28 İyun 2024 10:51
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti cari ilin 24-28 iyun tarixlərində Yaponiyaya işgüzar səfər edib. Səfər Yaponiyanın icbari tibbi sığorta sahəsində əldə etdiyi nailiyyətlər ilə tanış olmaq və tibbi xidmət sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşıyıb.
İşgüzar səfərin ilk günündə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Yaponiyanın Səhiyyə, əmək və rifah nazirinin parlament üzrə müavini cənab Shizaki Akihisa ilə görüşüb. Zaur Əliyev ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta sistemi haqqında məlumat verib və baş tutan səfərin Yaponiyanın tibbi sığorta sisteminin öyrənilməsinə, o cümlədən qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və birgə layihələrin həyata keçirilməsinə imkan yaratdığını vurğulayıb. O, həmçinin bu il ölkəmizdə baş tutacaq olan dünyanın ən böyük beynəlxalq konfransı – COP29 barədə məlumat verib və bildirib ki, qlobal “Yaşıl və sağlam xəstəxanalar” proqramını rəhbər tutaraq səhiyyə sektorundakı davamlılıq və ekoloji sağlamlığı gücləndirmək üçün hər bir ölkənin mövcud səyləri dəstəkləməsi əhəmiyyətli məsələlərdəndir.
Nazir müavini isə öz növbəsində Azərbaycan nümayəndələrinin Yaponiyanın səhiyyə və tibbi sığorta sistemi ilə yaxından maraqlanmasını yüksək qiymətləndirərək əməkdaşlıq etməkdən hər zaman məmnun olduğunu bildirib. O əlavə edib ki, qlobal tərəfdaşlığın inkişafı hər iki tərəfin səhiyyə sisteminin inkişafına təkan vermək baxımından əvəzsiz rola malikdir.
Günün davamında Tibbi Sığorta Bürosunun əməkdaşları nümayəndə heyətinə Yaponiyanın tibbi sığorta sisteminin strukturu, Tibbi Siyasət Bürosunun mütəxəssisləri təcili tibbi yardım, həmçinin ailə həkimi sistemi ilə bağlı son illərdə həyata keçirilən təşəbbüslər, Əczaçılıq İşi Bürosunun ixtisaslaşmış nümayəndələri isə müvafiq olaraq əczaçılıq sahəsinin idarəetmə strukturu barədə ətraflı məlumat veriblər.
Tibbi təhsilin təşkili və xəstəxanaların idarəetmə sisteminin müzakirəsi ilə bağlı Yaponiyanın sağlamlıq və rifah sahəsində ixtisaslaşmış ilk universiteti olan Beynəlxalq Sağlamlıq və Rifah Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Zaur Əliyev və universitetin sədri Kuninori Takagi birgə təlim proqramlarının təşkili barəsində fikir mübadiləsi aparıblar.
Agentliyin nümayəndə heyəti universitetin tabeliyində fəaliyyət göstərən ölkənin ən nüfuzlu tibb müəssisələrindən olan Sanno xəstəxanası və Sanno Tibb Mərkəzi ilə tanış olublar. Daha sonra nümayəndə heyəti klinik təcrübə ilə bağlı əsas tibbi tədqiqatların aparılması, səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın təşviqi kimi mühüm məsələlərin icrası ilə məşğul olan, o cümlədən hazırda xəstəxana kimi fəaliyyət göstərən Qlobal Səhiyyə və Tibb üzrə Milli Mərkəzə səfər edərək burada təcili tibbi yardım otağı, reanimasiya və intensiv terapiya xidməti bölmələrini ziyarət edib, təcili tibbi yardım, əczaçılıq və radiologiya şöbəsinin mütəxəssisləri ilə tibbi xidmətlərin təşkili mövzusunda fikir mübadiləsi aparıblar.
Agentliyin nümayəndə heyəti sığorta çərçivəsində tibbi ödənişlərin ekspertizasını həyata keçirən Tokio Metropolitan Milli Sağlamlıq Sığorta Təşkilatına səfər edib. Qurumun ixtisaslaşmış mütəxəssisləri tibb müəssisələrinə sığorta ödənişləri üçün müraciət prosedurlarının izahı, qeydiyyat prosesinin təşkili və həkimlərdən ibarət Nəzarət Komitəsinin iş fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat təqdim ediblər.
Səfər çərçivəsində Yaponiyanın Tibbi Sığorta Assosiasiyasında təqdimat sessiyaları həyata keçirilib. İki qurumun əsas fəaliyyətinə həsr olunan təqdimatlar zamanı hər iki ölkədə eyni sahədə qurulan sistemlə tanışlığın təcrübə mübadiləsi baxımından qarşılıqlı faydalı olduğu bildirilib.
Xəbərlər
İcbari tibbi sığorta ilə qarşılanan aritmiyaların cərrahi müalicəsində beynəlxalq sertifikatlı cihazlardan istifadə olunur
11 Oktyabr 2024 11:23
İcbari tibbi sığorta infeksion xəstəliklərin diaqnostikasını qarşılayır
08 Oktyabr 2024 09:35
Sidik-ifrazat sisteminin katerizasiyası icbari tibbi sığorta təminatına daxildir
30 Sentyabr 2024 15:15
Tənəffüs sisteminin funksional diaqnostikası icbari tibb sığorta ilə qarşılanır
24 Sentyabr 2024 15:32
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edib
20 Sentyabr 2024 17:16
Eşitmə problemlərinin erkən diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır
17 Sentyabr 2024 15:04
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
13 Sentyabr 2024 17:54
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
12 Sentyabr 2024 10:35
Agentlik və TƏBİB-in əməkdaşları Koreya Respublikasında səfərdə olublar
11 Sentyabr 2024 14:24
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26