21 Noyabr 2022 16:20

Agentlik “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən uşaqların tibbi yardım almaq hüquqları barədə məlumatlandırılması, vaxtında keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsi məqsədilə “Uşaq hüquqları aylığı” çərçivəsində bir sıra tədbirlər icra olunub.

20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylıq çərçivəsində Agentliyin nümayəndələri tərəfindən Bakı şəhəri T.Həsənov adına 23 nömrəli və general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəblərdə uşaq hüquqları, beynəlxalq sənədlər, eləcə də uşaqların icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə imkanları barədə tədbirlər keçirilib. 9, 10 və 11-ci sinif  şagirdlərinin, psixoloq və müəllim heyətinin iştirakı ilə keçirilən hər iki tədbirdə ümumilikdə 400 nəfər iştirak edib.

Bununla yanaşı, Bakı şəhəri 1 və 20 nömrəli uşaq poliklinikalarında 90 nəfərə yaxın həkim, orta tibb işçisi, psixoloq və valideynin iştirakı ilə təlim keçirilib. Tədbirdə yerli və beynəlxalq qanunvericilikdə uşaq hüquqlarının tənzimlənməsi, uşaqlarla düzgün rəftar və davranış qaydaları, eyni zamanda uşaqlarla bilavasitə çalışan tibb işçilərinə icbari tibbi sığortadan istifadə qaydaları barədə ətraflı məlumat verilib. Bütün tədbirlərdə iştirakçılar məlumatlandırıcı materiallar ilə təmin olunublar.

Aylıq çərçivəsində Agentliyin təşəbbüsü ilə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub. Müayinələrə ümumilikdə 14 nəfər olmaqla 1-18 yaş qruplarında olan uşaq və yeniyetmələr, həmçinin uşaq sığınacağında məskunlaşan qadınlar cəlb olunublar.

Qeyd edək ki, Agentlik gələcək nəsillərin sağlamlığını təmin etmək məqsədilə uşaqları daim diqqət mərkəzində saxlayır və onların vaxtında müayinə, müalicələri istiqamətində davamlı tədbirlər görür. Belə ki, Agentliyə təqdim edilən ilkin hesabatlara əsasən 2022-ci ilin yanvar-oktyabr ayları ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində 35 620 650 tibbi xidmət göstərilib. 10 milyona yaxın (27%) tibbi xidmətdən uşaqlar istifadə edib.

Cari ilin yanvar-sentyabr ayları ərzində dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətlərlə bağlı özəl tibb müəssisələrinə göndəriş əldə edən uşaqlara 1346 tibbi xidmət göstərilib. Sözügedən tibbi xidmətlərin 387-ni oftalmoloji, 246-nı travmatoloji, 184-nü ürək-damar cərrahiyyəsi təşkil edib. Koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə ümumilikdə 82 olub.

Bununla yanaşı, Agentlik tərəfindən aidiyyəti qurumlarla birgə “Təhlükəsiz analıq” adlı pilot layihə icra olunur. Ana və uşaq sağlamlığının yaxşılaşdırılması məqsədilə icra olunan layihə çərçivəsində doğum və reproduktiv sağlamlıq sahəsində çalışan tibb personalının potensialının artırılması, ailə planlaması, arzuolunmayan hamiləliklərə vaxtında müdaxilə və s. kimi prioritet mövzular üzrə əhali arasında müxtəlif maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılıb.

Məlumat üçün bildirək ki, “Uşaq hüquqları aylığı” Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunub.

Zəng sifariş et