19 Oktyabr 2016 14:46

Mingəçevir şəhərində İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib

Oktyabrın 19-da Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) Mingəçevirdə İcbari Tibbi Sığorta Sisteminin (İTS) tətbiqi ilə əlaqədar şəhər sakinləri ilə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, bugünkü tədbiri ölkədə İcbari Tibbi Sığortanın tətbiqi kimi qiymətləndirmək olar: “Tibbi xidmətlərin keyfiyyətini artıracaq layihənin başlanğıc nöqtəsində dayanmaq Mingəçevir şəhəri üçün qürurvericidir”.

İTSDA direktoru Zaur Əliyev qeyd edib ki, İcbari Tibbi Sığorta hökumətin sosial siyasətinin yeni istiqamətidir:

“Mingəçevir iqtisadi potensialı olan şəhərdir. İqtisadi imkanların yüksəlməsi əhalinin həyat səviyyəsinə, o cümlədən səhiyyə xidmətlərindən istifadəsinə də təsir göstərir. Mingəçevirin icbari tibbi sığortada pilot seçilməsi də şəhərin iqtisadi imkanlarına, Azərbaycan iqtisadiyyatında oynadığı rola bağlıdır”.

Agentlik direktoru vurğulayıb ki, prezident cənab İlham Əliyevin tapşırığına əsasən, ölkə vətəndaşlarının daha keyfiyyətli tibbi xidmətlərlə təmin olunması, əhalinin sağlamlığının qorunmasına İcbari Tibbi Sığorta öz töhfəsini verməlidir.

Daha sonra Zaur Əliyev İcbari Tibbi Sığortanın baza zərfi haqqında söhbət açıb. Zərfə təqribən 1800-dən artıq müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Lakin dövlət proqramları tərəfindən dəstəklənən bir sıra xəstəliklərin müalicəsi İTS-in baza zərfinə daxil edilməyib. Gələcək illərdə həmin xəstəliklər üzrə də təminat vermək nəzərdən keçirilir: Agentlik direktoru qeyd edib ki, İTS-in pilot rayonlarda tətbiqi başa çatdıqdan sonra mərhələli şəkildə bütün ölkə ərazisində tətbiq olunacaq”.

Səhiyyə Nazirliyinin nümayəndəsi Viktor Qasımov qeyd edib ki, Mingəçevirin səhiyyə sistemində islahatlar aparılıb. O bildirib ki, İTS-in tətbiqi yeni maliyyə mənbələrinin yaradılmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və pilotun uğurlu nailiyyətlərinin bütün Azərbaycan ərazisində yayılmasına dəstək verəcək.

Millət vəkili Musa Urud qeyd edib ki, dünyada tətbiq edilən İTS-in 200 ildən çox yaşı var. İTS səhiyyənin maliyyələşməsinin ən optimal yoludur.

Millət vəkili Məlahət İbrahimova qeyd edib ki, İTS-in tətbiqi sosial islahatların aparılmasını tələb edir. Onun firkincə, İTS həkimlərin daha səylə işləməsinə səbəb olacaq və bu sistem səhiyyənin maliyyə potensialını artırmağa kömək edəcək.

İTSDA-nın şöbə müdirləri İsa Əliyev və Vüqar Qurbanov əhalinin suallarını cavablandırıblar.

Zəng sifariş et