17 Sentyabr 2019 11:49

Azərbaycan və İsrail arasında səhiyyə işinin təşkili və icbari tibbi sığortanın tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb

16 sentyabr 2019-cu ildə İsrailin Qüds şəhərinin Hadassah Tibb Təşkilatının direktoru Prof. Zeev Rotsteinin dəvətilə Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Soltan Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov vəTalassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov İsrailə səfər ediblər. Səfərin məqsədi iki ölkə arasında səhiyyə işinin təşkili və icbari tibbi sığortanın tətbiqi sahəsində təcrübə mübadiləsi aparmaq olub.

Səfər çərçivəsində nümayəndə heyəti Hadassah Universitetinin Ein Kerem Xəstəxanasında olublar. Ein Kerem Hadassah Universitet Xəstəxanasının direktoru tərəfindən tibb müəssisəsinin fəaliyyəti haqqında qonaqlara ümumi məlumat verilib. Çıxışın davamı olaraq hematologiya, sümük iliyi transplantasiyası və immunterapiyası, talassemiya, anesteziologiya, reanimasiya, ürək xəstəlikləri departamenti və şöbələrinin professorları ixtisasları üzrə ən son yeniliklər və təcrübələr haqqında məruzə ediblər. İnteraktiv şəkildə davam edən görüşlərdən sonra ölkəmizin nümayəndə heyəti Hadassah Tibb Mərkəzinin onkologiya, hematologiya, kardiologiya, sümük iliyi transplantasiyası və immunterapiyası şöbələri və əməliyyat bloku ilə də əyani tanış olub və ixtisaslı professorlarla fikir mübadiləsi aparıblar.

Sonda Kupat Cholim Chalit (İsraildə tibbi xidmətlərin göstərilməsində ixtisaslaşmış ən iri təşkilatlardan biri) nümayəndələri ilə qarşılıqlı şəkildə icbari tibbi sığorta sistemi haqqında müzakirələr aparılıb. Agentliyin nümayəndəsi Şükür Eyvazov öz növbəsində 1 yanvar 2020-ci ildən etibarən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi, Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihə çərçivəsində həyata keçirilən icbari tibbi sığortanın müsbət nəticələri haqqında geniş məlumat verilib.

Zəng sifariş et