30 Oktyabr 2018 10:59
Pilot ərazilərdə ümumi əhali və pasiyentlər arasında keçirilən sorğuların nəticələri açıqlandı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) “Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəzi” İctimai Birliyi tərəfindən pilot ərazilərdə əhali (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) və pasiyentlər (Mingəçevir şəhəri, Yevlax rayonu) arasında keçirilmiş sorğuların nəticələri əsasında hazırlanan analitik hesabatları ictimaiyyətə təqdim edib.
“İcbari tibbi sığorta sisteminin pilot ərazilərdə tətbiqinə dair ümumi əhalinin məmnunluğunun qiymətləndirilməsi üzrə sosioloji sorğu”da Mingəçevir şəhərindən 400, Yevlax rayonundan 325 və Ağdaş rayonundan 400 respondent iştirak edib.
Mingəçevir şəhəri və Yevlax rayonunda həm icbari tibbi sığortanın (İTS) tətbiqi dövrünü əhatə edən (2017-2018-ci illər, son 12 ay), həm də İTS-nin tətbiqindən əvvəlki dövrü əhatə edən müddətlər (2016-cı il, 12 ay), Ağdaş rayonunda isə yalnız İTS-nin tətbiqindən əvvəlki dövrü əhatə edən müddət (2017-ci il, 12 ay) üzrə sorğu aparılmışdır. İTS-nin Ağdaş rayonunda sorğunun keçirildiyi vaxtdan bir ay əvvəl tətbiq olunduğunu və burada yaşayan vətəndaşların İTS sistemi barədə az məlumatlı olduğunu nəzərə alaraq bəzi parametrlər üzrə ümumi əhalinin fikri bu regionda öyrənilməmişdir.
Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti İTS-nin tətbiq olunmasına müsbət münasibət bildirib. Mingəçevir şəhəri üzrə bu göstərici 88%, Yevlax rayonu üzrə 79.3%, Ağdaş rayonu üzrə isə 85.8% təşkil edir.
2017-2018-ci illərdə (son 12 ay) Yevlax rayonunda göstərilən tibbi xidmətlərdən ümumi əhalinin 88.6%-i, Mingəçevir şəhərində 86.5%-i, 2017-ci ildə (12 ay) Ağdaş rayonunda 76.7%-i məmnun olduğunu vurğulayıb. Sorğu zamanı respondentlər tərəfindən cibdən ödənişlərin ləğv olunması (Mingəçevir şəhəri üzrə 86.7%, Yevlax rayonu üzrə 85.8%), tibb müəssisəsinin sanitar – gigiyenik şəraiti (Mingəçevir şəhəri üzrə 89.7%, Yevlax rayonu üzrə 73.4%) və həyati vacib, dəyəri yüksək əməliyyatlara əlçatanlıq (Mingəçevir şəhəri üzrə 71.8%, Yevlax rayonu üzrə 74.5%) müsbət qiymətləndirilib.
Sorğunun nəticələri onu deməyə əsas verir ki, İTS-nin tətbiqindən sonra tibbi xidmətlər əldə etmək üçün maddi sıxıntı keçirən respondentlərin sayı kəskin şəkildə azalıb. Cərrahi əməliyyat olunan respondentlər arasında İTS-nin tətbiqindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə bu göstəricinin Mingəçevir şəhəri üzrə 59.3%-dən 4%-ə, Yevlax rayonu üzrə 61.8%-dən 3.1%-ə qədər endiyi müşahidə edilib. Respondentlərin maddi sıxıntı keçirməsi hallarının azalmasına səbəb isə pilot regionlarda yaşayan vətəndaşların baza zərfinə daxil olan 1829 adda tibbi xidmətdən ödənişsiz istifadə edə bilməsidir.
Ağdaş rayonunda keçirilən sorğu ümumi əhalinin İTS-nin tətbiqindən kifayət qədər nikbin gözləntilərinin olduğunu ortaya çıxardı. Belə ki, respondentlərin 46.5%-i İTS-nin tətbiqinin cibdən ödənişlərin aradan qaldırılmasına, 56.5%-i əhalinin sağlamlığının yaxşılaşdırılmasına səbəb olacağını bildirib.
“İcbari tibbi sığorta sisteminin pilot ərazilərdə tətbiqinə dair pasiyentlərin məmnunluğunun qiymətləndirilməsi üzrə sosioloji sorğu”da Mingəçevir şəhərindən və Yevlax rayonundan eyni sayda pasiyent (hər regiondan 150 nəfər) iştirak edib. Sözügedən sorğu Prezidentin Ağdaş rayonu üzrə İTS-nin tətbiqi ilə bağlı imzaladığı Fərmandan bir ay sonra keçirildiyi üçün bu pilot ərazidə İTS-nin tətbiqinə dair pasiyentlərin münasibətləri öyrənilməyib.
Sorğuda iştirak edən pasiyentlərin (Mingəçevir şəhəri və Yevlax rayonu) 90.3%-i İTS-nin tətbiqindən, 87.6%-i isə göstərilən tibbi xidmətlərdən məmnunluğunu bildirib.
Hesabatda göstərilir ki, pasiyentlərin əksəriyyəti səhhətləri ilə əlaqədar əsasən xəstəxanalara (86.7%) və Ailə Sağlamlıq Mərkəzlərinə (82.5%) müraciət edir.
Respondentlərin 83.5%-i ödənişsiz tibbi xidmətlərə, 81.4%-i həyati vacib, dəyəri yüksək əməliyyatlara əlçatanlığı, 87.4%-i isə cibdən ödənişlərin ləğv olunmasını müsbət qiymətləndirib.
Sorğuların nəticələrindən məlum olmuşdur ki, İTS-nin tətbiqindən sonra tibbi xidmətlər əldə etmək üçün maddi sıxıntı keçirən pasiyentlərin sayı kəskin şəkildə azalıb. Cərrahi əməliyyat olunan respondentlər arasında İTS-nin tətbiqindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə bu göstəricinin Mingəçevir şəhəri üzrə 45.3%-dən 0.7%-ə, Yevlax rayonu üzrə isə 63.3%-dən 1.3%-ə qədər endiyi müşahidə edilib.
Qeyd edək ki, sorğular Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 fevral tarixli 1830 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqinə dair tədbirlər planı”nın 14-cü bəndinə əsasən keçirilmişdir.
Hesabatlar ilə Agentliyin rəsmi internet saytından (its.gov.az) tanış ola bilərsiniz.
Xəbərlər
Sidik-ifrazat sisteminin katerizasiyası icbari tibbi sığorta təminatına daxildir
30 Sentyabr 2024 15:15
Tənəffüs sisteminin funksional diaqnostikası icbari tibb sığorta ilə qarşılanır
24 Sentyabr 2024 15:32
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edib
20 Sentyabr 2024 17:16
Eşitmə problemlərinin erkən diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır
17 Sentyabr 2024 15:04
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
13 Sentyabr 2024 17:54
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
12 Sentyabr 2024 10:35
Agentlik və TƏBİB-in əməkdaşları Koreya Respublikasında səfərdə olublar
11 Sentyabr 2024 14:24
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59