Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb

24.06.2025, 10:02

İcbari tibbi sığortanın tətbiq edildiyi dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda keçirilən 11 günlük təlim kursu başa çatıb. Təlim İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə təşkil olunub. Təlim xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib.

Təlim proqramında Agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşları ilə yanaşı, 13 dövlət tibb müəssisəsinin direktor və müavinləri də iştirak ediblər.

Təlim proqramının bağlanış mərasimində Ankara Universitetinin rektoru Prof. Dr. Necdet Ünüvar, Sağlamlıq Elmləri İnstitutunun direktoru Prof. Dr. Emine Özmete, TİKA-nın vitse-prezidenti Prof. Dr. Rəhman Nurdun və Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak ediblər. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov isə tədbirə onlayn qaydada qoşulublar.

Tədbirin açılışında çıxış edən Prof. Dr. Emine Özmete qeyd edib ki, bu proqramlar davamlı şəkildə həyata keçirilməlidir: “Sağlamlıq idarəçiliyi sahəsində qazandığımız təcrübənin qardaş Azərbaycana ötürülməsi iki ölkə arasındakı strateji əməkdaşlığa da töhfə verir”.

TİKA-nın vitse-prezidenti Prof. Dr. Rəhman Nurdun bildirib ki, 1992-ci ildən bu günə qədər Azərbaycanda 1500-dən çox layihə həyata keçiriblər: “Onlardan 160-ı məhz səhiyyə sahəsinə aiddir. TİKA olaraq Azərbaycanın səhiyyə sahəsindəki inkişaf təşəbbüslərinə daim dəstək verməyə və birgə yeni layihələr həyata keçirməyə hazırıq”.

Zaur Əliyev təlim proqramının keçirilməsində Agentliyə dəstək olan TİKA-ya və Ankara Universitetinə dərin təşəkkürünü bildirib: “2022-ci ildən etibarən artıq 5-ci dəfədir ki, bu təlimlər keçirilir və bu müddət ərzində iştirakçılar tibb müəssisələrinin effektiv idarə olunmasına dair yeni bilik və yanaşmalara yiyələniblər. İcbari tibbi sığortanın uğurlu tətbiqində tibb müəssisələrində idarəetmənin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır və bu kimi beynəlxalq təcrübə mübadiləsi prosesə mühüm töhfə verir”.

Vüqar Qurbanov çıxışında qeyd edib ki, keçirilən təlimlər fəaliyyətimizin məqsədinə doğru atılan mühüm addımlardandır: “Dövlət səhiyyə siyasətinin mütərəqqi idarəçilik yolu ilə həyata keçirilməsi və tibb müəssisələrinin beynəlxalq standartlara uyğun təşkili əsas vəzifələrimizdəndir”.

Prof. Dr. Necdet Ünüvar isə çıxışında bu təlimlərin həm peşəkar, həm də mənəvi baxımdan önəmini vurğulayıb: “Bu təlimlərlə sadəcə məlumat paylaşmırıq, həm də qardaş ölkə ilə təcrübəmizi bölüşürük. 70 saatdan çoxunu əhatə edən bu proqramın faydalı olacağına ürəkdən inanıram. Eyni niyyətlə bu işi gələcəkdə də davam etdirəcəyik”.

Rəşad Məmmədov qeyd edib ki, bu təşəbbüsün uzun müddət davam etməsi təşkilatçılar və iştirakçıların işə olan ciddi və məsuliyyətli münasibətindən xəbər verir: “Bu proqramlar həm Azərbaycan, həm də Türkiyə səhiyyəsinin inkişafına böyük töhfə verir. İki qardaş ölkə arasında səhiyyə sahəsində davamlı əməkdaşlığın möhkəmlənməsi hər iki tərəf üçün qiymətli təcrübə və bilik mübadiləsi imkanı yaradır”.

Təlim müddətində iştirakçılar xəstəxanalarda insan resurslarının idarəedilməsi, keyfiyyətin idarəedilməsi və akkreditasiya, səhiyyə xidmətlərinin maliyyələşdirilməsi və iqtisadi qiymətləndirmə, eləcə də xəstəxanalarda korporativ fəaliyyətin qiymətləndirilməsi kimi mövzularda müzakirələr aparıblar.

Proqram çərçivəsində nümayəndə heyəti Türkiyənin bir sıra tibb müəssisələrində və idarəetmə strukturlarında olub, səhiyyə idarəçiliyi sahəsində informasiya texnologiyalarının tətbiqi imkanlarını yerindəcə araşdırıblar.

Qeyd edək ki, təlim proqramı Ankara Universitetinin Səhiyyənin idarə edilməsi bölməsinin professor-müəllim heyəti, müvafiq xəstəxanaların rəhbər və işçiləri və Türkiyə Səhiyyə Xidmətlərində Keyfiyyət və Akkreditasiya İnstitutu tərəfindən tədris edilib. 

Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue