18 Dekabr 2018

Nicat qapısı

35 yaşlı Mingəçevir şəhər sakini Jalə Həsənova anadangəlmə ürək qüsuru (fallo tetradası) ilə dünyaya göz açıb. 2008-ci ildə ailə quran Jalənin səhhəti 2009-cu övladı doğulduqdan sonra daha da ağırlaşır. Əmək qabiliyyəti məhdudlaşan ana körpəsini qucağına belə ala bilmir.

Müalicə üçün əvvəl ölkə daxilindəki xəstəxanalara üz tutulur. Daha sonra Gürcüstan, Türkiyədə ümid axtarışına çıxırlar. Hər dəfə də əməliyyat üçün tələb olunan xərclər imkanları aşır, borc-xərc hesabına planlaşdırılan əməliyyat qarşılığında isə xəstənin sağalacağına kimiləri zəmanət verir, kimiləri yox.

Jalənin həyat yoldaşı Rəfael Həsənov geriyə baxıb acı günləri belə xatırlayır: “Pulu ödəməyə imkanımız çatmadığı üçün hər şeyi taleyin ixtiyarına buraxdıq”.

Və o gün hər şey möcüzə kimi dəyişir...

2016-cı ilin sonunda Jalə bacısından icbari tibbi sığorta sistemi (İTSS) və onun köməyilə belə ağır əməliyyatların pulsuz edilməsi haqda eşidir, amma inanmır: “Yoldaşım isə ümidini itirmir, bunu dəqiqləşdirmək üçün Mingəcevir Şəhər Xəstəxanasına müraciət edir. Nəhayət, 2017-ci ilin oktyabrında İTSS-nin sayəsində heç bir vəsait ödəmədən əməliyyat olundum”.

10 ildən artıq davam edən evliliklərində ancaq çətinliklər gördüklərini deyən R.Həsənov sanki həyata yenidən gəldiklərini dilə gətirir: “Jalə sağlamlığına qovuşduğundan evliliyimizin son ayları bizim üçün daha gözəl keçib. Buna görə İTSS-yə, bu imkanı yaradan ölkə rəhbərinə təşəkkür edirik”.

***

Jalə kimi bir çox insanın ümidlərinə çıraq yandıran İTS modeli ölkəmizdə hələ “gənclik dövrü”nü yaşasa da, beynəlxalq aləmdə diqqəti özünə çəkə bilib. Azərbaycanın həmrəylik prinsipinə əsaslanan İTS modeli Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bəyənilir və ali qurum milli modelimizin nümunəvi model kimi digər ölkələrə də təqdim edilməsini təklif edir.

Keyfiyyətli tibbi xidmətlərə əlçatanlığı təmin etmək missiyası daşıyan milli İTSS İcbari Tibbi Sığorta Agentliyinin (ITSA) departament rəhbəri Araz Nəsirovun da dediyi kimi, imkanlıların imkansızlıları, cavanların yaşlıları qoruduğu sosial layihədir.

“Sabaha sağlam addımlayaq” devizi altında Mingəçevir, Yevlax və Ağdaşda həyata keçirilən pilot layihənin gələn ildən bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur.

Əslində, yeni və böyük bir model olan İTSS haqda məlumatları kiçik bir yazıya sığdırmaq mümkünsüzdür. Modelin daha geniş təfərrüatları (http://its.gov.az/az/v-t-nda-lar-ucun/n-cox-veril-n-suallar/) ilə tanış olmağı oxucuların öz ixtiyarına buraxıb, digər nüanslara diqqət çəkməyi lazım bildik.

***

Reallıq odur ki, bu gün müalicə xərcləri ödənişindən ehtiyat edən insanlarımız həkimə daha çox vəziyyətləri ağırlaşdığı halda üz tuturlar. Avropa İttifaqının “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinniq layihəsinin rezident tvinniq müşaviri Qediminas Çerniauskas da ölkədə çox sayda tibbi heyət və xəstəxana yataqlarının olmasına baxmayaraq, nağd ödənişlər və tibbi xidmətlərin qiymətlərinin yüksək səviyyədə olması üzündən xidmətlərdən istifadə intensivliyinin aşağı olduğunu deyir.

Məhz belə problemlərin həllinə çalışan İTS xəstəlik səbəblərindən ölüm hallarının azalmasına da öz töhfəsini verəcək. Təkcə bunu demək yetər ki, Mingəcevirdə 2016-cı ildə 639 nəfər öldüyü halda, İTSS-nın tətbiqindən sonra - zamanında aparılan müayinə və müalicə səbəbindən bu rəqəm 2017-ci ildə 607 nəfərə enib.

Sistem xəstənin tibbi xidmətin dəyərinin ödənilməsi narahatlığına son qoyur, həkimə zamanında müraciət etmək imkanı yaradır, insanlarda sağlamlıqlarının qayğısına vaxtında qalmaq mədəniyyəti formalaşdırır. Belə yanaşma isə sonda ölkə əhalisinin ömür uzunluğunun artmasına gətirib çıxaracaq. Bu amil dünya təcrübəsində artıq öz əksini tapıb.

***

Ən yaxşı səhiyyə sistemlərinə malik ölkələrdən olan İsveçrənin səhiyyə sistemində tibbi yardımın göstərilməsində bazar yanaşması və İTSS unikal uyğunluq təşkil edir. Bunun nəticəsində ölkədə ömür uzunluğunun dünyada ən yüksək yeri tutması faktdır. İki səviyyəyə malik Avstriya səhiyyə sistemi də ən mükəmməllər sırasındadır; ilkin səviyyədə (baza) hamı pulsuz müalicə edilir. Daha mürəkkəb, ixtisaslaşdırılmış müalicə üçün isə sığorta planı və ya nağd pula ehtiyac yaranır. Fransada da İTSS-də baza xidmətlər əsasən iş yerinə bağlı sığorta fondları vasitəsilə təmin edilir. Bu fondlar, formal olaraq, özəl şirkətlər hesab olunsa da, faktiki olaraq, dövlət tərəfindən sıx tənzimlənir və nəzarət edilir. Sığorta ödəmələrinin (əsasən əmək haqqı vergisi ilə maliyyələşdirilən) səviyyələri, ödənişlər və səhiyyə işçilərinə təzminat hökumət tərəfindən müəyyən edilir. Hələ ki, ən yaxşı səhiyyə sisteminə malik olmasa da, Rusiyanın səhiyyə naziri Veronika Skvortsova da əmin edir ki, İcbari Tibbi Sığorta Fondunun hesabına 2018-ci ildə səhiyyə sahəsində adambaşına düşən normativlərdə (bir nəfər üçün İTSS-də ayrılan məbləğ) 21,7 faiz artım olacaq.

Azərbaycanda da İTSS-nin tətbiqindən gözləntilər çoxdur. Baş nazirin müavini Əli Əhmədov hesab edir ki, modelin tətbiqi nəticəsində əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq, səhiyyənin maliyyələşdirilməsinin daha müasir forması yaranacaq. Nəticədə səhiyyəyə ayrılan dövlət vəsaiti daha səmərəli istifadə olunacaq, həmçinin yeni modelin işə düşməsi ilə bu sferada sosial ədalət prinsipinin daha əhatəli tətbiqinə nail olunacaq.

***

Maliyyə axınlarının şəffaflaşdırılmasında da əhəmiyyəti rol oynayan İTSS vətəndaş və həkim arasında birbaşa “pul əlaqələri”nin yaranmasının qarşısını alır. Eyni zamanda sistem maliyyələşdirilmə prosesinin təkmilləşməsinə xidmət etməklə, səhiyyə xidmətlərinin təşkili üçün dövlətin üzərinə düşən yükü azaldır, vəsaitlərin səmərəli xərclənməsinə imkan yaradır. Pilot ərazilərdə aparılan araşdırmalar göstərir ki, xəstəxanaların öz resurslarından daha məhsuldar istifadə etməsinə nail olunmaqla, 2016-cı il ilə müqayisədə 2017-ci ildə əhalinin sağlamlıqları ilə əlaqədar mövcud maliyyə yükü baza zərfi çərçivəsində 100% azaldılıb.

Sistemin maliyyə mənbəyinə gəlincə, bəzi ölkələrdə onu genişləndirmək üçün dövlət büdcəsi ilə yanaşı, işəgötürən və işçilərdən toplanılan sığorta haqlarından da istifadə edilir. Məsələn, İTSS-nin əsas maliyyələşmə mənbəyi sığorta haqları olan Almaniyada 14.6, Xorvatiyada 15, Estonioyada 13 faiz sığorta haqqı toplanılır.

Azərbaycanda ilkin mərhələdə bu vəsaitin 3 faizə yaxın olması, onun 2 faizinin işçinin, 1 faizinin işəgötürənin payına düşməsi təklif olunur.

Dünya təcrübəsində sığorta haqlarının 5 faizdən aşağı olmasına rast gəlinmədiyini deyən Milli Məclisin deputatı Musa Quliyev ölkədə sığorta haqları faizinin ən azı, 4-5 olmasını daha düzgün sayır. Hesab edir ki, faizin azlığı tibbi xidmətlərin həcminin genişləndirilməsinə, keyfiyyətinin yüksəlməsinə mane ola bilər. Ona görə də bu amillər indidən nəzərə alınmalıdır.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova hesab edir ki, tibbi xidmət vətəndaşların həmrəyliyi təfəkkürü ilə təşkil olmalıdır. Bunun üçün Bolqarıstan modelini nümunə gətirən sədr deyir ki, bu ölkədə əhalinin işçi qüvvəsinin aylıq əməkhaqqısından 8% tutulur və Milli Tibbi Sığorta Fonduna köçürülür. Bolqarıstanda tibbi sığortası olmayan xəstə vətəndaş son üç ayın ən minimal əmək haqqının 8% -ni ödəməklə xəstəxana seçib, müxtəlif tibbi xidmət ala bilir: “Bu cür sistem müxtəlif əməliyyatlara ehtiyacı olanlar və dərman preparatları əldə etmək üçün əlverişli sistemdir. Lakin hesab edirəm ki, ömürboyu sürən qeyri-infeksiyon xəstəliklər üçün tibbi xidmət Dövlət Proqramı çərçivəsində təşkil edilməlidir”.

Ekspertlər təklif edirlər ki, xəstəxanaya müraciət edən vətəndaşın xidmət haqqı dəyərinin çox hissəsi sığorta paketi çərçivəsində, az hissəsi müraciət edənin özü tərəfindən nağd şəkildə də ödənilə bilər. Bu variant vətəndaş üçün maliyyə baxımdan xeyirli olmaqla yanaşı, insanların sistemdən sui-istifadə etməsinin qarşısı alacaq, növbəliyi azaldacaq, şəffaflığa təminat verəcək.

Son nəticə isə odur ki, sabaha sağlam addımlamağımız üçün İTSS-nin ölkə üzrə tezliklə tətbiqi arzuolunan və qaçılmazdır.

İlhamə İsabalayeva, Trend informasiya agentliyi