29 Noyabr 2019 10:30

Vətəndaş cəmiyyəti tərəfindən icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən 2019-cu ilin avqust ayından başlayaraq ölkənin müxtəlif bölgələrində icbari tibbi sığorta sistemi haqqında həyata keçirilən maarifləndirmə tədbirləri başa çatıb. Maarifləndirmə tədbirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə təşkil olunub.
Tədbirlər ümumilikdə 19 rayon və şəhər  olmaqla - Bakı, Sumqayıt və Şirvan şəhərlərində, Şəmkir, Lənkəran, Lerik, Masallı, Şamaxı, İsmayıllı, Sabirabad, Zaqatala, Xaçmaz, Qax, Balakən, Ağdam, Ucar, Göyçay, Astara və Cəlilabad rayonlarında keçirilib.
Habelə Qax rayonunun  Əlibəyli, Şıxlar, İlisu kəndləri, Balakən rayonunun Tülü, Qaravəlli, Katex kəndləri, Ağdam rayonunun Quzanlı, Dördyol-1, Yüz evlər, Yeni İmamqulubəyli-1 qəsəbələri, o cümlədən rayonun Əhmədağalı, Çıraqlı kəndlərinin sakinlərinə  icbari tibbi sığorta sistemi haqqında məlumat verilib.
Müxtəlif formatlı tədbirlərdə (təlim, seminar, məlumatlandırıcı sessiya, dəyirmi masa, ictimai müzakirələr, teledebatlar) iştirak edən rayon və kənd sakinləri, azsaylı xalqların nümayəndələri, məcburi köçkünlər, fərdi sahibkarlar, yerli QHT-lərin və icmaların nümayəndələri, tibb işçiləri və azadlığa buraxılmağa hazırlaşan məhkumlar icbari tibbi sığortanın məqsədi və əhaliyə verəcəyi faydalar, xidmətlər zərfi, icbari tibbi sığorta haqqı və s. barədə məlumatlandırılıblar.
Tədbirlərin sonunda iştirakçıların sualları cavablandırılıb, onlara maarifləndirici buklet paylanılıb. QHT-lərin keçirdikləri görüşlər və tədbirlər yerli mediada geniş işıqlandırılıb. 
Qeyd edək ki, “İcbari tibbi sığorta barədə ictimai məlumatlılığın artırılmasına dair təşəbbüslər” mövzusu QHT-lərə Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsinə ilk dəfə olaraq cari ildə daxil edilib. Layihələrin qiymətləndirilməsi nəticələrinə görə 8 qeyri-hökumət təşkilatı qalib olub. “Pediatrik Kardiologiya və Revmatologiya”, “Yoluxucu Xəstəliklərlə Mübarizə”, “Hərbi Cərrahlar”, “Vətəndaş Maarifləndirilməsi”, “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi”, “Türkdilli Dövlətlərin İqtisadçıları”, “Sağlamlığa Xidmət” və “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birlikləri əhalinin icbari tibbi sığorta haqqında məlumatlılığının artırılmasında fəal iştirak ediblər.
Agentlik qalib gələn QHT-lərin icbari tibbi sığorta sistemi barədə məlumatlandırılması, əhaliyə ötürüləcək informasiyaların doğruluğunun təmin edilməsi, layihələrin effektivliyinin artırılması, beləliklə də uğurlu nəticələrin əldə olunması məqsədilə təşkilat və layihə rəhbərləri ilə görüş keçirib. 

 

Zəng sifariş et