06 Aprel 2019

Naxçıvanda müasir səhiyyə infrastrukturu və güclü kadr potensialı yaradılıb

Dövlətimizin başçısı İlham Əliyevin Ulu Öndərin müəyyənləşdirdiyi yolu uğurla davam etdirməsi ölkəmizdə səhiyyə sisteminin də inkişafına səbəb olub. Bu gün Naxçıvan Muxtar Respublikasında da ən müasir səhiyyə infrastrukturu və güclü kadr potensialı yaradılıb. Son illər tikilərək və ya yenidən qurularaq istifadəyə verilən, müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, həkim ambulatoriyaları insan amilinə verilən dəyərin daha bir ifadəsidir.

Muxtar respublikanın səhiyyə sistemində aparılan quruculuq işlərinin və islahatların əhatə dairəsi xeyli genişlənib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunur ki, Sədərək Rayon Mərkəzi Xəstəxanası, Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası, Diaqnostika-Müalicə Mərkəzinin publik hüquqi şəxsə çevrilməsi, ötən ildən Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətlərinin müasir tələblər səviyyəsində təşkilinə hesablanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 25 yanvar tarixli Sərəncamı və “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 18 mart tarixli Fərmanı muxtar respublikada icbari tibbi sığortanın tətbiqi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.