20 Dekabr 2018

Ağdaş rayonunda telesəhiyyə xidmətləri istifadəyə verilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirilən pilot layihə çərçivəsində “Sphera Health Care AZ” şirkətinin dəstəyi ilə Ağdaş rayonunda telesəhiyyə xidmətlərini istifadəyə verib. Telesəhiyyə xidmətləri çərçivəsində “Telefonla konsultasiya”, “Video konsultasiya”, “Yazılı konsultasiya” və “Teletibb” xidmətləri göstərilir.

"Telefonla konsultasiya" xidməti Agentliyin 1542 nömrəli Çağrı Mərkəzi vasitəsilə göstəriləcək. Ağdaş sakinləri bu xidmət vasitəsi ilə ailə həkimi və pediatrlarla əlaqə saxlayaraq, səhhətləri ilə əlaqədar onlara suallar verə bilərlər. Eyni zamanda həkimlər tərəfindən instrumental və laborator müayinələrin nəticələri təhlil edilərək xüsusi müalicə protokollarına əsasən yan təsirsiz və allergik reaksiya göstərməyən dərman vasitələrinin istifadəsi haqqında pasiyentlərə tövsiyələr verilə bilər.

Bundan əlavə, Ağdaş sakinləri ailə həkimi və pediatrlarla “Video konsultasiya” və “Yazılı konsultasiya” xidmətləri vasitəsilə də əlaqə saxlaya bilərlər. Bu xidmətlərdən onlar veb-platformadan və ya planşetlərinə/smartfonlarına Play Market və ya App Store-dan "eSphera" və "eSphera Videocall” mobil tətbiqini yükləyərək faydalana bilərlər. Həmin tətbiqə daxil olmaq üçün istifadəçi yaşadığı ölkəni seçməli, elektron poçt ünvanını və şifrəni, şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməlidir. İstifadəçi əsas menyuda "Tibbi xidmətlər" bölməsinə keçdikdən sonra istədiyi xidməti (video zəng, yazılı konsultasiya və həkimlə danışın) seçməlidir. Video zəng xidmətinə daxil olaraq müraciətçi onunla əlaqə qurulması üçün uyğun tarix və saat seçməli, əlaqə nömrəsini və yaşadığı şəhəri göstərməlidir. “Video konsultasiya” vasitəsi ilə həkim pasiyentin ümumi vəziyyətini qiymətləndirə bilər və onu narahat edən problemlərlə bağlı ilkin tibbi rəy verə bilər. Bu xidmət sakinlər üçün xəstəxanaya getməyi tələb etməyən xəstəliklərlə bağlı (psixosomatik xəstəliklər) xəstəxanada həkim qəbulunu gözləmədən onlardan məlumat almaq imkanı yaradır.

Yazılı konsultasiya üçün isə istifadəçi “Tibbi konsultasiya” bölməsinə daxil olaraq həkimlərə səhhətinə dair suallar ünvanlaya bilər.

Ətraflı müayinə olunmaq istəyən sakinlər üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasında “Teletibb” xidməti istifadəyə verilib. “Teletibb” otağı vasitəsilə Ağdaş sakinləri Bakıya getmədən həkim mütəxəssislərdən konsultasiya ala bilərlər. Bura müraciət edən bütün sakinlər həftənin müəyyən günlərində təyin olunmuş cədvələ əsasən, xüsusi rəqəmsal avadanlıqla müayinə olunaraq dar ixtisaslı mütəxəssislərin (kardioloq, infeksionist, ftiziatr, nefroloq, dermatoloq, onkoloq, pulmonoloq, psixoloq endokrinoloq) məsləhətlərini ala bilərlər. Beləliklə də, məsafədən asılı olmayaraq, aparılan müayinələrin nəticələri xüsusi proqram vasitəsi ilə həkimin kompüterinə yüklənir və o, məlumatları təhlil edərək tibb bacısına diaqnostik testlər aparmaq üçün müraciət edir, xəstəyə ilkin tibbi rəyini, müalicə variantlarını və ya məsləhətlərini verir.