22 Noyabr 2018 17:01

Tvininq layihəsinin nailiyyətlərinə dair tədbir keçirilib

22 noyabr 2018-ci il tarixində Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, Fransanın Beynəlxalq Texniki Ekspertiza Agentliyinin (Expertise France) Litvanın sosial müdafiə qurumları ilə birlikdə icra etdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin nailiyyətlərinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirin əsas məqsədi layihənin nəticələri və perspektivləri ilə bağlı iştirakçıları məlumatlandırmaq, eyni zamanda tərəfdaşlarla beynəlxalq təcrübəni paylaşmaq üçün imkan yaratmaqdır.

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra Agentlik) nümayəndələri, tvininq layihəsinin heyəti, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəliyinin rəhbəri, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri, Litva Respublikasının Sosial Müdafiə və Əmək Nazirliyinin nümayəndəsi, beynəlxalq mütəxəssislər və Bakı şəhərində yerləşən tibb müəssisələrinin həkimləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova layihə çərçivəsində Azərbaycanda icbari tibbi sığortanın (İTS) ölkə üzrə tətbiqinin layihələndirilməsi və maliyyələşdirmə modelinin işlənilməsi, baza zərfinin təkmilləşdirilməsi, tibb təchizatçıları ilə müqavilələrin bağlanılması, informasiya texnologiyalarının inkişafı ilə bağlı verilən tövsiyə və təkliflərin pilot layihənin tətbiqində böyük rol oynadığını bildirib.

ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, vətəndaşların daha keyfiyyətli səhiyyə xidmətləri ilə təmin edilməsində Azərbaycan hökumətinə dəstək göstərməyə hazırdır.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan qeyd edib ki, səhiyyə xərclərinin azaldılması, o cümlədən xüsusilə analara və uşaqlara daha yaxşı tibbi xidmətlərin göstərilməsi nəticəsində gələcəkdə ölkə daha məhsuldar insan resurslarına malik olacaqdır.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Rza Zülfüqarzadə qeyd edib ki, aparılan islahatlar dövründə tvininq layihəsinin icrası İTS ilə bağlı müxtəlif təcrübələrin öyrənilməsi baxımından yaxşı fürsətdir. Layihənin icrası nəticəsində Azərbaycan İTS ilə bağlı daha çox təcrübəsi olan dövlətlərlə yanaşı, onunla ortaq tarixi keçmişə malik üzv dövlətlərin də bu sahə üzrə təcrübəsini öyrənir.

Agentliyin Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov bildirib ki, İTS-nin ölkə üzrə tətbiqi ilə bağlı Yol Xəritəsi müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir: “Yol Xəritəsinə əsasən, dövlət tibb müəssisələrinin İTS sisteminə hazırlanması və maliyyə dayanıqlılığının təmin edilməsi nəzərdə tutulur”.

Litva Respublikasının Sosial Müdafiə və Əmək Nazirliyinin nümayəndəsi Ula Urbaite bildirib ki, son illər ərzində Azərbaycanda səhiyyə sistemi inkişaf edib və səhiyyə xidmətlərindən istifadə daha da asanlaşıb. Onun fikrincə, Azərbaycanda İTS sisteminin idarəedilməsinin müasir tələblərə uyğunlaşdırılması sahəsində tədbirlərin görülməsi zəruridir.

Üzv dövlət tərəfindən layihə rəhbəri Mişel Villakın fikrincə, İTS-nin tətbiq edildiyi pilot ərazilərdə ilkin nəticələr qənaətbəxşdir: “Biz İTS-nin ölkə ərazisində tətbiq edilməsi ilə bağlı qərarı gözləyirik”.

Səhiyyə sistemində mövcud resursların səviyyəsini nəzərə alsaq, İTS-nin tətbiqi Azərbaycanda səhiyyə sektoruna qoyulan investisiyalardan daha çox istifadə etməyə, o cümlədən daha səmərəli və keyfiyyətli tibbi xidmətlərin təminatına imkan yaradacaqdır.

Zəng sifariş et