14 İyun 2022 14:27

Uşaqlarda kistoz fibroz xəstəliyinin aşkarlanması üçün müayinələr aparılır

Kistoz fibroz (kistik fibrozis) xəstəliyinin erkən diaqnostikası məqsədilə 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayının sonunadək həkim təyinatına uyğun olaraq uşaqlar arasında 282 “tər testi” aparılıb. İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan bu müayinəyə, əsasən, erkən yaş dövründə olan uşaqlar cəlb olunub. “Tər testi”ndə iştirak edənlərin 46-sı 1 yaşa qədər olan körpələr, 123-ü 1-3 yaş arası, 53-ü 3-6 yaş arası, 60-ı isə 6 yaşdan yuxarı olan uşaqlardır.

Müayinələr zamanı 27 nəfərin test nəticəsi müsbət, 49 nəfərinki şübhəli, 206 nəfərin test nəticəsi isə mənfi çıxıb. Kistik fibrozis diaqnozu təsdiqlənən uşaqlar Uşaq Klinik Xəstəxanasının Kistoz Fibroz Mərkəzində qeydiyyata alınır. Burada onlar qidalanma, fiziki inkişaf və tənəffüs göstəriciləri ilə bağlı həkim tərəfindən mütəmadi kontrol müayinələrə cəlb olunurlar. Hazırda Mərkəzdə kistoz fibroz diaqnozu təsdiqlənmiş 43 uşaq qeydiyyatdadır.

Qeyd edək ki, hazırda “tər testi” TƏBİB-in tabeliyindəki Bakı şəhərində fəaliyyət göstərən K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Uşaq Klinik Xəstəxanasında aparılır. Kistoz fibroz - irsi yolla keçən və metabolizm prosesinin pozulması nəticəsində yaranan xəstəlikdir. Bu xəstəliyin körpənin həyatının ilkin dövründə müşahidə olunan əlamətlərinə yenidoğulmuşda uzun müddət davam edən sarılıq, düz bağırsağın sallanması, xroniki diareya, öskürək, təngnəfəslik, pnevmoniya, dəridən duzlu dad gəlməsi, fiziki inkişafın ləngiməsi və s. aiddir. Xəstəliyin məktəbəqədər, məktəb yaşlı uşaqlarda və yeniyetmələrdə simptomları fərqli olur.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor müavini, pediatr Azər Əhmədovun sözlərinə görə, anadangəlmə və irsi xəstəlik olan kistik fibrozisin erkən aşkarlanması olduqca əhəmiyyətlidir: “Erkən diaqnostika xəstəliyin ağırlaşmasının qarşısını alır, vaxtında başlanmış müalicə isə müsbət klinik nəticələr əldə etməyə, xəstələrin həyat keyfiyyətinin yaxşılaşmaşına, uşaqlar arasında əlillik hallarının sayının azalmasına, ömürlərinin uzanmasına kömək edir. ‘Tər testi’ kistik fibrozis xəstəliyinin aşkarlanmasında dünyada ‘qızıl standart’ kimi qəbul edilən müayinə üsuludur. Ailə üzvləri kistik fibrozis xəstəliyinin daşıyıcısı və ya onlarda bu xəstəliyin əlamətləri olduqda iki həftədən sonra yenidoğulmuşda ‘tər testi’ aparılmalıdır. Diaqnoz tərdə xloridin konsentrasiyasının ölçülməsinə əsaslanır. 15-20 dəqiqə davam edən müayinə tam ağrısız yerinə yetirilir. Şübhəli hallarda isə əlavə müayinələr aparılır”.

Kistoz fibroz xəstəliyi ilə bağlı "tər testi"ndən əlavə bir sıra diaqnostik müayinələrin də aparılması Xidmətlər Zərfinə daxildir. Bura döş qəfəsi rentgenoqrafiyası, daxili orqanların ultrasəs müayinəsi, spirometriya, bronxoskopiya, döş qəfəsinin kompüter tomoqrafiyası, qanın ümumi analizi, qanın biokimyəvi analizi, bəlğəmin bakterioloji müayinəsi və başqa tibbi xidmətlər daxildir. Bundan başqa, kistik fibrozis zamanı stasionar terapevtik müalicə tələb edən xəstəliyin ağırlaşma halları da Xidmətlər Zərfi ilə təminata alınıb. Eyni zamanda kistoz fibrozis xəstələrinin stasionar müalicəsi üçün istifadə edilən geniş spektrli antibiotiklər, döş qəfəsi fizioterapiyası və vitamin terapiyası icbari tibbi sığorta çərçivəsində təmin edilir.

Məlumat üçün bildirək ki, kistik fibrozis xəstəliyinin yenidoğulmuşlar arasında erkən diaqnostikası eyni zamanda “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində icra olunan neonatal müayinələr (skrininq) vasitəsilə də aparılır. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həyata keçirilən bu müayinə yenidoğulmuşlarda kistoz fibrozla yanaşı fenilketonuriya, qalaktozemiya, adrenogenetal sindromu və hipotireoz kimi xəstəliklərin erkən mərhələdə aşkarlanmasını təmin edir.

Zəng sifariş et