25 Noyabr 2019 17:03

İcbari tibbi sığortanın 2020-ci ildə ölkə üzrə mərhələli şəkildə tətbiqi təklif olunur

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə əlaqədar təkliflərini hökumətə təqdim edib. İcbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, Agentlik 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir.

Təklifə əsasən, birinci mərhələdə 1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığorta 23 regionda tətbiq olunacaq. Qeyd olunan regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax daxildir. İlkin mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək. Eyni zamanda 1 yanvar 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının ərazisində icbari tibbi sığorta tətbiq ediləcək.  Muxtar Respublikada icbari tibbi sığortanın tətbiqini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  həyata keçirir. 

İkinci mərhələdə, 1 aprel tarixindən 21 region – Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi,  Füzuli, Beyləqan, Xocavənd, Xocalı, Laçın, Kəlbəcər sözügedən sistemə qoşulacaq. Belə ki, bu regionlarda yaşayan ölkə əhalisinin 24.60 faizi icbari tibbi sığortanın xidmətlər zərfindən yararlanacaq.

Üçüncü mərhələdə,  1 iyul tarixindən etibarən 15 regionda - Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul, Şirvan, Sabirabad və Cəbrayılda icbari tibbi sığorta tətbiq olunacaq. Sözügedən regionlarda ölkə əhalisinin 19.53 faizinə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmət göstəriləcək. 

Dördüncü mərhələdə, 1 oktyabr tarixindən etibarən  Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək. Bu isə ölkə əhalisinin 32.05 faizini təşkil edir.

Məlumat üçün bildirək ki, regionlar üzrə əhalinin sayı 2018-ci ilin statistikasına istinadən verilib və göstəricilərin hesablanması zamanı Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı nəzərə alınmayıb. 
Mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək.

Nəzərinizə çatdıraq ki, Agentlik sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusunu (xidmətlər zərfi) hazırlayıb. Sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Zərfə təxminən 3000-ə yaxın tibbi xidmətlər daxildir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən xidmətlərin siyahısı təsdiqləndikdən sonra Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.
 

Zəng sifariş et