18 Dekabr 2019 11:43

TƏBİB-in İdarə Heyətinin sədri Dünya Bankının nümayəndələri ilə görüşüb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Dünya Bankının səhiyyə üzrə baş mütəxəssisləri Federika Secci və Elvira Anadolu ilə görüşüb. Görüşdə Dünya Bankı ilə səhiyyə sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Ramin Bayramlı TƏBİB-in yaranmasının məqsədi, vəzifə və fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib. O bildirib ki, qurumun tabeliyinə verilmiş dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və standartlaşdırılması məqsədilə İşçi Qruplar yaradılıb: “İşçi Qruplar tərəfindən 2020-ci ilin yanvar ayının ilk iş həftəsindən başlayaraq mart ayının sonuna kimi tibb müəssisələrində monitorinqlərin keçirilməsi planlaşdırılıb. Monitorinqlərin nəticələri əsasında tibb müəssisələrində mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin görülməsi nəzərdə tutulub”.

R.Bayramlı qeyd edib ki, respublikada tibbi kadr potensialının artırılması istiqamətində görüləcək işlər TƏBİB-in qarşısında duran əsas prioritet vəzifələrdən biridir. Başlıca məqsəd bu sahədə tədbirləri sürətləndirməklə 3 il ərzində ölkədə tibbi kadr çatışmazlığı problemini aradan qaldırmaqdır.

Dünya Bankının əməkdaşları F.Secci və E.Anadolu Dünya Bankının son dövrlərdə Azərbaycan, Türkiyə və Gürcüstan ilə həyata keçirdiyi birgə layihələr barədə məlumat verib və TƏBİB-lə əməkdaşlıq edəcəklərindən məmnun olduqlarını bildiriblər. Görüşün davamında vətəndaşların ilkin səhiyyə xidmətlərinə əlçatanlığı, pasiyentin anamnestik məlumatlarının qeydiyyatı və saxlanılması, genetik xəritənin müəyyən edilməsi, onlayn xəritə sistemi mövzularında qonaqların sualları cavablandırılıb. 

Zəng sifariş et