17 Dekabr 2018

İcbari tibbi sığorta - hər kəsə faydalı olacaq xidmət

Mingəçevir şəhəri. Axşamüstüdür. Təcili tibbi yardım maşını xəstəxananın qapısına yaxınlaşıb dayanır. Qapılar açılır. İçərisindən yeniyetmə qız düşürülüb içəri aparılır.

Həyəcan dolu bu anlar nə bir filmin epizodu, nə də hər hansı tamaşadan kiçik bir səhnədir. Bu, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının gündəlik reallığıdır.

Təcili tibbi yardım şöbəsində - Bu komanda xəstəni qəbul etməyə hazırdır

Xəstəxanaya gətirilən L.R.-in 13 yaşı var. Sol qasıq nahiyəsində kəskin ağrı səbəbi ilə Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) xidmətinə müraciət edilib.

Müayinələrdən sonra L.R. cərrahın konsultasiyasında olacaq. Bu barədə məlumat verən növbətçi həkim Məqbulə Xəlilova deyir ki, çalışdığı TTTY şöbəsində qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sistemi tətbiq edilir. Bu xidmət xəstənin ambulans üçün çağırışından başlamış onun tibbi xidmətin digər səviyyəsinə (İSX, ambulator və ya stasionar tibbi xidmət), yaxud evə göndərişinə qədər olan mərhələləri əhatə edir: “Ambulans çağırışı zamanı xəstənin vəziyyəti qiymətləndirilir, ehtiyaca uyğun olaraq həkim briqadası göndərilir. Xəstə, L.R. kimi, ambulansla xəstəxanaya gətirilirsə, yaxud fərdi qaydada özü müraciət edibsə, TTTY şöbəsinə qəbul olunur, statusu “təxirəsalınmaz”, “təcili” və ya “təcili olmayan” hallar üzrə müəyyən edilir. Bu hallardan asılı olaraq, xəstə ya cərrahi müdaxilə üçün ilk otağa, ya sarğı məqsədilə ikinci otağa aparılır. İlkin tibbi müdaxiləyə daha çox ehtiyacı olan xəstələrə dərhal tibbi xidmət göstərilir. Əlavə müayinə və müalicəyə ehtiyac olduqda tibbi xidmətin digər səviyyələrinə yönləndirilir”.
Görünən odur ki, şöbədə ilkin cərrahi, ilkin travmatoloji, pediatrik və reanimasiya xidmətlərinin həyata keçirilməsi üçün tam şərait qurulub. L.R.-in anası Sevda Rəhimova deyir ki, xəstəxanada aparılan bu dəyişiklik əvvəllər onlara təəccüblü gəlirdi. Artıq tamamilə alışıblar: “Qayınanamın səhhəti ilə əlaqədar olaraq xəstəxanaya yolumuz çox düşüb. Burada xidmət çox yaxşıdır”.

Budur, TTTY-ə zəng gəlir. Xəstəxanaya bu dəfə 10 aylıq körpə gətirilir. İkinci qatdan yıxıldığı bildirilən körpənin vəziyyəti ilə bağlı qeyri-müəyyənlik tibbi heyəti düşünməyə vadar edir. Vəziyyəti qiymətləndirib tez qərar verirlər: travması ola, cərrahi müdaxilə zərurəti yarana bilər. Dərhal ehtiyac ola biləcəyi ehtimal edilən həkim və cərrahlara xəbərdarlıq edilir və hər kəs hazır vəziyyətə gətirilir. Tibbi personalın necə səfərbər olması uğurlu komanda işini ortaya qoyur. Bu komanda xəstəni qəbul etməyə hazırdır.

Burada ana və uşaq ölümünün qarşısı alınıb

Pediatriya və yeni doğulmuşlar şöbəsində iki körpə var, biri qızdır, o biri oğlan. Biri bələkdədir, digəri küvəzdə. Çünki biri bir az tələsib. Səbirsiz olan oğlandır. 34-35 həftəliyində dünyaya gəlib. Hər halda anasını çox gözlətmək istəməyib. Axı, bu ailə onu düz 11 il gözləyib...

Həkim Şəfa Nağıyeva deyir ki, uşağın yarımçıq doğulmasının səbəbi anasının patalogiyalı hamiləlik keçirməsidir: “Ana yüksək təzyiqdən əziyyət çəkir. Üstəlik, zəhərli zobu da var. 35 yaşındadır. 11 il uzunmüddətli sonsuzluqdan sonra hamilə qalıb. Hamiləlik dövründə aspirin kardio qəbul edib. Bu da xronik hipoksiya verir. Belə hamiləlikləri vaxtında başa çatdırmaq çətin olur”.

“İnsanın etibarlı əllərdə olduğunu bilməsi gözəl hissdir”

Ana və uşaq ölümünün çoxaldığı və cəmiyyətdə sərt reaksiya doğurduğu bir vaxtda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın (İTS) tətbiqindən sonra bu problem, demək olar ki, aradan qalxıb. Bu da fakt. Onlar patologiyalı hamiləlik sonucu yarımçıq doğulan körpəni sağ-salamat anasının qucağına verib evə yola salıblar. Ana bətnindəki günləri dolmadan dünyaya tələsən həmin körpənin vəziyyəti ilə də maraqlandıq. Ailə öz sevincini hər kəslə bölüşməyə hazır olsa da, adlarının çəkilməsini istəmirlər.

G.Ə.-nin dünyaya gətirdiyi yarımçıq körpə artıq bir aylıqdır. Adını da Yusif qoyublar. C.Ə. və G.Ə. ata və ana olmağın xoşbəxtliyini yaşayır: “Yaşamağa, ya da ana olmağa ümidim tez-tez itirdi. Ancaq həkimim ümidsizliyimin uzun sürməyinə imkan vermirdi. Axıra kimi yüksək ovqatda saxladı məni. İndi ona hər gün minnətdarlıq eləsəm, yenə az hesab edirəm. İnsanın etibarlı əllərdə olmasını bilməsi gözəl hissdir”.

İTS-dən əvvəl və sonra

Uşaq şöbəsinin müdiri Sevinc Cəfərova İTS-in tətbiqinə qədər də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında çalşıb. 14 illik iş təcrübəsinin 2 ili İTS-lə bağlıdır. Onun üçün son 2 il həm mənəvi, həm də maddi cəhətdən əvvəlki 12 ildən fərqlənir: “Uşaq infeksionistiyəm. İTS-in tətbiqindən əvvəl şöbəmizi Dəri-zöhrəvi xəstəxanasında yerləşdirmişdilər. Uşaq xəstələri siflisli xəstələrlə eyni yerdə qəbul etməyə məcbur idik. Müraciətlərimizə məhəl qoyulmurdu. Artıq uşaq şöbəsində fəaliyyət göstəririk. Maaşımız da artıb. Əvvəlcə 190 manat alırdım, artıq əmək haqqım 451 AZN olub. İşimizdən asılı olaraq bonusum da olur, öz üzərimdə işləmək imkanım da. Beynəlxalq və özəl xəstəxanalara tez-tez təcrübə mübadiləsinə gedirik. Həmin müddətdə xəstəxanadan əmək haqqımızı da alırıq”.

Azərbaycan icbari tibbi sığortanın universal təminatına nail olmağa çalışır

Bu gün tibbi sığorta əksər ölkələrdə tətbiq edilir. Başqalarının yaratdığı modeli uğurla tətbiq edənlər də var, öz modelini yaradanlar da. Hazırda inkişaf etmiş ölkələr universal tibbi təminata nail olmağa çalışırlar. Bu, hər kəsin ehtiyac duyduğu keyfiyyətli tibbi xidmətlərə maliyyə çətinliyi ilə qarşılaşmadan çıxışının olmasıdır. Ehtiyaca uyğun tibbi xidmətlərdən istifadə, tibbi xidmətin keyfiyyətinin artırılması və əhalinin maliyyə müdafiəsinin təmin edilməsi universal tibbi təminatın əsas məqsədidir.

Hələlik İTS pilot rayonlarda tətbiq edilir. Tezliklə bu dairəni genişləndirmək, bütün əhaliyə tam tibb xidmət göstərmək əsas hədəfdir. Bu yolu keçən ölkələr buna 5-10 il ərzində nail olub. Beynəlxalq təcrübəni öyrənən Azərbaycan son qərarı təcrübə əsasında verəcək. Avstriya kimi iki səviyyəyə malik sistem qurulacaq və ilkin səviyyədə hamının pulsuz müalicəsi təmin ediləcək, yoxsa Fransadakı kimi baza xidmətlər əsasən iş yerinə bağlı sığorta fondları vasitəsilə təmin ediləcək? Ya Bolqarıstanda, Moldovada olduğu kimi 10 faizdən aşağı, ya da Estoniya (13 faiz), Almaniya (14.6 faiz), Xorvatiya (15 faiz) kimi 10 faizdən yüksək sığorta haqqı tutulacaq. Yoxsa Azərbaycan dünyada sığorta haqlarının 5 faizdən aşağı olmasına rast gəlinməyən azsaylı ölkələrdən biri olaraq qalacaq?

Azərbaycan sığorta büdcəsini ölkədə fəaliyyət göstərən, öz xidməti və ya istehsal etdiyi məhsullarla insan sağlamlığına ziyan vuran hüquqi və fiziki şəxslərdən toplanan cərimə ilə də formalaşdıra bilər. Dünyada xidmətinin və ya məhsullarının insan sağlamlığına vurduğu ziyanın həcmindən asılı olaraq, gəlirinin böyük hissəsini cərimələrə xərcləyən şirkətlərin siyahısı da, ödədikləri cərimələrin miqdarı da bir yazıya sığmayacaq qədər böyükdür. Dünya təcrübəsində həmin cərimələrlə formalaşan büdcəni milli sığorta sisteminə yönəldən dövlətlərin sayı da az deyil. Tutaq ki, Azərbaycanda, sadəcə siqaret çəkən vətəndaşlardan ətrafındakıların sağlamlığına özündən daha çox ziyan vurduğunu xatırladan cərimə tətbiq olunsa, bunun xeyrini təsəvvür edirsinizmi? Siqaret qutularının üzərindəki xəbərdarlığa məhəl qoymayanların arasında işsizlərin, ağciyər, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Elə icbari tibbi sığortasını dövlətin ödəməsi təklif edilən əhali qruplarında da siqaretdən imtina edə bilməyənlər çoxdur. Bu cərimələr onları siqaretdən imtina etməyə məcbur edəcək. Nəticədə siqaret tüstüsündən zəhərlənən insanların sayı azalacaq, ətraf mühit təmizlənəcək və ən önəmlisi, milli sığorta sistemi maliyyə mənbəyi ilə təmin ediləcək. Bu da universal sığorta təminatına keçidi sürətləndirəcək. Dolayısı ilə Azərbaycanı icbari sığorta sisteminin tətbiqində qoyduğu hədəfə yaxınlaşdıracaq.

Yaxşı tibbi xidmət görən istənilən şəxs...

Növbəti mərhələdə ölkəmizdəki tibb müəssisələri yeni sistemə uyğunlaşdırılmalı, əhalinin tibbi xidmətlərə münasibəti dəyişməlidir. Hərçənd münasibətin İTS-nin tətbiqindən sonra, Bakı sakini Nəsib Hacılının sözü ilə desək, xidmətin keyfiyyəti yaxşılaşanda dəyişəcəyinə də şübhə yoxdur: “Lökbatanda yaşayıram. Mingəçevirdə olanda kiçik bir qəza keçirdim və şəhər Mərkəzi Xəstəxanasına müraciət etdim. Sən demə, ölkəmizdə az ödənişlə yüksək tibbi xidmət görmək mümkün imiş. Doğrusu, çox təəccübləndim. O gündən icbari tibbi sığortanın Bakıda tətbiq ediləcəyi günü gözləyirəm. Adətən, yeni layihələr Bakıdan başlayırdı. Bu layihənin regionlardan başlamasına, sözün əsl mənasında, təəssüf edirəm. Düşünürəm ki, həmin xidməti gördükdən sonra hər kəs əmək haqqından məmnuniyyətlə icbari tibbi sığorta haqqı ödəyəcək. Ehtiyacı olanda yaxşı tibbi xidmət görən istənilən şəxs maaşının 3 faizini ödəməyə tərəddüd etməyəcək”.

Ruhiyyə Daşsalahlı, Müsavat qəzeti