25 Aprel 2022 18:03

Zaur Əliyev Qubada vətəndaşları qəbul edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev aprelin 25-də Quba Rayon Mərkəzi Xəstəxanasında Quba və Qusar rayon sakinlərini qəbul edib. Qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib.

Agentliyin Quba filialının rəhbəri, Quba və Qusar Rayon Mərkəzi Xəstəxanalarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 44 nəfərin müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi ilə bağlı olub. Vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bir sıra məsələlərlə bağlı edilən müraciətlər yerində həll olunub.Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qəbuldan sonra Agentliyin sədri Quba Rayon Mərkəzi Xəstəxanasında işlə təmin olunan 11 nəfər Vətən Müharibəsi iştirakçısı və şəhid ailə üzvləri ilə görüşüb. Daha sonra Quba Regional Perinatal Mərkəzinin şəraiti ilə tanış olan Z.Əliyev  tibb müəssisəsinin mövcud şəraitinin yaxşılaşdırılması və lazımi vasitələrlə təmin olunması istiqamətində işlərin görüləcəyini bildirib. 

Qeyd edək ki, vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğununun artırılmasına xidmət edir.

Zəng sifariş et