17 İyun 2022 10:11

Tibb ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş həkimlərimizin məzarlarını ziyarət ediblər

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır.

Bununla əlaqədar səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov və tibb ictimaiyyətinin digər nümayəndələri iyunun 17-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Tibb ictimaiyyətinin nümayəndələri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı Əziz Əliyevin və tanınmış elm xadimi Tamerlan Əliyevin məzarları önünə gül dəstələri qoyublar.

Daha sonra İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həkimlərin əziz xatirəsi anılıb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.

Zəng sifariş et