21 Aprel 2022 17:43

Münaqişədən zərər çəkmiş bölgələrdə ilkin səhiyyə xidməti gücləndirilir

21 aprel 2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə görüşüb. Görüşdə nümayəndəliyin “Sağlamlıq proqramı” üzrə meneceri Nassarullah Dar, sahə meneceri Sunay Mustafayeva, Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev və departamentin əməkdaşı Nigar Rüstəmova iştirak ediblər.

Görüş çərçivəsində Agentlik və BQXK arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun ümumi məqsədi fövqəladə hadisələrdən zərər çəkmiş ərazilərin mülki əhalisi və məcburi köçkün ailələrinə ilkin səhiyyə xidməti çərçivəsində keyfiyyətli və vaxtında müalicə-profilaktik yardımın göstərilməsinə dəstək olmaqdır. Bu məqsədlə Tərtər rayonunun Borsunlu və Sarov, Ağdam rayonunun Əfətli kəndində fəaliyyət göstərən kənd həkim məntəqələrində ilkin səhiyyə xidmətinin müasir standartlara uyğun təşkil edilməsi nəzərdə tutulur. Əsaslı təmir edilən həkim məntəqələri ilkin səhiyyə xidmətinin göstərilməsi üçün zəruri tibbi ləvazimat və tibbi sərfiyyat malları ilə təchiz ediləcək.

Memorandum çərçivəsində həmçinin kənd həkim məntəqələrində çalışan tibb işçilərinin bacarıqlarının artırılması məqsədi ilə təlimlər təşkil olunacaq.

Tədbirdə Agentliklə əməkdaşlıq çərçivəsində BQXK-nın dəstəyi ilə bölgələrdə icra olunan layihələr haqqında fikir mübadiləsi də aparılıb. Qeyd olunub ki, uğurlu əməkdaşlıq nəticəsində ötən il BQXK tərəfindən Ağdam rayonunun Əfətli, Əhmədağalı, Təzəkənd, Tərtər rayonunun Evoğlu, Borsunlu, Seydimli, Hüsənli, Sarov, Şuşa rayonunun Mirzələr kəndində yerləşən kənd həkim məntəqələri əsaslı təmir olunaraq istifadəyə verilib. İlkin səhiyyə xidmətinin göstərilməsi zamanı istifadə olunan lazımi tibbi ləvazimatlar BQXK tərəfindən həkim məntəqələrinə ianə edilib.

Zəng sifariş et