06 Dekabr 2019 15:58

“Baş tibb bacısının/qardaşının işinin tənzimlənməsi” mövzusunda təlim keçirilib

06 dekabr 2019-cu il tarixində  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə “Baş tibb bacısının/qardaşının işinin tənzimlənməsi” mövzusunda iki hissəli təlim keçirilib. Təlim nəzəri hissədən və praktiki məşğələlərdən ibarət olub.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təşkil edilən təlimdə icbari tibbi sığortanın ilkin mərhələdə tətbiq olunacağı 20 regionun tibb müəssisələrində, eləcə də pilot ərazilərdəki tibb müəssisələrində çalışan baş tibb bacıları/qardaşları iştirak ediblər.
Təlim baş tibb bacılarına/qardaşlarına işlərinin təkmilləşdirilməsi sahəsində görülməli olan tədbirlər barədə məlumat və tövsiyələr vermək, onları təlimatlandırmaq məqsədi ilə keçirilib.  
Təlim iştirakçılarını salamlayan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, tibb bacılarının/qardaşlarının peşəkar hazırlıq səviyyəsi keyfiyyətli tibbi xidmətlərin göstərilməsində əhəmiyyətli rol oynayır. O cümlədən o, bütün ölkə üzrə tibb bacılarının/qardaşlarının peşəkarlığını artırmaq məqsədilə xüsusi fəaliyyət planının hazırlandığını və mərhələli şəkildə həyata keçiriləcəyini vurğulayıb.
Agentliyin İnsan resurslarının idarəedilməsi və inkişafı departamentinin rəhbəri Günay Qasımova öz növbəsində qeyd edib ki, Agentliyin hədəfi TƏBİB-in tabeliyinə veriləcək tibb müəssisələrində çalışan tibb işçilərinin bilik, bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə, təlim zamanı əldə etdikləri bilik və təcrübənin gələcəkdə səmərəli tətbiqinə nail olmaqdır. Nəticə etibarı ilə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasını, tibb müəssisələrinə müraciət edənlərin icbari tibbi sığorta sisteminə etimadını və xidmətlərdən məmnunluq səviyyəsinin yüksəldilməsini təmin etməkdir. 
Təlimdə baş tibb bacılarının/qardaşlarının vəzifə öhdəlikləri, habelə tibb müəssisələrində infeksion nəzarət sisteminin təşkili, yeni yaradılacaq Tibb bacıları şöbəsinin fəaliyyət istiqamətləri, onun prinsipləri və digər mövzular üzrə məlumat verilib. 
Bu istiqamətdə təlimlər mərhələli şəkildə ölkənin digər regionlarının aidiyyəti tibb heyəti üçün təşkil ediləcək. 

Zəng sifariş et