29 Dekabr 2019 16:52

Agentlikdə tibb müəssisələrinin rəhbər heyəti ilə iclas keçirilib

29 dekabr 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (Agentlik) gələn ilin birinci rübündə icbari tibbi sığortanın tətbiq ediləcəyi 23 regionun tibb müəssisələrinin rəhbər heyəti ilə görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd rəhbər heyəti icbari tibbi sığorta sisteminin tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı məlumatlandırmaq olub. İclası giriş sözü ilə açan Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 2020-ci il ərzində icbari tibbi sığortanın ölkə üzrə mərhələli şəkildə tətbiqi və bu istiqamətdə görülən hazırlıq işləri barədə danışıb: “İcbari tibbi sığorta 4 mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə sizin rəhbərlik etdiyiniz tibb müəssisələrində tətbiq ediləcək. Bu baxımdan sizin üzərinizə böyük məsuliyyət düşür. İcbari tibbi sığortanın uğurlu tətbiqi üçün ilk növbədə xəstəxanada göstərilən tibbi xidmətlərin düzgün qeydiyyatı aparılmalıdır. Vətəndaşların tibbi xidmətlərə əlçatanlığı və tibbi xidmətlərin  peşəkar tibbi kadrlar tərəfindən göstərilməsi təmin edilməlidir”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı TƏBİB-in strukturu, tibb müəssisələrində mövcud olan çatışmazlıqlar və xəstəxanaların idarəedilməsində tətbiq ediləcək yeniliklər barədə danışıb. O bildirib ki, tibbi kadr potensialının artırılması istiqamətində atılan addımlar 3 il ərzində ölkədə tibbi kadr çatışmazlığı problemini aradan qaldırmağa yönəlib.
İclasda rəhbər heyətin sualları cavablandırılıb və görüləcək işlər müzakirə edilib.

Zəng sifariş et