İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

Agentlik 15 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə isə “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik olan Agentlik əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentliyin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilib.

Agentliyin fəaliyyətinin məqsədi:

  • Əhalini icbari tibbi sığortaya cəlb etmək;
  • Xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək;
  • Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək;
  • Sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq;
  • İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etmək.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • İcbari tibbi sığorta sahəsində vahid siyasətin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
  • Əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək;
  • İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlər yaratmaq;
  • İcbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədi ilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;
  • İcbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək.

Agentliyin strateji planı:

Gələcəyə baxış

Əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etmək.

Agentliyin missiyası:

Zamanından və məkanından asılı olmayaraq sığorta olunanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək.

Agentliyin dəyərləri:

  • Şəffaflıq
  • Əlçatanlıq
  • Güvənlilik
  • Peşəkarlıq
  • Ədalətlilik

Pilot layihə

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanına əsasən Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018-ci il 16 fevral tarixli 1830 Fərmanına əsasən isə habelə Ağdaş rayonunda icbari tibbi sığorta pilot layihə şəklində 1829 tibbi xidməti əhatə edən baza zərfi əsasında həyata keçirilib. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşayış yeri üzrə Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında qeydiyyata alınmış Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada yaşayış yeri üzrə Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında qeydiyyata alınmış müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər, sözügedən ərazilərdə məskunlaşmış məcburi köçkünlər pilot layihə çərçivəsində icbari tibbi sığortadan faydalanmaq hüququna malik olublar.  1 aprel 2021-ci ildən icbari tibbi sığorta bütün ölkə ərazisini əhatə edir.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:

  • Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);
  • İlkin tibbi-sanitariya yardımı;
  • Ambulator şəraitdə müayinə və müalicə;
  • Stasionar müalicə;
  • Funksional-diaqnostik müayinələr;
  • Fizioterapevtik xidmətlər;
  • Laborator müayinələr;
  • Hamiləlik və doğuş xidməti;
  • Təcili vaksinasiyalar;
  • Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;
  • Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları).

Zəng sifariş et