TƏBİB haqqında ümumi məlumat

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (bundan sonra – TƏBİB) "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 №-li Fərmanına əsasən yaradılmışdır. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. Qərar 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.

TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.

TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək.

TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.

"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı” ilə buradan tanış olun.