26 Noyabr 2019 10:58

Agentlikdə Şura ilə birgə QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (Şura) ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) birgə keçirdiyi qrant müsabiqəsi ilə bağlı Agentlikdə QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub. 
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, “Regionlarda əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi” mövzusunda Şura ilə birgə keçirilən qrant müsabiqəsinin əsas məqsədlərindən biri də QHT-lərin daha səmərəli və faydalı nəticələrə səbəb olan layihələr icra etməsidir. Onun sözlərinə görə, 12 QHT-nin məlumatlandırma sessiyasında iştirak etməsi Şuranın Agentliklə birgə keçirdiyi müsabiqəyə olan marağın göstəricisidir.
A.Əhmədova tədbir iştirakçılarına icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinin hazırkı vəziyyəti, sistemin üstünlükləri və əhaliyə verəcəyi faydalar barədə ətraflı məlumat verib. O, QHT-ləri icbari tibbi sığorta ilə bağlı maarifləndirici çap məhsulları ilə təmin edəcəklərini deyib və onları sözügedən mövzu ilə bağlı maraqlı layihə təklifləri ilə çıxış etməyə çağırıb.
Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Şuranın 2020-ci ildə 18 dövlət orqanı və digər qurumlarla birgə 98 mövzunu əhatə edən qrant müsabiqəsi elan etməsinin mühüm yenilik olduğunu vurğulayıb. E.Behbud dövlət orqanları və digər qurumlarla birgə müsabiqənin keçirilməsinin QHT-hökumət əməkdaşlığını, qarşılıqlı etimadı və dialoqu daha da gücləndirəcəyini, QHT-lərin imkanlarını və layihələrin səmərəliliyini artıracağını deyib. Şura təmsilçisi bildirib ki, şəffaflığın daha da artırılması və ictimai nəzarətin gücləndirilməsi üçün birgə müsabiqələrin keçirilməsi münbit imkanlar açır. E.Behbud digər birgə qrant müsabiqələri kimi Agentliklə olan müsabiqəyə də ixtisaslaşmış QHT-lərin layihə ilə müraciət etməsinin məqsədəuyğun olduğunu qeyd edib.
Şuranın elektron xidmətlər və daxili nəzarət bölməsinin məsləhətçisi Elnur Bağırlı Şuranın SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminə daxil olan e-Ərizə xidmətindən istifadə qaydalarına dair videoçarxı tədbir iştirakçılarına təqdim edib.
Məlumatlandırma sessiyasında QHT-lərin qrant müsabiqəsi ilə bağlı sualları cavablandırılıb.

 

Zəng sifariş et