi köçkünlər icbari tibbi sığortadan faydalanmaq hüququna malikdirlər.

  • Sığorta olunan həkim seçmək hüququndan istifadə edə bilər?

    Bəli, pilot layihə çərçivəsində sığorta olunan Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında fəaliyyət göstərən tibb müəssisələrində çalışan həkimlərə müraciət edə bilər. Pilot ərazilərdə həyata keçirilməsi mümkün olmayan baza zərfinə daxil olan tibbi xidmətlər isə Bakı və Gəncə şəhərlərində yerləşən, Agentliklə müqavilə əsasında fəaliyyət göstərən tibb müəssisələrində təmin edilir.

  • Təcili tibbi yardım çağırışları üçün hər hansı məhdudiyyət var?

    Təcili tibbi yardım çağırışları yalnız təcili və təxirəsalınmaz hallarda edilməlidir. Bu xidmət hər bir vətəndaş üçün əlçatan və ödənişsizdir.

  • İcbari tibbi sığorta çərçivəsində evdə tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulub?

    Bəli, evdə tibbi xidmət vətəndaşın təhkim olunduğu ailə həkimi tərəfindən, təcili və təxirəsalınmaz hallarda isə təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən həyata keçirilir. 

  • İcbari tibbi sığorta çərçivəsində stasionar şəraitdə müayinə və müalicə şərtləri hansılardır?

    Stasionar şəraitdə müayinə və müalicə tibbi göstəriş və həkim göndərişi əsasında aparılır, bu zaman istifadə olunan dərman, tibbi sərf (xüsusi tibbi sərflər – protez, implant və s. xaric) və gündəlik qidalanma təminata daxildir. Baza zərfində müəyyən edilmiş gün sayından daha artıq müddətdə stasionarda qalma müalicə həkimi tərəfindən təyin edildikdə və ya tibbi göstəriş olduqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına ödənilə bilər. Əks halda baza zərfində qeyd edilmiş tariflərə uyğun olaraq sığorta olunan tərəfindən ödəniş həyata keçirilməlidir.

  • Ailə həkimi kimdir?

    Ailə həkimi – yaşından, cinsindən və xəstəliyindən asılı olmayaraq, hər bir ailə üzvünün, güvəndiyi və hər zaman təmasda olduğu həkim olaraq, özünün səlahiyyəti çərçivəsində xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini təmin edən mütəxəssisdir. Həmçinin ailə həkimi zərərli vərdişlərdən uzaq olma, düzgün qidalanma və sağlam həyat tərzinin təbliği istiqamətində səhiyyə maarifi işini həyata keçirir.

  • Ailə həkiminə hansı hallarda müraciət etmək lazımdır?

    Hər bir şəxs səhhətində yaranmış problemlə əlaqədar ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimləri müalicə edə, tibbi göstəriş əsasında pasiyenti laborator və instrumental müayinələrə, ehtiyac olduqda isə ixtisas həkiminə və stasionara yerləşdirmək üçün göndəriş verə bilərlər.