30 Mart 2021 16:02
1 apreldən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək
1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək. Belə ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.
Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir.
Vətəndaşlar Xidmətlər Zərfindən yararlanmaq üçün səhhətində yaranan narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir. Bunun üçün vətəndaşlar ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət edərək “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”na uyğun olaraq ailə həkimini seçməlidir. Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsi qeydiyyatçıya təqdim edilməlidir.
Ölkədəki pandemiya ilə əlaqədar bəzi dövlət səhiyyə müəssisələri koronavirusla mübarizəyə ayrılmışdır. Belə ki, həmin tibb müəssisələri hazırda digər tibbi xidmətləri göstərmirlər. Bunu nəzərə alaraq, Agentlik müştərək maliyyələşmə məbləğinin toplanılmasının 2022-ci ilin 1 yanvar tarixinədək təxirə salınması barədə müvafiq dövlət qurumuna müraciət etmişdir.
Xatırladaq ki, “Tibbi sığorta haqqında” Qanuna əsasən müştərək maliyyələşmə məbləğinin ödənilməsi ilkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə, eləcə də vətəndaşın yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət olunduqda tətbiq edilir.
Qeyd edək ki, bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır. Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2021-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır. Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində yerləşdirilən kalkulyatordan istifadə etməklə əməkhaqlarından və ya gəlirlərindən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablaya bilərlər.
İcbari tibbi sığorta ilə bağlı ətraflı məlumatla Agentliyin rəsmi internet səhifəsindən və qurumun sosial şəbəkələrdəki səhifələrindən tanış olmaq olar. Həmçinin vətəndaşlar icbari tibbi sığorta ilə bağlı müraciətlərini Agentliyin “1542” nömrəli Çağrı mərkəzinə, info@its.gov.az elektron poçt ünvanına, qurumun sosial şəbəkələrdəki səhifələrinə və ya TƏBİB-ə (info@tabib.gov.az) ünvanlaya bilərlər.
Xəbərlər
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edib
23 Fevral 2024 17:00