22 Sentyabr 2021 10:18

“Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda təlim keçirilib

2021-ci ilin iyul və sentyabr aylarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və onun tabeliyindəki tibb müəssisələrinin əməkdaşları üçün “Korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizə”, “Etik davranış qaydaları” mövzusunda təlim keçirilib.

Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi, ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Consulting və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan, Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində keçirilib. Təlimçi qismində Açıq Hökumət Milli Platformasının koordinatoru Əliməmməd Nuriyev və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov çıxış ediblər.  

Təlimdə Agentlik, TƏBİB, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz və  3 nömrəli Şəhər Klinik Xəstəxanasından ümumilikdə 111 nəfər iştirak edib.

Təlimdə “Etik davranış qaydaları” və “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət” mövzularında təqdimatlar nümayiş olunub. Təlim iştirakçılarına həkimlərin etik davranış qaydaları, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədi, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətə baxılması və s. məsələlər barədə məlumatlar verilib.

Etik davranış qaydaları və korrupsiya ilə əlaqədar hüquqpozmalara dair konkret keyslər iştirakçılarla birgə təhlil və həll edilib. Təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, təlim Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə təşkil edilib.

Zəng sifariş et