01 İyun 2019

Mingəçevirdə sağlamlıq imkanları məhdud uşaqlar bayram sevinci yaşayıb

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Nevroloji Sanatoriyasında bayram tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan şənlikdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının nümayəndələri balacaların sevincinə şərik olub, onları bayram münasibətilə təbrik ediblər. Qeyd olunub ki, ölkəmizdə bütün uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunub, əlverişli mənəvi və sosial mühitdə böyümələri üçün zəruri şərait yaradılıb.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram şənliyinə qatılan klounlar, nağıl personajları fidanları əyləndirib, musiqili proqram təqdim ediblər. Gələcəyimiz olan uşaqlara bayram hədiyyələri bağışlanıb.