17 Dekabr 2018

İTS – Sağlamlığın təminatı

İTS – Sağlamlığın təminatıİcbari tibbi sığorta (İTS) dünya səhiyyəsində geniş yayılmış tibbi xidmətlər modelidir və həmrəyliyə əsaslanan sosial layihədir. Yəni insanlar xəstələnmədiyi halda da müəyyən fondlara vəsait keçirir və onlar cəmlənir.

Xəstəliyi olan insanlar bu vəsaitlərdən istifadə etməklə müalicə ala bilir. Bu qaydada insanlar bir-birlərinə qarşılıqlı yardım etmiş olurlar.

Bir çox inkişaf etmiş ölkələrdə bu model geniş tətbiq olunaraq uğurlu nəticələr əldə edilib. 1999-cu ildə Milli Məclis tərəfindən "İcbari tibbi sığorta haqqında" qanun qəbul olunub. 2008-ci ildə isə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyi yaradılması haqqında Prezident tərəfindən sərəncam imzalanıb.

Ölkədə bu sistemin tətbiq edilməməsi üçün iki obyektiv səbəb ola bilər ki, onların da hər ikisi artıq aradan qalxıb. Bunlar səhiyyə müəssisələrinin maddi-texniki bazasının zəif olması, ölkənin hər yerində kifayət qədər keyfiyyətli xidmət göstərə biləcək səhiyyə müəssisələrinin olmaması idi. Ancaq artıq son illər ərzində bu sahədə çox ciddi islahatlar aparılıb. Demək olar ki, ölkənin bütün regionlarında, hətta rayonlarında müasir tələblərə cavab verən Müalicə-Diaqnostika mərkəzləri, klinikalar var. Yeni tikilən və əsaslı təmir olunan tibb müəssisələrinin də müasir avadanlıqlarla təminatı yüksək səviyyədədir. Eyni zamanda, ölkədə kifayət qədər kadr potensialı var. Bu baxımdan icbarı tibbi sığortanın tətbiqi üçün olan maneələr artıq aradan qaldırılıb.

2017-ci ilin yanvar ayından etibarən Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılıb. Sistem ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçirilir.

Sistem səhiyyəmizi köklü surətdə dəyişəcək

Azərbaycanın səhiyyə sisteminin inkişafına xidmət edəcək bu sistem səhiyyəmizi köklü surətdə dəyişəcək.

İTS tibbi xidmətlərin keyfiyyətinə də nəzarət edilməsinə, həkimlərin məsuliyyətinin artırılmasına, insanların səhiyyə xidmətlərin çatımlılığının təmin edilməsinə şərait yaradacaq.

İTS vasitəsilə həkimlərin xəstələrə yazdığı müalicəyə üçüncü bir tərəf nəzarət edəcək, çünki həkimin yazdığı müalicə və dərmanlar barədə məlumat İTS agentliyinə daxil olacaq.

İTS-nin tətbiqi Azərbaycanın sığorta bazarında sığorta haqlarını artıracaq, sığorta bazarının həcmini böyüdəcək, sığorta şirkətlərinin bu sahədəki peşəkarlığını artıracaq, yeni işçi qüvvəsi yaradacaq. İcbari tibbi sığortanın tətbiqi sığorta şirkətlərinin gəlirlərini artıracaq, onların inkişafına səbəb olacaq. Eyni zamanda, səhiyyə sektorunda canlanmaya gətirib çıxaraq.

Sistemdən ən çox faydalananlar əhali olacaq. Çünki xəstə az vəsait ödəməklə keyfiyyətli xidmət ala biləcək. Bununla yanaşı, xəstənin lazımsız müayinələrdən keçməsinə ehtiyac qalmayacaq, ona əlavə dərmanlar yazılmayacaq.

Dünya təcrübəsi nə deyir?

Dünyanın əksər ölkələrində səhiyyə xidmətlərinin maliyyələşdirilməsi icbarı tibbi sığorta vasitəsilə həyata keçirilir. Bəzi ölkələrdə bizim sovet dövründə olan model fəaliyyət göstərir - səhiyyə xidmətləri tam pulsuz olur və bütün xərclər tam olaraq, dövlət tərəfindən ödənilir.

Məsələn, Norveçdə, İngiltərədə sistem belədir. Ancaq bəzi ölkələrdə dövlət və bələdiyyə səhiyyə sistemi pulsuz, özəl səhiyyə isə tam pulludur. Bunlardan ən yaxşısı icbarı tibbi sığorta modelidir ki, burada həm özəl, həm bələdiyyə tabeliyində olan tibb müəssisələri icbarı tibbi sığorta vasitəsilə maliyyələşə bilər.

Türkiyədə 30 il axtarışlardan sonra nəhayət, 2003-ildən başlayaraq səhiyyənin maliyyələşdırılməsi və səhiyyə sisteminin geniş miqyaslı islahatları həyata keçirə bilib. Türkiyədə ən həssas təbəqələrin, məsələn özünü maliyə baxımdan təmin edə bilməyən şəxslərin, 18 yaşına qədər uşaqların, vətəndaşlığı olmayan səxşlərin və qaçqınların sığorta haqları hökümət tərəfindən ödənilir. Moldovada 1998-ci ildə İcbari Tibbi Sığorta haqqında qanun qəbul edilib, amma ayrı-ayrı rayonlarda eksperiment keçirməklə 2004-ilin yanvarın 1-dən ölkə səviyyəsində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Moldovada sığorta haqları 8% təşkil edir ki, bunun da 4%-ni işəgötürən və 4% isə işçılər ödəyir. Xorvatiyada səhiyyə sisteminin hüquqi baza çərçivəsi aşağıdakı üç aktdan ibarətdir: Səhiyyə aktı, məcburi tibbi sığorta aktı və xəstələrin hüquqlarının müdafiəsi aktı. Xorvatiyada idarə heyəti Hökümət, Birliklər, peşəkar təşkilatlar və xəstələrin ictimai təşkilatları fəaliyyət göstərirlər. Qonşu Gürcüstanda on beş ilə yaxındır icbari tibbi sığorta tətbiq olunur ki, bu da əhalinin 80%-ni təşkil edir.

Seçim xidmətlərin keyfiyyətinə işləyəcək

Qeyd olunmalı məqam ondan ibarətdir ki, burada hər bir şəxs istədiyi müalicə müəssisəsini özü seçə bilir və istədiyi həkimdən tibbi yardım almaq hüquqi vardır.

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı çətinliklərdən biri də qeyri-rəsmi işlərlə məşğul olan əhalinin sığortalanmasıdır. Bu problem tək Azərbaycanda deyil, bütün inkişaf edən ölkələrdə var. Belə şəxslər çox zaman sığorta sisteminə çox gec, istədikləri zaman, yaşlandıqda, səhhətləri ilə bağlı müəyyən risk yarandıqda qoşulurlar. Bir sıra ölkələr buna qarşı tədbirlər görür.

Türkiyə və Almaniya təcrübəsini misal göstərək. Həmin ölkələrdə belə şəxslərə deyirlər ki, istədiyiniz zaman sığorta sisteminə qoşula bilmərsiniz. Əgər onlar ötən 5 il ərzində tibbi sığortaya görə heç bir ödəniş etməyibsə və işsiz olmayıblarsa onlardan bu sistemə qoşulmaq üçün çox yüksək məbləğ tələb edirlər. Azərbaycanda da belə mexanizmin olacağını deyə bilməsək də, ancaq dünya təcrübəsində belədir.

Sistemin səmərəli tətbiqi üçün nələrin edilməsinə ehtiyac var?

Qanunvericiliyin o cümlədən normativ hüquqi aktların uyğunlaşdırılmasına ehtiyac var. Belə ki, Səhiyyə Nazirinin 1 fevral 2008-ci il tarixli qərarına əsasən dövlət xəstəxanalarında tibbi xidmət pusluzdur. Təbii sual yararnır: əgər səhiyyə xidməti pulsuzdursa, nə üçün icbari tibbi sığortanın tətbiqinə ehtiyac var? Səhiyyə Nazirliyinin qərarlarının Azərbaycanın bu sahədəki qanunvericiliyinə uyğunlaşdırılması olduqca vacibdir;

Digər bir misal, İngiltərədə xəstəxanaların 95 faizi dövlət himayəsindədir. İcbari tibbi sığortanın da əsas tətbiqi dövlət xəstəxanalarıdır. Özəl sektora aid deyil. Düzdür, özəl sektor bu sığorta sistemi ilə işləyə bilər, ancaq bu onların borcu deyil. Dövlət xəstəxanalarında bu sosial müdafiənin bir elementi kimi icbari tibb sığortası həyata keçirilir. Dövlət xəstəxanaları kütləvi şəkildə özəlləşəcəksə, onda bu icbari tibb sığortası hansı mexanizmlə həyata keçiriləcək? Belə cavabı xeyli çətin olan suallar meydana çıxır.

Bundan başqa, sığorta ödənişlərinin işə götürən ilə işçi arasında bölüşdürülməsi mexanizmlərinin aydın formalaşdırılmasına ehtiyac var. Sığortanın yalnız işçinin üzərinə düşməsi işçi üçün sosial ağırlıq yarada bilər. İşəgötürənin icbari tibbi sığortanın ödənilməsinə məsul edilməsi isə, işçilərlə müqavilə bağlanması məsələsini xeyli yubandıracaq. İşəgötürənlər işçilərlə müqavilə bağlamaqda maraqlı olmayacaqlar. Buna görə də bir sıra Avropa ölkələrində olduğu kimi, icbari tibbi sığortanın işəgötürən və işçi arasında bölüşdürülməsi məqsədəuyğun hesab olunur;

İqtisadçı-alim Vüqar Bayramov bildirib ki, icbari tibbi sığortanın tətbiqi zamanı digər əhəmiyyətli məqamlardan biri xəstəxanaların bu prosesə hazır olmasıdır. Təəssüf ki, bu gün xüsusilə dövlət xəstəxanaları sığorta şirkətləri ilə işləmək təcrübəsinə tam malik deyillər. Hətta vətəndaşın sığortası olduqda belə, bəzi xəstəxanalarda vətəndaşdan əlavə ödənişlər tələb olunur. Xəstəxanaların bu prosesə hazırlanması, onların sığorta şirkətləri ilə işləmə ənənəsi formalaşmalıdır: "Tədqiqatlar göstərir ki, “Tibbi sığorta haqqında” qanun indiki tələbləri tam olaraq ödəmir. Bu baxımdan həmin qanunda bir sıra boşluqlar var ki, onlar icbari tibbi sığortanın tətbiqinə imkan vermir. Qanunvericilikdə icbari tibbi sığortanın tətbiqi mexanizmləri göstərilməlidir".

Səhiyyənin maliyyələşdirmə mexanizminin dəyişdirilməsinə ehtiyac var. Azərbaycanda hər min nəfərə 7,6 xəstəxana çarpayısı düşür: Bu göstərici Almaniyada 3,8, Türkiyədə isə 2,3-dür. Ölkəmizdə çarpayıların sayının çox olmasına baxmayaraq ondan istifadə göstəricisi başqa dövlətlərlə müqayisədə xeyli aşağıdır. Çarpayıların cəmi 26,1 faizi istifadə edilir. Bu göstərici Almaniyada 89,5, Rusiyada 86,0, Türkiyədə 61,9 faizdir. Avropa Birliyi üzrə həmin göstərici 76,9, MDB üzrə isə 85,9 faizdir. Buna görə də, icbari tibbi sığortanın tətbiqi ilə yanaşı səhiyyənin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi olduqca vacibdir.

Cavid Şahverdiyev, avrasiya.net saytı