30 May 2018 12:08

“Ailə həkimi institutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu" mövzusunda tədbir keçirilib

30 may 2018-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) təşəbbüsü və Səhiyyə Nazirliyinin (SN) dəstəyi ilə Azərbaycan Tibb Universitetində (ATU) "Ailə həkimi institutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu" mövzusunda tələbə və rezidentlərlə görüş keçirilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının əməkdar həkimi, ATU-nun ailə təbabəti kafedrasının müdiri Mustafa Salihovun sözlərinə görə, səhiyyədə ailə həkimi institutunun rolunun gücləndirilməsinə ehtiyac var. O bildirib ki, ATU gələn ildən ailə həkimi ixtisası üzrə rezidentlərin təhsil almasını təmin edəcək. Rezidenturanı bitirənlər “Ailə həkimi” ixtisasına yiyələnəcəklər.

Kafedra müdiri həmçinin qeyd etmişdir ki, 2002-ci ildə ATU-da poliklinik terapiya kafedrasının bazasında ailə təbabəti kafedrası yaradılmışdır.

Daha sonra SN-nin Kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova ailə həkiminin fəaliyyət istiqamətləri, işinin təşkili və vəzifələri barədə görüş iştirakçılarına geniş məlumat verib. O, ailə həkiminin ilkin səhiyyə xidmətinin göstərilməsindəki rolundan bəhs edərək, gələcəkdə bu sahə üzrə kadrlara böyük ehtiyac duyulacağını qeyd edib.

Görüşdə İTSDA-nın Səhiyyə işinin təşkili departamentinin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova çıxış edərək, iştirakçılara icbari tibbi sığorta sistemi çərçivəsində ailə həkimi institutunun inkişafının vacibliyini bildirib, tələbələri bu sahənin gələcək perspektivləri və beynəlxalq təcrübəsi haqqında məlumatlandırıb. İlkin səhiyyə sisteminin inkişafı üçün Agentliyin həyata keçirtdiyi pilot layihə müddətində qazanılmış təcrübəni iştirakçılarla bölüşən Ş.İsmayılova, tələbələrə səhiyyənin yeni iqtisadi modelinin qurulmasında gənc kadrlara ehtiyac olacağını bildirib və bu sahə üzrə tələb olunan qaydalar haqqında məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Zəng sifariş et