Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Ötən il ərzində icbari tibbi sığorta hesabına 98 mindən çox minimal invaziv cərrahiyyə əməliyyatı icra olunub

18.08.2025, 10:26

Minimal invaziv cərrahiyyə adlanan, kiçik kəsiklərlə, xüsusi avadanlıq və müasir texnologiyalarla həyata keçirilən bir çox əməliyyatlar icbari tibbi sığorta təminatına daxildir. Bu üsul pasiyentlər üçün daha az risk, az ağrı və qan itkisi, qısa bərpa müddəti ilə seçilir. Ənənəvi açıq əməliyyatlara nisbətən bu müdaxilələr zamanı infeksiya riski, hospitalizasiya müddəti və travmatizasiya əhəmiyyətli dərəcədə azalır. 2024-cü il ərzində 98 365-dən çox minimal invaziv cərrahi müdaxilə icbari tibbi sığorta hesabına həyata keçirilib.

İcbari tibbi sığorta hesabına göstərilən minimal invaziv cərrahi xidmətlər bir sıra əsas sahələri əhatə edir. Ürək-damar sisteminə aid əməliyyatlar - müxtəlif lokalizasiyalı arteriyalara stent qoyulması, qapaqların endovaskulyar yolla dəyişdirilməsi, torakal və abdominal aortaya endovaskulyar yolla qreft implantasiyası, damarların balonla genişləndirilməsi (balon valvuloplastika), aritmiyalara səbəb olan sahələrin ablasiyası və s. kimi müdaxilələr həyati əhəmiyyət daşıyır.

Sinir sistemi və onurğa ilə bağlı icra olunan prosedurlar arasında serebrospinal (likvor) maye dövranının çətinləşdiyi və ya tamamilə mümkün olmadığı hallarda likvorun dövr etməsi üçün şunt yerləşdirilməsi, onurğa ağrılarından qurtarmaq üçün faset denervasiyası, kompession fəqərə sınıqlarında və sınıq riski olan fəqərə cisimlərinə sümük sementinin yeridilməsi (vertebroplastika) və bir çox digər müdaxilələr minimal travma ilə həyata keçirilir.

Həzm sistemi üzvlərinin xəstəliklərində qida borusu, mədə, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, nazik və yoğun bağırsaqlar üzərində icra edilən bir çox əməliyyatların endoskopik və laparoskopik üsullarla icrası pasiyentlər üçün daha təhlükəsiz, az ağrılı və bərpa müddətinin qısa olması ilə fərqlənir.  

Urologiya istiqamətində də bir sıra minimal invaziv müdaxilələr icbari tibbi sığorta təminatına daxildir. Bunlara misal olaraq böyrəkdə yığılan sidiyin ifrazına maneə yarandığı hallarda sidiyin xaric olunması üçün böyrək ləyəninə boru yerləşdirilməsi (nefrostomiya), böyrək, sidik axarları, sidik kisəsi daşlarının və zədələnməsinin endoskopik yolla çıxarılması və destruksiyası, prostat vəzi üzərində sidik kanalından keçməklə icra edilən əməliyyatları göstərmək olar.

Ginekoloji sahədə isə uşaqlıq, yumurtalıqlar və fallop boruları, uşaqlıq yolu üzərində aparılan əməliyyatlar da (məs., miomanın çıxarılması (laparoskopik miomektomiya), uşaqlığın çıxarılması (histerektomiya), endometrioz ocaqlarının yandırılması (koaqulyasiya), eləcə də uşaqlıq sallanmasının aradan qaldırılması və bir çox digər müdaxilələr) minimal invaziv üsulla icra oluna bilər.

Bunlardan başqa döş qəfəsi orqanları və dayaq hərəkət sistemi (oynaq, sümük, əzələ və vətərlər) üzərində icra olunan minimal invaziv əməliyyatlar da travmatizasiya, qan itkisi, ağrını minimuma salmaqla pasiyentlərin normal həyata daha tez dönməsinə xidmət edir.

Məlumat üçün bildirək ki, bu üsulla aparılan əməliyyatlardan sonra sağalma müddəti 2-3 dəfə qısalır və infeksiya riski 40–60% azalır. Bu isə həm pasiyentin həyat keyfiyyətinə, həm də səhiyyə sisteminin səmərəliliyinə müsbət təsir göstərir.

İcbari tibbi sığorta hesabına təqdim olunan minimal invaziv cərrahi xidmətlər tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və göndərişlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur. Pasiyentlər bu xidmətlərdən yararlanmaq üçün ilkin olaraq ailə həkiminə və ya müvafiq ixtisaslı həkimə müraciət etməlidirlər.

 

Son xəbərlər

Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue
Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialı yaradılıb
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə koxlear implantasiya ilə bağlı 3 yeni tibbi xidmət əlavə edilib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
Ötən il icbari tibbi sığorta barədə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib
23.01.2026
Ətraflı oxu arrow-right-blue
İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
13.01.2026
Ətraflı oxu arrow-right-blue
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər
07.01.2026
Ətraflı oxu arrow-right-blue
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
Ətraflı oxu arrow-right-blue