17 Dekabr 2018

İcbari Tibbi Sığorta nə üçün vacibdir?

İldə 120 manat ödəməklə 1829 adda tibbi xidmətdən yararlanmaq hər kəs üçün əlçatan olacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) deyilir. Bəs siz, ayda 10 manat (ildə 120 manat) ödəməklə pulsuz səhiyyə xidmətinin göstərilməsinə necə baxırsınız? Bu sualla müraciət etdiyimiz vətəndaşlar təəccüblərini gizlədə bilmirlər. “Yəni bunlar Azərbaycanda olacaq?”, “İnanmıram ki, belə şey olsun, hər ay 100 manatdan çox həkimlərə pul verirəm, onlar pulsuz bizə baxmayacaqlar”, “Bizi geridə qalmış xəstəxanalara, savadsız həkimlərin üstünə göndərəcəklər”, deyə rəyini soruşduğumuz insanlar inamsızcasına İcbari Tibbi Sığorta (İTS) haqda bildiriblər. Doğrudan da, İTS barədə ətraflı məlumatı olmayan insanlar bu cür vacib layihəni utopiya hesab edir, yaxın illərdə onun ölkədə gerçəkləşəcəyinə inanmırlar. Amma rəsmi açıqlamalar sistemin yaxın illərdə tətbiq ediləcəyini düşünməyə əsas verir.

İcbari Tibbi Sığorta nədir?

İTS əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə İTS-nın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. Yuxarıda qeyd etdiyimiz kimi, sığorta haqqının illik 120 manat (aylıq 10 manat) olması təklif edilir.

Bəzi təbəqələrin əlillər, uşaqlar, pensiyaçılar, əyani təhsil alan tələbələr və aztəminatlı ailələrin sığorta haqqı ödəməkdən azad edilməsi də təkliflər sırasındadır.

Bildirək ki, Azərbaycanda İTS-nın tətbiqi üçün ilkin olaraq əmək haqqından1faiz işəgötürən, 2 faiz isə işçi tərəfindən olmaqla sığorta haqqı tutulması təklif olunur.

Sistemə dərman preparatları da daxildir?

Tibbi xidmətlər zamanı istifadə olunacaq dərman vasitələri və tibbi ləvazimatlar baza zərfinə daxildir.

İTSDA-nın Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanovun verdiyi məlumata görə, icbari tibbi sığörtanın tətbiqi əhalinin pulsuz dərman təchizatında da keyfiyyət dəyişikliyinə səbəb olacaq: “Məlumdur ki, dövlət tərəfindən pulsuz verilən dərmanların əldə olunması sahəsində müəyyən problemlər var. Vətəndaşlar tez-tez səhiyyə müəssisələrində özlərinə çatacaq dərmanları əldə edə bilməmələrindən şikayətlənirlər. Pilot rayonlarda dərman təchizatını İTSDA həyata keçirir. İTS-nın bütün ölkədə tətbiqindən sonra dərmanları vətəndaşlara Səhiyyə Nazirliyinə məxsus xəstəxanalar çatdırsa da, dəyəri agentlik tərəfindən ödəniləcək”.

İTS həyatımızda nəyi dəyişəcək?

İTS hər şeydən öncə vətəndaşların sağlamlıqlarının qayğısına daha ciddi yanaşmasına səbəb olacaq. Vətəndaş xəstələndikdə, yaxud müayinədən keçmək istədikdə artıq mövcud maddi durumunun təsiri altına düşməyəcək, həkimə müraciətini təxirə salmayacaq. Prezidentin 2016-cı il 29 noyabr tarixli Fərmanına əsasən, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati əraziləri pilot ərazilər olaraq təsdiq edilib.

Yevlax sakini Səxavət Abbasov deyir ki, pilot layihənin verdiyi imkanlardan yararlanaraq ailə üzvlərini vaxtaşırı tibbi müayinədən keçirib: “Heç bir sıxıntı, narahatlıq keçirmədən həkimə müraciət edirik. Xəstəxanada olduğumuz müddətdə və ya oradan ayrılarkən tibb işçilərilə münasibətlərdə gərginlik yaşamadıq. Amma əvvəlki dönəmdə vəziyyət çox fərqli idi. Tibb işçiləri pasiyentin əlinə baxırdı ki, görəsən nə qədər “hörmət” edəcək. Vaxtımız “xidmət haqqı”nı aşağı salmaq üçün həkimlə “bazarlığa” gedirdi. İndi bunlar baş vermir”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, İTS sistemi tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq: “İTS səhiyyə sisteminin maliyyələşməsinin ən mükəmməl formasıdır. İşəgötürənlər üçün də bu sərfəlidir. Çünki hər bir işəgötürən işçisinin sağlam olmasında, işə davamiyyətinin pozulmamasında maraqlı olacaq. İTSDA şəxsin əlavə müayinələrə cəlb olunmamasına, onun reseptində əlavə dərmanların yazılmamasına çalışacaq. Səhiyyə müəssisəsi də maraqlı olacaq ki, vətəndaşlar onlara daha çox müraciət etsin. Belə olan halda İTS şirkəti səhiyyə müəssisəsi ilə müqavilənin müddətini uzadacaq və müəssisənin gəlirləri artacaq”.

Sistemin tətbiqi nəticəsində ölkədə göstərilən keyfiyyətli tibbi xidmətlərin sayı artacaq, dövlətin səhiyyə sektoruna ayırdığı xərclər ilbəil azalacaq.

İTS sığorta bazarında da canlanma yaradacaq. Sığorta bazarının həcmi böyüyəcək, sığorta şirkətlərinin bu sahədəki peşəkarlığını artacaq, yeni işçi qüvvəsi yaranacaq.

Məsuliyyət, peşəkarlıq və gəlirdə artım

Yevlax rayon Mərkəzi Xəstəxanasının oftalmoloqu Güləndam İskəndərova deyir ki, İTS-nın bir neçə üstünlüyü var: “Həkimlərin əmək haqları artırıldı, bizdə bu sistemə maraq yarandı. Həkimlərimizi Türkiyəyə kurslara göndərdilər. Başa düşdük ki, göstərdiyimiz xidmətin keyfiyyəti nə qədər yüksək olsa, nə qədər çox pasiyent qəbul etsək bizə edilən ödənişlər, bonuslar da bir o qədər çox olar. Bu sistem həkimlərdən məsuliyyət, öz üzərlərində işləməyi tələb edir. Yevlaxda İTS sistemi tətbiq ediləndən sonar bizə müraciət edən vətəndaşların sayı üç-dörd dəfə artıb. Xəstəliyə erkən müdaxilə artıb. Proflaktik müayinə üçün gələn xəstələrdə bəzən çox ciddi xəstəlik aşkar olunub. Başqa rayonlardan bizə vətəndaşlar gəlir. Onlar Yevlax sakinlərinin İTS sistemindən bəhrələndiklərini görüb, bu sistemin digər rayonlarda nə zaman tətbiq ediləcəyi ilə maraqlanırlar. Arzu edirəm ki, bu sistem respublikamızın bütün yerlərində tətbiq olunsun”.

Maliyyə mənbələri

İTS sisteminin tətbiqində məqsədlərdən biri də müxtəlif mənbələrdən kifayət qədər maliyyə vəsaitləri toplamaqla dövlət büdcəsindən (vahid mənbədən) asılılığın azaldılması, əhalinin maliyyə riskləri də qorumaqla tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi və səhiyyə xərclərinin daha səmərəli şəkildə xərclənməsinə şərait yaratmaqdır.

İTS sisteminin maliyyə mənbələri sırasına dövlət büdcəsi, əhalidən toplanan sığorta haqları və alternativ maliyyə fondları aiddir. Sözügedən vəsaitlərin İTS Fondunda toplanması nəzərdə tutulub.

Bir çox ölkələrdə səhiyyənin maliyyələşməsi, artan səhiyyə xərclərinin qarşılanması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahəyə ayrılan vəsaitlərin dövlət büdcəsindən – vahid mənbədən asılılığının azaldılması, maliyyə sabitliyinin qorunması üçün mövcud maliyyə mənbələrinin çeşidləndirilməsinə və yeni mənbələrin axtarışına zərurət yaranır. Gələcəkdə Azərbaycanda da bununla bağlı yeni maliyyə mənbələrinin tapılması mümkündür. Biz bu sahədə sınaqdan çıxmış xarici təcrübədən yararlana bilərik.

Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyənin maliyyələşməsində yeni innovativ üsullar təklif edir. Bura tütün, spirtli içkilər, havanın çirklənməsinə təsir edən avtomobil yanacağına görə xüsusi vergilərin tətbiq olunması daxildir.

Xarici təcrübə

Dünyanın əksər ölkələrində səhiyyə xidmətlərinin maliyyələşdirilməsi İTS vasitəsilə həyata keçirilir.

İTS sisteminin ən uğurla tətbiq edildiyi ölkələrə Estoniya, Almaniya, Türkiyə və digər ölkələri misal göstərmək olar. ÜST-ün məlumatlarına əsasən, adambaşına düşən səhiyyə xərci 800 dollardan çox olan Estoniyada əmək haqqından 13 faiz sığorta haqqı tutulur. Almaniyada tutulan sığorta haqqı isə 14.6 faiz təşkil edir və adambaşına düşən səhiyyə xərcləri 3900 dollara yaxındır. Bu istiqamətdə görülən işlərdən Litvada tətbiq olunan mexanizmi nümunə göstərmək olar. Litvada özüməşğul əhalidən toplanan sabit sığorta haqqı minimum əmək haqqına indekslənib. Bu, ölkədə minimum əmək haqqının artması ilə sığorta haqqının da artması deməkdir.

Nə vaxt sığortalanacağıq?

1999-cu ildə "İTS haqqında" qanun qəbul olunub. Agentlik Prezidentin 2007-ci il 27 dekabr tarixli Sərəncamına əsasən yaradılıb.

İTS-nın 2019-cu ildə ölkə üzrə tətbiqi nəzərdə tutulsa da, bununla bağlı Yol Xəritəsinin 2020-ci ilə qədər hazır olacağı bildirilir.

Ekspertlər hesab edirlər ki, İTS-nın 2019-cu ildə tətbiqinin mümkün olmaması dövlət xəstəxanalarının yeni sistemə tam hazır olmaması ilə əlaqədardır.

Yuxarıda İTS sisteminin mahiyyəti, üstünlükləri barədə ətraflı məlumatlar verdik. Ümid edirik ki, 2020-ci ildə Azərbaycan xalqı bu üstünlüklərdən yararlana biləcək.

Xəlilov Ruslan Qaçay oğlu, teleqraf.com saytı