17 Dekabr 2018

İcbari tibbi sığortanın tətbiqi əhalinin sağlamlığının daha effektiv qorunması yönündə mühüm addım olacaq

Xarici və yerli mütəxəssislərin ümumi qənaətinə görə, Azərbaycan höküməti İTS layihəsini bütün ölkə ərazisində uğurla həyata keçirə biləcək
Məlum olduğu kimi, son illərdə Azərbaycanda icbari tibbi sığortanın (İTS) tətbiq edilməsi istiqamətində xeyli iş görülüb. İTS-nin bütün ölkə üzrə geniş tətbiqi isə 2019-cu ildən nəzərdə tutulur. Bəs görəsən, İTS-nin Azərbaycanda tətbiqi əhaliyə göstərilən səhiyyə xidməti sahəsində hansı yenilik və üstünlüklərlə özünü göstərəcək?
İcbari tibbi sığortanın yaranması və onun gələcək inkişafını müəyyənləşdirən beynəlxalq təcrübə
Hələ XVII-XVIII əsrlərdə, əsasən, Avropa ölkələrində sosial sığorta sahəsi ilə özəl şirkətlər məşğul olurdu. Sənayenin inkişaf etməsindən sonra iri zavod-fabriklərin yaranması sığorta prosesinə əhalinin bir çox təbəqəsindən insanların cəlb olunmasına şərait yaratdı. İTS-nin yaranması isə 21 may 1913-cü ildə İsveçdə “Xəstəlik, əlillik hallarında və qocalıq dövründə icbari sığorta haqqında” Qanunun qəbul edilməsindən sonra reallaşdı. Qanuna əsasən, 16-66 yaşları arasında olan bütün İsveç vətəndaşları məcburi sığortalanırdılar. Bir qədər sonra Avstriya, Belçika, Norveç və digər ölkələr qanunvericiliklərində müvafiq islahatlar apardı, Almaniya və Rusiya kimi böyük dövlətlərdə də bu sahədə bəzi addımlar atıldı.
Beləliklə, müxtəlif ölkələrdə İTS təcrübəsi onun gələcək inkişafını müəyyənləşdirdi. Bu baxımdan, müasir dövrdə İTS-nin xarici ölkələrdə tətbiqi təcrübəsinə qısaca diqqət yetirək.
Rusiyada İTS dövlət sosial sığortasının ayrılmaz tərkib hissəsidir və ölkənin bütün vətəndaşlarına icbari tibbi sığorta hesabına tibbi yardım göstərilir. Rusiyada İTS-ni tənzimləyən ən vacib normativ-hüquqi akt - 29 noyabr 2010-cu il tarixli “Rusiya Federasiyasının icbari tibbi sığortası haqqında” Qanunudur. İcbari tibbi sığorta sahəsində dövlət siyasətini Federal İcbari Tibbi Sığorta Fondu həyata keçirir.
Türkiyə Respublikasında İTS Sosial Müdafiə Qurumunun “Ümumi tibbi sığorta” sisteminin tərkib hissəsi kimi tətbiq olunur. “Ümumi tibbi sığorta” 1 oktyabr 2008-ci il tarixində 5510 saylı qanuna əsasən qüvvəyə minsə də, İTS-nin tətbiqinə 1 yanvar 2012-ci il tarixindən başlanılıb. İTS 18 yaşına çatmış bütün Türkiyə vətəndaşlarına şamil edilir. Sosial Müdafiə Qurumu əvvəlcə vətəndaşın statusunu və ödəniləcək məbləği müəyyən etmək üçün ailənin hər bir üzvünün orta aylıq gəlirinə görə “gəlir testi” aparır. Bu test nəticəsində müəyyən məbləğdən az gəlir əldə edən vətəndaş pulsuz müayinə hüququ qazanır. Türkiyədə 18 yaşdan yuxarı olan, orta məktəb və ya digər təhsil ocaqlarında oxuyanlar 20, ali təhsil məktəblərində oxuyanlar 25 yaşına qədər valideynlərin tibbi sığortasından faydalana bilərlər.
İTS-nin tətbiqi səhiyyə işçilərinin maaşlarının artmasına da şərait yaradacaq
Xatıraladaq ki, İTS - Azərbaycan dövləti tərəfindən əhalinin sağlamlığının qorunmasına yönəldilmiş sosial layihədir. “İcbari tibbi sığorta haqqında” Qanun Milli Məclis tərəfindən 1999-cu ildə qəbul olunub. Prezident İlham Əliyevin 27 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) yaradılıb.
İTSDA əvvəlcə Mingəçevir şəhəri və Yevlax rayonunu, daha sonra isə Ağdaş rayonunu İTS-nin tətbiqi üçün pilot ərazilər olaraq seçib və 1 yanvar 2017-ci il tarixindən pilot layihənin icrasına başlanılıb. Layihənin məqsədi əhalini və tibb müəssisələrini İTS sisteminə keçidə hazırlamaq, tibbi xidmətin maliyyələşməsində yeni mexanizmlərin tətbiqini sınaqdan keçirməkdir.
İTSDA-nın Tibbi sığorta departamentinin müdiri Vüqar Qurbanovun sözlərinə görə, pilot ərazilərdə İTS-nin tətbiqi tibbi sığortanın baza zərfinə (paketinə) daxil olan xidmətlər çərçivəsində aparılır. Baza zərfi - İTS-nin maliyyə mənbələri hesabına sığorta olunanlara göstərilən tibbi xidmətlərin toplusudur. Xidmətlərə ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator, stasionar, laborator, fizioterapiya və həyati vacib - dəyəri yüksək olan xidmətlər daxildir. Onu da qeyd edək ki, pilot ərazilərdə layihə müddətində əhalidən sığorta haqqı yığılmır.
İTS-nin tətbiqi səhiyyə işçilərinin maaşlarının artmasına da şərait yaradacaq. Belə ki, İTSDA-nın Tibb müəssisələri və regionlarla iş şöbəsinin müdiri Sadiq Mədətovun sözlərinə görə, pilot layihə çərçivəsində həkimlərin, digər tibb işçilərinin əmək haqları artırılıb.
Azərbaycan hökumətinin yüksəkkeyfiyyətli səhiyyə xidmətləri göstərmək üçün real imkanları var
Mütəxəssislər ölkəmizdə İTS-nin tətbiqinin uğurlu olacağına əmindirlər.
Belə ki, 2017-ci ilin noyabrından Avropa İttifaqının dəstəyi ilə Avropa Qonşuluq Siyasəti çərçivəsində “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsi fəaliyyətə başlayıb. Bu layihə çərçivəsində İTSDA tərəfindən 13 hüquqi sənədə (Mülki, İnzibati Xətalar, Əmək və Vergi məcəllələri, “Uşaqların icbari dispanserizasiyası”, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunları və s.) dəyişikliklər layihəsi hazırlanıb.
Tvinninq layihəsinin daimi müşaviri Qediminas Çerniauskas islahatın məqsəd və çətinliklərindən bəhs edərkən bildirib ki, Azərbaycan hökumətinin yüksəkkeyfiyyətli səhiyyə xidmətləri göstərmə və maliyyə ehtiyatlarından daha səmərəli şəkildə istifadəetmə üzrə real imkanları var. Q.Çerniauskas qeyd edib ki, səhiyyənin maliyyələşdirilməsinin artırılması ilə qeyri-rəsmi nağd ödənişlərin əvəzlənməsinə nail olmaq mümkündür.
Aztəminatlı ailələrin səhiyyə xidmətindən pulsuz istifadəsinə imkan yaranacaq
İTS-nin perspektivlərinə toxunan İTSDA-nın İdarə Heyətinin sədri Zaur Əliyev səhiyyə sahəsində yeni maliyyələşmə mexanizmlərinin tətbiqi və onlara nəzarət sisteminin yaradılmasının, statistik məlumatların toplanması və təhlili sisteminin təkmilləşdirilməsinin önəmini vurğulayıb.
Azərbaycanda İTS haqqının məbləği və ödənilməsinə gəlincə, İTSDA-nın Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov deyib ki, muzdlu işçilərin əməkhaqqından faiz tutulması, digər vətəndaşlardan illik 120 manat məbləğində sığorta alınması təklif edilir. Onun sözlərinə görə, Avropa ölkələrində işəgötürən və işçilərdən 5 faizdən 15 faizədək İTS haqqı tutulur. Azərbaycanda isə ilkin mərhələdə bu vəsaitin 3 faizə yaxın olması, bunun 2 faizinin işçinin, 1 faizinin isə işəgötürənin payına düşməsi təklif olunur. Türkiyədə olduğu kimi, Azərbaycanda da 18 yaşınadək uşaqlar, əyani təhsil alan tələbələr, pensiya, sosial müavinət, ünvanlı sosial yardım alanlar, hamilə qadınlar İTS haqqı ödəməkdən azaddırlar.
İTS-nin tətbiqi dövlətin səhiyyə xərcini də azalda bilər. Tvinninq layihəsinin müşaviri Q.Çerniauskasın sözlərinə görə, səhiyyənin maliyyələşdirilməsi islahatı uğurlu olarsa, Azərbaycan 3-4 il ərzində xidmətlərin həcmini iki dəfəyə qədər artırmaq və hər xidmət üçün ümumi səhiyyə xərclərini 50 faizə qədər azaltmaq potensialına malikdir. Belə ki, 1 dəfə həkimə müraciət və xəstəxanada müalicə 2022-ci ildə 2018-ci ilin xərcləri ilə müqayisədə iki dəfə az ola bilər.
İTS-nin yenilik və üstünlüklərinə gəlincə, bu sistemin tətbiqi ilə bir çox hallarda il ərzində səhiyyə xidmətinə ehtiyacı olmayan vətəndaşların ödədiyi vəsait hesabına digər sağlamlıq problemi olan vətəndaşın yüksək səviyyədə tibbi xidmət almasına şərait yaranacaq. Digər tərəfdən, səhiyyə xərclərinin azalması ilə vətəndaşlar pullarına qənaət edəcək, aztəminatlı və ya işsiz statusu olanların səhiyyə xidmətindən pulsuz istifadəsinə imkan yaranacaq. Yəni həmin kateqoriyadan olanlar üçün sığorta haqları dövlət tərəfindən ödəniləcək, vətəndaşlar sığorta sənədini (“sığorta polisi”) göstərməklə pulsuz müalicə oluna biləcəklər.
Yekun olaraq deyək ki, 2019-cu ildən Azərbaycanda geniş şəkildə tətbiqi nəzərdə tutulan İTS səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə əhalinin sağlamlığının qorunması yönündə mühüm töhfə verəcək. Xarici və yerli mütəxəssislərin ümumi qənaəti isə belədir ki, Azərbaycan hökuməti icbari tibbi sığortanın tətbiqini uğurla həyata keçirə biləcək.


Qaşqay ZİYƏDDİNOĞLU, Yeni Azərbaycan qəzeti