21 İyun 2024 10:57

İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır

İcbari tibbi sığorta hesabına histerektomiya – uşaqlığın çıxarılması əməliyyatı ödənişsiz həyata keçirilir. 2022-ci ildən 2024-cü ilin ilk 4 ayını əhatə edən dövr ərzində icbari tibbi sığorta hesabına 13 250 histerektomiya əməliyyatı icra olunub.

Gecikmiş reproduktiv və premenopauzal dövrlərdə uşaqlığın mioması, müalicəyə tabe olmayan uşaqlıq qanaxmaları, endometrioz (uşaqlığın daxili təbəqəsi), hamiləlik və doğuş vaxtı uşaqlığın zərər görməsi, uşaqlıq boynu xərçəngi əməliyyat üçün göstəriş hesab edilir. Xüsusilə uşaqlıq və ya yumurtalıq xərçəngi olan xəstələrdə bu əməliyyatın aparılması zəruri hal alır ki, bu da xəstəliyin ciddi fəsadlara yol açmasının qarşısını almağa köməklik göstərir. Bu əməliyyat laparoskopik, abdominal və vaginal üsullarla aparılır.

Laparoskopik histerektomiya qarın boşluğunda çox kiçik dəliklər açmaqla, abdominal histerektomiya açıq kəsiklə, vaginal histerektomiya isə uşaqlıq yolunun yuxarı hissəsindən aparılan kəsik vasitəsilə icra olunur. Xəstəliyin növündən və mərhələsindən asılı olaraq müvafiq üsul ixtisaslaşmış həkim tərəfindən təyin edilir.

Qeyd edək ki, uşaqlıq yolunda patoloji dəyişiklikləri erkən mərhələdə aşkarlamaq məqsədilə HPV testi (İnsan papilloma virusu), Pap testi (uşaqlıq boynundan yaxmanın götürülməsi və mikroskopiyası), USM, rentgenoqrafiya, histeroskopiya, KT, MRT, sistoskopiya,  kolonoskopiya kimi diaqnostik müayinələr icbari tibbi sığorta təminatına daxildir. Bundan əlavə, patoloji dəyişikliklərə şübhə olduqda uşaqlıq boynunun biopsiyası və götürülən materialın histoloji müayinəsi də ödənişsiz şəkildə aparılır.

Sözügedən tibbi xidmətlə bağlı ambulator və stasionar şəraitdə aparılan instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, o cümlədən,  yatış müddətində manipulyasiyalar, qan və ya qan komponentləri icbari tibb sığorta tərəfindən qarşılanır.

Histerektomiya əməliyyatının müddəti əməliyyatın aparılma səbəbindən asılı olaraq dəyişsə də, ortalama 1-3 saat davam edir. Histerektomiya əməliyyatı icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitutlarında həkim göstərişi əsasında icra olunur.

 

Zəng sifariş et