21 Aprel 2017 11:06

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssislərinin Rusiya səfəri başa çatıb

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mütəxəssisləri Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin dəvəti ilə aprelin 19-u və 20-də Moskva şəhərində işgüzar səfərdə olublar.

Agentliyin direktorunun müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyətini Rusiya Federasiyasının səhiyyə nazirinin müavini D. V. Kostennikov qəbul edib. Nazir müavini görüşdə Rusiyada icbari tibbi sığortanın tətbiqi təcrübəsi haqqında geniş məlumat verdi. İcbari tibbi sığorta sistemi çərçivəsindən vətəndaşlara göstərilən xidmətlər, onların əlçatanlığı, dəyərinin hesablanması və göstərilən tibbi xidmətlərin keyfiyyətinə nəzarət sistemləri sahəsində Rusiya Federasiyasında mövcud qanunvericilik bazası haqqında məlumat verərək, Azərbaycan Respublikası İTSDA ilə mümkün əməkdaşlıq istiqamətləri haqqında da söhbət açdı.

Agentliyin direktoru müavini Nigar Bayramova Prezidentin sərəncamı ilə 2017-ci ildən Azərbaycanda tətbiq edilən icbari tibbi sığortanın pilot layihəsinin gedişatı haqqında məlumat verib.

Səhiyyə Nazirliyinin və Rusiya Federasiyasının icbari tibbi sığorta fondunun nümayəndələri İTS proqramı və tibbi xidmətlər, sığorta ödənişləri və vergilər, tibbi xidmətlərin ödənişi, tibb müəssisələri və onların fəaliyyətinə nəzarət, İTS üzrə məlumatların toplanma və təhlili və sair istiqamətlərdə Azərbaycan heyətini maraqlandıran sualları cavablandırdılar. İTS tətbiqi ilə əlaqədar mümkün çətinliklər və onların aradan qaldırılması sahəsində Rusiya Federasiyasının təcrübəsi haqqında ətraflı məlumat verildi.

Görüşün yekununda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Rusiya Federasiyasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Fondu arasında gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Zəng sifariş et