18 Noyabr 2022 15:54

Tvininq layihəsi çərçivəsində Litva Respublikasına səfər təşkil olunub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) nümayəndələri 14-18 noyabr tarixlərində “Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” adlı tvininq layihəsi çərçivəsində Litva Respublikasında səfərdədir.

Səfər müddətində Agentliyin əməkdaşları Litva Respublikasının Milli Tibbi Sığorta Fondu, Səhiyyə Nazirliyi, Səhiyyənin Akkreditasiyası üzrə Dövlət Agentliyində görüşlər keçiriblər. Nümayəndə heyəti həmçinin Vilnüsün Antakalnis poliklinikası, Litvanın Sağlamlıq Elmləri Universitetinin “Kauno Klinikos” xəstəxanası, Alitus və Druskininkay şəhərlərində fəaliyyət göstərən tibb müəssisələrinə baş çəkiblər.

Səfər çərçivəsində icbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyalarının tətbiqi və geri ödəmə sistemləri mövzularını əhatə edən geniş təqdimatların edilməsi planlaşdırılıb. Eyni zamanda Xidmətlər Zərfindəki tariflərin hesablanması və tənzimlənməsi, tibb müəssisələrinin lisenziyalaşdırılması və akkreditasiyadan keçməsi qaydalarının təhlili və öyrənilməsi, icbari tibbi sığorta ilə bağlı ictimaiyyətlə əlaqələrin effektiv qurulması və təkmilləşdirilməsi, düzgün kommunikasiya alətlərinin tətbiqi barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Zəng sifariş et