12 Oktyabr 2022 16:10

İcbari tibbi sığortanın tətbiqi ilə Quba RMX-də dəyişilənlər

Ana ölümü yoxdur, uşaq ölümündə azalma var...

Aygün Dərgahova böyrək ağrısı şikayəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasındadır. İcbari tibbi sığorta barədə kütləvi informasiya vasitələrindən eşidib: “İlk dəfə pulsuz müayinə haqqımdan istifadə etdim. Deyilənləri gözlərimlə də gördüm”.

Evdar qadın olan 57 yaşlı Zeynəb Bədəlovanın xəstəxanaya yolu düşməsə də, burada qüvvədə olan sistemdən xəbərdardır: “İcbari tibbi sığorta barəsində eşitmişdim. İndi həm də gördüm. Üzügülər münasibət, yaxşı şərait mənə harada olduğumu unutdurdu”.

Rəhim Zülfüqarov isə həm diabet, həm də dializ xəstəsidir. Yüksək şəkər gözlərinə vurub. Xəstəxanaya daim gedib-gələnlərdəndir yəni. İcbari tibbi sığortanın verdiyi imkanlardan istifadə edir: “Yaxşı ki dövlətimiz bu şəraiti yaradıb. Kaş ki dərmanları da versəydilər”.

3 ildə 1 milyon 500 mindən çox tibbi xidmət 

İcbari tibbi sığortanın tətbiqi ilə Quba Rayon Mərkəzi Xəstəxanasında bir çox şey, ilk növbədə, onun siması dəyişib, xidmətin keyfiyyəti artıb, əhatəsi genişlənib. Tibb ocağı “rayon xəstəxanası” statusunu çoxdan aşıb. Bütün şimal bölgəsinə keyfiyyətli tibbi xidmət üçün şərait yaradılıb. Radiologiya, Laboratoriya, Terapiya, Travmatologiya, Cərrahiyyə, Reanimasiya, Uşaq, Yoluxucu, Nevrologiya, Doğum, Hemodializ şöbələrinin işi müasir standartlara uyğun qurulub. Elektron sənəd dövriyyəsi yaradılıb və bu, son illərdə xəstəxananın ən böyük nailiyyətlərindən biri kimi dəyərləndirilir. Tezliklə analizlərin nəticələri xəstələrin öz telefonuna da göndəriləcək.

Qubada ən müasir IV nəsil laboratoriya qurulub. Reanimasiya şöbəsinə ağır xəstələrə dərman maddələrinin uyğun dozada yeridilməsi üçün infuzomatlar və 15 ədəd süni tənəffüs aparatı qoyulub. Xəstəxana EMQ (Elektromioqrafiya), EKQ (Elektrokardioqramma), USM (Ultrasəs müayinəsi), Rentgenoskopiya, Kolonoskopiya, KT (Kompüter tomoqrafiyası) və göz müayinələri üçün lazımi avadanlıqlarla təchiz olunub. Xəstəxananın direktor müavini - baş həkim Əmir Əliyevin sözlərinə görə, bura ölkədə müasir rəqəmsal rentgen aparatının olduğu nadir xəstəxanalardandır.

Bundan başqa, psixoloji yardım, qazilərə xidmət məqsədilə koordinasiya, 6 rayona xidmət göstərən perinatal mərkəzlər tam gücü ilə fəaliyyətdədir. İxtisaslı, peşəkar kadrların sayı artıb. Təcili tibbi yardım həkimləri təlimləndirilib, 20-yə yaxın feldşer hazırlanıb. 
Dərman təminatında da problem yoxdur.

Xəstəxananın direktoru Əliyar Sərvərov deyir ki, onlar ilk növbədə tibbi xidmətin düzgün təşkili ilə öyünürlər. 2020-ci ildən xəstəxanaya 470 045 müraciət daxil olub. Müraciətlər üzrə 1 474 148 ambulator, 47 241 stasionar xidmət göstərilib. Bu müddətdə 14 211 cərrahi əməliyyat icra olunub. 

Hazırda gün ərzində ambulator şəraitdə 1200-1500 xəstəyə xidmət göstərilir. Stasionar yatış 10 nəfər, cərrahi əməliyyatlar 15-20 nəfər arasında dəyişir.

331 çarpayılıq xəstəxananın ən böyük sınağı “COVID-19” virusunun səbəb olduğu pandemiya dövründə olub və onlar bu sınaqdan üzüağ, ən əsası, böyük təcrübə ilə çıxıblar.

Təcili tibbi yardımın təşkilində effektivlik

Türkiyənin təcili tibbi yardım sistemi Qubada məharətlə icra olunur. Özü gələn, yaxud təcili tibbi yardım avtomobili ilə gətirilənlər kritik vəziyyətdən çıxarılır, lazımdırsa, əməliyyata, hər hansı problemi yoxdursa, evinə göndərilir. Zərurət olarsa, xəstə 12 çarpayılıq təcili tibbi yardım şöbəsində 1 sutka saxlanılır.

Təcili tibbi yardım xəstəxanadan kənarda da təşkil edilib. 4 Ailə Sağlamlıq Mərkəzi, 18 kənd həkim məntəqəsi, 92 kənd tibb məntəqəsi olan rayonda əlavə 3 təcili tibbi yardım şöbəsi də yaradılıb və bu sistem çağırışlara vaxtında, operativ və effektli cavab verməyə imkan verir: “Vəlvələ kənd həkim məntəqəsində, Qonaqkənd və Rustov kənd ASM-lərində artıq bir ildir əhaliyə xidmət edən təcili tibbi yardım məntəqələri sayəsində ölüm hallarında azalmaya nail olmuşuq. Xüsusən, Vəlvələdə təcili tibbi yardım xidmətinin fəaliyyətinin bu statistikaya ciddi təsirini müşahidə edirik”.

İnsan həyatı üçün zamanla yarışan təcili tibbi yardım həkimlərinin işi xəstəni gördükləri andan başlayır. Ə.Sərvərov deyir ki, təcili tibbi yardım zamanı yol verilən taktiki səhv xəstəxanada ölümə səbəb olur: “Təcili tibbi yardım həkimi bizdən yaxşı olmalıdır, çünki biz müdaxilədə ikinci mərhələdəyik”.

Təcili tibbi yardım avtomobilində video müşahidə

Hərçənd ixtisas sahələri üzrə həkimlər artıq ilk mərhələdən xəstələrə müdaxilə edə bilirlər, təbii ki, təcili tibbi yardım həkimlərinin əli ilə. Bu nailiyyət xəstəxanada pilot olaraq həyata keçirilən “Təcili yardım avtomobilində video müşahidə və xəstənin yerində konsultasiyası” layihəsi ilə əldə edilib. Ə.Sərvərovun sözlərinə görə, ilansancma, avtoqəza, elektrik cərəyanının vurması və bu kimi başqa hallarda təcili tibbi yardım həkimləri nə qədər hazırlıqlı, peşəkar olsalar da, travmatoloq, reanimatoloq, ya da kardioloq deyillər: “Ümumi bilikləri olsa da, ixtisasları fərqlidir. Onlar kamera ilə təchiz edilən təcili tibbi yardım avtomobilindən xəstəxana ilə əlaqə saxlayır, xəstənin profilinə uyğun həkimdən göstəriş alırlar. Hazırda iki təcili tibbi yardım avtomobilinə kamera quraşdırılıb. Kameralaşdırılmış təcili tibbi yardım avtomobilimiz istənilən çağırışa getməyə hazır olsa da, yalnız xüsusi hallarda onların çağırışa göndərilməyini məqsədəuyğun sayırıq”.

Hələlik, sadəcə direktorun, reanimasiya və təcili tibbi yardım şöbələri müdirlərinin bağlana bildiyi təcili tibbi yardım avtomobillərinə daha çox xəstəxananın qoşulmasını nəzərdə tutan layihə hazırlayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim ediblər. Ə.Sərvərov deyir ki, layihə reallaşdırılanda təcili tibbi yardım avtomobilləri ölkədəki bütün xəstəxanalarla bağlantı qurmaq imkanına malik olacaq.

“Daşınma dünyanın hər yerində önəmlidir və düzgün idarə olunmalıdır”, - deyən Ə.Sərvərov xəstəxananın əlavə bir neçə reanimobillə təmin olunacağını da bildirib: “Hazırda bizdə reanimobil var, onunla istənilən xəstəni dünyanın o başına da apara bilərik”.

Qubada “Uşaq acili” yaradılır

Şimal bölgəsində 151 min uşaq var. Onlara xidmət üçün xəstəxanada yaradılan uşaq şöbəsinin fəaliyyəti nəticə verib: “Qızdırmadan qıc olan usağı o vəziyyətdə niyə Bakıya göndərməliyik? 7 aydan çoxdur nevroloji, psixoloji kimi ixtisaslaşmış yardımlar istisna olmaqla, bizdən Bakıya xəstə uşaq getmir”.

Hazırda şöbədə “Uşaq acili”nin yaradılmasına da başlanılıb.

Həkimlər üçün inkişafedici mühit

Quba Rayon Mərkəzi Xəstəxanasında çalışan heyətin bacarıqlarının təkmilləşdirilməsi istiqamətində də planlı fəaliyyət nəzərə çarpır. Yaradılan inkişafedici mühit sayəsində xəstəxana gənc həkimlərin həvəslə seçdiyi iş yerinə çevrilib. Həmin həkimlərdən biri 38 yaşlı həkim-qastroenteroloq, endoskopist Məhəmməd Hüseynzadədir: “Pirallahıda işləyirdim. Burada işləməyə icbari tibbi sığortanın tətbiqindən sonra gedən dəyişikliklər barədə eşidib qərar verdim”.

Bakıdan Qubaya gələn gənc göz həkimi Gülşən Mehtiyeva da işlədiyi yerdən razıdır. Burada olduğu 2 ildə bölgənin sevimli həkiminə çevrilib. Region xəstəxanalarında oftalmoloq, endokrinoloq çatışmazlığına diqqət çəkən Ə.Sərvərov Qubada böyük tələbat olan bu ixtisas sahəsi üzrə həkimin olmasını öz üstünlüklərindən biri kimi dəyərləndirib.

Perinatal Mərkəzdə riskli hamiləliklər...

Problemli hamiləliklər idarə olunur, ölümlə nəticələnən doğuşlar dövrü keçmişdə qalır. Bu isə şimal bölgəsinin III səviyyəli doğuşa yardım mərkəzi olan Quba Regional Perinatal Mərkəzinin son illərdə əldə etdiyi nailiyyətlərdəndir. Belə ki, icbari tibbi sığortanın tətbiqinə başlandığı 2 il 9 ay ərzində Mərkəzdə 75 faizi risk qrupuna aid olan 7687 hamiləyə tibbi xidmət göstərilib. Mərkəzdə körpəsini qucağına alacağı günü həyəcanla gözləyənlərdən biri Günel Bayramova preeklampsiya xəstəliyi üzündən artıq ikinci dəfədir ki, həyəcanlı hamiləlik keçirir. Quba Rayon Mərkəzi Xəstəxanasının direktor müavini, Quba Regional Perinatal Mərkəzinin rəhbəri Şəhla Həsənova deyir ki, preeklampsiya hamiləliyin ağır patologiyasıdır və çox vaxt hamiləliyin yarımçıq sonlandırılması ilə nəticələnir: “Çalışırıq ki, körpənin yetişməsi üçün ana bətnində lazımi vaxt tamamlansın. Lakin bunu ananın həyatını təhükəyə atmadan edirik. Günel xanım preeklampsiya səbəbindən ilk uşağını vaxtından əvvəl dünyaya gətirmişdi. Buna baxmayaraq, uşağı sağ-salamat evə yola saldıq. Amma ikinci hamiləlik həkimlərimizin nəzarətində olduğundan preeklampsiyanın inkişafını ləngidə, hamiləliyi sona çatdıra bilirik”.

Mərkəzə ağır vəziyyətdə gətirilən hamilələrə müasir avadanlıqlarla yüksək ixtisaslı tibbi yardımın nəticəsidir ki, ana ölümü baş verməyib. Üstəlik, fizioloji doğuşa üstünlük verilib, qeysəriyyə əməliyyatı cəmi 29 faiz təşki edib. Belə ki, icbari tibbi sığortanın tətbiqindən bəri Mərkəzdə 6863 doğuş olubsa, yalnız 2021 halda bu yol seçilib. Xəstələrin 40 faizi ətraf rayonlardan ağır hamiləlik patologiyaları ilə gələnlər olub”.

Ölümə meydan oxuyan yenidoğulmuşlar

Körpə təxliyəsi demişkən, yenidoğulmuşların reanimasiya şöbəsində icbari tibbi sığortanın tətbiqinə başlanıldıqdan bu günədək 1181 körpə müalicə alıb. Hazırda bu otağın sakinlərindən biri Təranə Paşayevanın 7 aylıq körpəsidir. Yüksək təzyiqlə xəstəxanaya çatdırılan ananın hamiləliyi sonlandırılıb. Onun 8 ildən sonra doğduğu 900 qram çəkidə olan ilk övladının həyatı üçün isə həkimlər mücadilə edirlər.

İnkişaf qüsuru ilə doğulan və təcili cərrahi müdaxiləyə ehtiyacı olan körpələr K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna təxliyə olunurlar.

qafqazinfo.az

Zəng sifariş et