13 İyul 2019

Qusarda vətəndaşlar icbari tibbi sığortanın ölkə üzrə tətbiqi haqqında maarifləndirilib

İcbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar iyulun 12-də Qubada keçirilən maarifləndirmə tədbirində bildirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi görüşdə icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə hazırlıq haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən səhiyyə islahatları icbari tibbi sığortanın tətbiqinə geniş imkanlar yaradıb.

Tədbirdə Dövlət Agentliyinin məsul əməkdaşları Tural Qulu və Elvin Abbasov çıxış edərək bildiriblər ki, əhalinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı maarifləndirilməsi ilə əlaqədar ilin sonunadək Bakı şəhərində, regionlarda, həmçinin ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Regionlarda əhali ilə ilk görüş Quba rayonunda təşkil olunub. İyulun 13-də isə Qusar rayonunda sakinlərlə görüş nəzərdə tutulub. Bu görüşlərdə əhaliyə gələn ildən tətbiq olunacaq icbari tibbi sığorta sistemi, fəaliyyət istiqamətləri, sığorta haqları, tibbi sığorta ilə əlaqədar xidmətlər paketi haqqında ətraflı məlumat verilir.

Diqqətə çatdırılıb ki, artıq icbari tibbi sığorta çərçivəsində əhalinin yararlana biləcəyi xidmətlərin toplusunu özündə əks etdirən xidmətlər zərfi hazırlanıb. Qarşıya qoyulan əsas vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir. Üç ilə yaxındır ki, ölkənin üç bölgəsində icbari tibbi sığorta üzrə pilot layihə tətbiq olunur. Pilot layihə çərçivəsində bir sıra dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlığın bariz nümunəsi Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” Tvinninq layihəsidir. Layihənin icrasına 2017-ci ilin avqustunda başlanılıb. Bu müddət ərzində Azərbaycan, Fransa və Litvadan olan mütəxəssislər birgə işləyib və nəzərdə tutulan hədəflərə çatıblar.

Görüşdə xarici ekspertlər fransalı Mişel Villak və litvalı Gintaras Kaçeviçius öz ölkələrinin icbari tibbi sığorta sahəsindəki təcrübəsini iştirakçılarla bölüşüblər.

Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyar Sərvərov çıxış edərək deyib ki, Qubada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, müasir infrastrukturun yaradılması əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Kadr hazırlığının aparılması, səhiyyə müəssisələrində ən müasir tibbi avadanlıqların quraşdırılması, yeni texnologiyaların tətbiqi mürəkkəb cərrahi əməliyyatların, eləcə də bütün müayinə və müalicələrin muxtar aparılmasına imkan verir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.